Yamnaya mədəniyyəti (rus. Ямная культура) və ya Yamna mədəniyyəti (rus. Ямна культура) — Eneolit dövründən başlayaraq Erkən Tunc dövrünə qədər e.ə 3300–2600-cü illər arasında Şərqi Avropada (Ural çayı, Dnestr və Cənubi Buq), Britaniya və Qərbi Avropada isə e.ə 1700-cü ilə qədər mövcud olmuş xalqların yaratmış olduğu arxeoloji mədəniyyətdir.[1][2][3] Bu arxeoloji mədəniyyət kurqan otaqlarının çuxur formasında olmasına görə Çuxur Məzar (Pit Grave) və Oxra Məzar (Ochre Grave) olmaqla 2 yerə ayrılır.[4]
Yamnaya mədəniyyəti e.ə 3300-2600-cü illər arasında Don-Volqa regionunda mövcud olmuş və Don mənşəli Repin ve Volqa mənşəli Xvalnitsk mədəniyyəti ilə oxşarlıq təşkil edir.[5][6][3]
Antropoloq Devid Antoniyə görə proto Yamnaya mədəniyyəti Pont çöllərində E.ə 4000-3200-cü illər arasında sürətlə yayılmışdır.[7] Bu yayılma eyni zamanda Hind-Avropa tayfalarının və dillərinin bu regionda yayılmasına gətirib çıxarmışdır.[8] Pavel Doluxanova görə isə Yamna mədəniyyətinin yüksəlişi Tunc dövrü cəmiyyətlərindəki sosial irəliləyişi nümayiş etdirir.[3][9][10]
Mədəniyyət qərbdə Katakomba mədəniyyəti (e.ə. 2800–2200), şərqdə - Volqa ətrafında isə Politavka mədəniyyəti (e.ə 2700–2100) tərəfindən davam etdirilmiş, bu iki mədəniyyət isə e.ə XVIII-XII əsrlər arasında öz yerlərini Srubna mədəniyyətinə buraxmışdırlar.[11]
Qafqaz xalqlarının köç tarixini üzə çıxarmış Berlin Arxeologiya Universitetinin professoru Sabina Reynold tapıntıları barədə bunları demişdir:
Müasir dövrdən 2-3 min il əvvəl Şimali Qafqaz ərazisində yaşayan bütün xalqların mədəniyyətləri fərqli olsa da, genetik olaraq bir-birilərinə çox oxşar olmuşdurlar. Başa düşülən budur ki, onların mədəni xüsusiyyətləri qan qohumluğundan daha əhəmiyyətli olmuşdur.[12] |
Arxeoloqlar Qafqazda yaşayan xalqların əcdadlarının bu əraziyə təxminən, 5-8 min il əvvəl gəldiklərini zənn edirlər.[13][14] Bu region uzun bir müddət müxtəlif xalqların miqrasiyalarının əsas yollarından biri olmaqla bərabər, Rusiya və digər Avropa ölkələrinin müasir sakinlərinin əcdadları üçün Avropaya açılmış pəncərə olmuşdur.[15][16][17][18]
Buna görə də, danimarkalı arxeoloqlar uzun müddətdir ki, Qafqaz xalqlarının genetik yaddaşında bu miqrasiyaların izlərini tapmağın mümkün olacağını zənn edirdilər.[19][2] Bu fikrə əsasən, bəzi vəziyyətlərdə mədəniyyətlər zamanla böyük dəyişikliklərdən keçsə də, xalqların genlərində bu tarix əks olunmalıdır. Bu çərçivədə danimarkalı alimlər Cənubi Qafqazın digər xalqları ilə ermənilərin əcdadlarının əslində heç dəyişmədiyini sübut etmişdirlər.[20][21]
Reynold və Rusiyanın məşhur paleogenetik mütəxəssislərinin də iştirak etdiyi qrup müasir dövrümüzdən təxminən, 3-6 min il əvvəl bu regionda yaşayan 4 nəsil əkinçi və maldarların genlərini analiz edərək Şimali Qafqaz xalqlarını Avropa və Asiyanın keçmiş insanları ilə əlaqələndirən son dərəcə qəribə və gözlənilməz sirləri ortaya çıxarmışdırlar.[22][23]
Fərqli tarixi zamanlarda dağlarda yaşayan insanların aralarındakı qohumluq əlaqələrinin izi ilə gedən alimlər Qafqazın keçmiş əhalisini miqrasiya etməyə məcbur qoymuş səbəbləri və Rusiyanın qonşuluğundakı respublikaların müasir sakinlərinin DNT-lərində hansı izlərin qaldığını tapmağı ümid edirlər.[14] Bu çərçivədə aparılan qarşılaşdırmalar gözlənilməz nəticələr üzə çıxarmışdır.[24] Məsələn, Daş dövründə Qafqaz xalqları arasında mövcud olan genetik “sərhəd” müasir dövrdə olduğu qədər dərin olmamış və Rusiya ilə Qafqaz ekosistemini ayıran xətt boyunca uzanmışdır.[19][25] Bunun nəticəsində alimlər Qafqazda yaşayan və arxeoloqların bir-birinə yad hesab etdiyi xalqların əslində yaxın qohum olması faktını üzə çıxarmışdırlar. Bu xalqlar coğrafi baxımdan bir-birinə yaxın olsalar da, təmasda olmamışdırlar. Lakin özlərindən çox uzaq yerlərdə yaşayan xalqlar ilə münasibətlər yaratmışdırlar.[26][22][2]
Tunc dövrünün əvvəllərində şimal-qərbi Qafqazda yayıldığı zənn edilən məşhur Maykop mədəniyyəti buraya arxeoloqların bu günə qədər düşündüyü kimi Mesopotomiyadan gəlməmişdir.[27][28] Onlar əslində, Avrasiyanın cənub xalqları ilə münasibətləri olmayan yerli, xüsusi qrupu olmuşdurlar.[29][30][26] Daha qəribə olan fakt isə onların DNT-sində qırmızıdərili və Sibirin müasir xalqlarının əcdadları ilə əlaqələrini göstərən faktların üzə çıxmasıdır.[31][32] Oxşar bir formada Qafqazın şərq sərhədlərində yaşayan Yamnaya mədəniyyəti də Avropanın qədim cənub və cənub-şərq xalqları və onların müasir nümayəndələri ilə qohum olmuşdur.[33][34][35][36][37]
Professor Reynold və həmkarlarının fikirlərinə görə, Yamnaya mədəniyyətinin daşıyıcılarının müasir Avropa xalqlarının ataları və Qafqaz xalqları arasındakı münasibətləri kəşf etməsi tarixi baxımdan ən sirli və diqqətçəkən tapıntılardan biridir.[38][39] Bu münasibətlər Hind Avropa dillərinin meydana gəlməsinə dair “Xəzər” nəzəriyyəsini gücləndirir və bu ilk dilin ana vətəninin Qafqazın ən cənubunda ola biləcəyini nümayiş etdirir.[7][38][40][41][42]
Vikianbarda Yamnaya mədəniyyəti ilə əlaqəli mediafayllar var. |