Zəkəriyyə Məhərrəm oğlu Məmmədov (29 iyun 1937, Ordubad – 21 iyul 2020) — professor, biologiya elmləri doktoru (1993).[1]
Zəkəriyyə Məmmədov | |
---|---|
Zəkəriyyə Məhərrəm oğlu Məmmədov | |
![]() | |
Doğum tarixi | 29 iyun 1937(1937-06-29) |
Doğum yeri | |
Vəfat tarixi | 21 iyul 2020(2020-07-21) (83 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | biologiya-zoologiya |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Təhsili | |
Üzvlüyü | |
![]() |
Zəkəriyyə Məhərrəm oğlu Məmmədov 29 iyun 1937-ci ildə Ordubad rayonunda anadan olmuşdur. Anası Məmmədova Səkinə Zəkərya qızı evdar qadın olub. Atası Məmmədov Məhərrəm Böyük Vətən müharibəsində həlak olub. 1964-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir.[2]
Zəkəriyyə Məmmədov 1960-cı ildən AMEA Zoologiya İnstitutunda əvvəl baş laborant, sonra isə kiçik elmi işçi vəzifəsində işləmişdir. 1971-ci ildən böyük elmi işçi, 1994-cü ildən baş elmi işçi, 2006-cı ildən 2016-cı ilə qədər “Faydalı həşəratların introduksiyası və bioloji mübarizənin nəzəri əsasları” laboratoriyasının müdiri, 2007-ci ildən 2017-ci ilə qədər isə Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir.[3]
Zəkəriyyə Məmmədov 1965-ci ildə Entomologiya ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspirantı olmuş, 1969-cu ildə "Naxçıvan MR şəraitində meyvə bitkiləri zərərvericilərinn parazitləri" mövzusunda namizədlik dissertasiyasını (Bakı), 1993-cü ildə isə "Azərbaycanda meyvə bitkilərinə zərərverən pucuqluqanadlıların parazitləri və onlardan bioloji mübarizədə istifadə olunma yolları" mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə etmişdir.
Z. M. Məmmədov institutda işlədiyi dövrdə AMEA-nın və keçmiş SSRİ EA proqramlarına daxil olan bir neçə elmi tədqiqat mövzularının yerinə yetirilməsində iştirak etmişdir. Onlardan, "Azərbaycanda meyvə zərərvericilərinin entomofaqları", "Azərbaycanda alma güvəsinə qarşı bioloji mübarizədə ageniaspis parazitinin arealdaxili köçürülməsi", "Azərbaycanın Mil-Muğan zonasında pambıq sovkasının sayının tənzimlənməsində entomofaqların və entomopatogen mikroorqanizmlərin rolu", "Böyük Qafqaz zonasında bağ və meşə bitkilərinə zərərverən sovkalar, onlardan ən başlıca zərərverənlərə qarşı mübarizə tədbirlərinin elmi əsaslarının işlənib hazırlanması", "Azərbaycanın meşə senozlarında ksilofaqlar və onların sayının biotənzimlənməsində parazit və yırtıcı həşəratların rolu", "Azərbaycanda meyvə bitkilərinə zərərverən böcəklərin entomofaqları", "Böyük Qafqaz bölgəsində meyvə və meşə ağaclarına zərərverən uzunburun böcəklərin bioekoloji xüsusiyyətləri və parazitləri", "Böyük Qafqaz bölgəsində meyvə və meşə ağaclarının zərərvericilərinə qarşı bioloji mübarizədə entomofaqların arealdaxili köçürülməsi" və s.
Z. M. Məmmədov 1965-ci ildən indiyə kimi Azərbaycanın bölgələrində meyvə və meşə ağaclarının zərərvericiləri və onların entomofaqlarının müxtəlif aqrosenozlarda yayılmasını, qida əlaqələrini, bioekoloji xüsusiyyətlərini, zərərvericilərin parazit və yırtıcılarını aşkar etməklə, onlara qarşı bioloji mübarizənin elmi əsaslarını işləyib hazırlamışdır. Tədqiqatlar əsasında alınan nəticələr kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizədə tətbiq edilmişdir. Çoxillik tədqiqatlar nəticəsində meyvə bitkilərinə zərər verən 74 növ pulcuqqanadlı aşkar edilmişdir ki, bunlardan 16 növü Azərbaycan faunası üçün ilk dəfə qeyd olunur. Müəyyən edilmişdir ki, pulcuqqanadlıların 59 növü tumlu bitkilərə, 15 növü isə çəyirdəkli bitkilərə zərər verir. 10 növ zərərli pulcuqqanadlının 79 növ parazit cücü tərəfindən yoluxduğu aşkar edilmişdir. Parazitlərin 29 növü Azərbaycan faunası üçün ilk dəfə göstərilir. İlk dəfə olaraq Azərbaycanda 56 növ parazitin sahibi aşkarlanmışdır, bunlardan 12 növü Zaqafqaziya, 14 növü isə, keçmiş SSRİ ərazisi üçün yenidir. Zərərli pulcuqqanadlılara qarşı mübarizədə tətbiq olunmaq üçün 19 növ parazitin bioekoloji xüsusiyyətləri və yoluxduruculuq fəaliyyəti daha ətraflı verilmişdir. İlk dəfə olaraq alma və zolaqlı meyvə güvəsinə qarşı 3 növ parazitin laboratoriya şəraitində cənub anbar odlucası üzərində çoxaldılma yolları ageniaspis parazitinin isə alma güvəsinə və 2 növ yırtıcı həşəratın (suntomis, kolosoma) tək ipəksarıyana qarşı mübarizədə arealdaxili köçürmə üsulları işlənib hazırlanmış və tətbi olunmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə tövsiyə kimi təqdim edilmişdir.
Azərbaycanın Mil- Muğan zonasında pambıq sovkasının sayının tənzimlənməsində entomofaqların pambıq sovkasına qarşı inteqrasiya mübarizə üsulu təklif edilmişdir. İlk dəfə olaraq Azərbaycanda meşə ağaclarına zərərverən 37 növ ksilofaq və onları məhv edən 35 növ entomofaq aşkar edilmişdir ki, onlardan 7 növ ksilofaqın və 4 növ entomofaqın bioekoloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti öyrənilmişdir. 19 növ parazitin zərərvericilərə qarşı bioloji mübarizədə istifadə edilmsinin mümkünlüyünü qeyd etmişdir. Z. M. Məmmədov 95-ə yaxın elmi əsərin, o cümlədən 1 monoqrafiyanın (Azərbaycanda meyvə bitkilərinə zərərverən pulcuqluqanadlıların parazitləri və onladan biloji mübarizədə istifadə olunma yolları), 4 kitabçanın müəllifidir. Onun elmi və pedaqoji kadrların yetişdirilməsində xüsusi xidmətləri var. Hal-hazırda onun rəhbərliyi altında 5 aspirant müdafiə etmiş, 4 dissertant fəlsəfə doktoru və 1 dissertanat elmlər doktoru dissertasiyaları üzərində işləyir. O, 2003-cü ildən ADPU-nin biologiya fakültəsinin əyani və qiyabi şöbələrində bakalavr və magistrlərə ümumi entomologiyadan, ekoloji parazitologiyadan mühazirələr oxuyur və praktik təcrübə məşqələləri aparır. Respublikamızda və ondan kənarda simpozium və konqreslərdə dəfələrlə məruzə ilə çıxış etmişdir. Zoologiya elminin təbliğində və ətraf mühitin çirklənməsinin qarşısının alınmasında fəal iştirak etdiyinə görə, bir neçə dəfə "Maarifçilik və Bilik" cəmiyyəti tərəfindən tərifnamələrlə mükafatlandırılmışdır.
2004–2005-ci illərdə Respublikamızın meşə ərazilərində ziyanverici həşəratların kütləvi artımının qarşısının alınmasında dəyərli elmi və praktiki əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsində fəal iştirak etdiyinə görə AMEA Rəyasət Heyətinin və Azərbaycan Ekologiya və Təbii sərvətlər Nazirliyinin Fəxri fərmanları ilə təltif edilmişdir. Elmi-tədqiqat işlərinin müasir səviyyədə yerinə yetirilməsinə görə institutun müdrəyiti tərəfindən dəfələrlə mükafatlandırılmış və "Əmək Veteranı" medalı ilə təltif edilmişdir. 2003-cü ildən AMEA Zoologiya İnstitutunda dissertasiya müdafiə şurasının üzvüdür.