Ziyəddin Keşəli — Azərbaycanlı aşıq. Türkiyədə çəkilən "Ölü ekmegi" filmində Aşıq Şennik babanın rolunda çıxış etmişdir
Ziyəddin Keşəli | |
---|---|
Ziyəddin Məhəmməd oğlu Əliyev | |
Təxəllüsü | Keşəli |
Doğum tarixi | |
Doğum yeri | Kürüstü Keşəli kəndi, Marneuli rayonu, Gürcüstan |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat səbəbi | Uzun sürən ağır xəstəlik |
Dəfn yeri | Keşəli kəndi, Marneuli rayonu, Gürcüstan |
Vətəndaşlığı | Gürcüstan |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Aşıq |
Fəaliyyəti | Aşıq sənəti |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | Aşıq sənəti |
Janrlar | Şeir, dastan |
Tanınmış əsərləri | "Ruhani ruha dərmandı", "Telli sazdı yarım mənim", "Ustad nəfəsi" |
1950-ci il, 20 sentyabr tarixində Gürcüstanın Marneuli rayonunun Kürüstü Keşəli kəndində anadan olmuşdur. O, Borçalı aşıq məktəbinin tanınmış ustadlarından biri kimi yadda qalmışdır. Aşıq sənətinə olan marağı ona atası Məhəmməd Yusif oğlu aşılamışdır. Atasının oxuduğu "Qaraçı", "Məmmədbağırı" və "Mansırı" kimi aşıq havaları Ziyəddində bu sənətə böyük həvəs oyatmışdır.
Ziyəddin Keşəli, Aşıq Xındı Məmməd və Aşıq Kamandar kimi məşhur aşıqlardan dərs almış, sənətini daha da inkişaf etdirmişdir.
1983-cü ildən Marneuli şəhər mədəniyyət evində fəaliyyət göstərmiş, bir çox incəsənət festivallarında iştirak etmiş və dəfələrlə laureat adına layiq görülmüşdür. 1997-ci ildə qırmızı diplomla, 2001-ci ildə isə "Şərəf" ordeni ilə təltif olunmuşdur. 2004-cü ilin may ayında ümumdünya festivalında iştirak edərək yenidən qırmızı diplom almışdır.
Ziyəddin Keşəli bir neçə şagird yetişdirmişdir, onların arasında Aşıq Orxan Keşəli, Aşıq Orxan Yırğançaylı, Aşıq Səhman Qarayazılı və Aşıq Tərxan Keşəli var. Onun "Ruhani ruha dərmandı", "Telli sazdı yarım mənim" və "Ustad nəfəsi" adlı üç kitabı nəşr edilmişdir. Bu kitablarda aşığın şeirləri, divanilər, qoşmalar və digər şeir nümunələri yer alır. 2001-ci ildə "Əmrah və Səlbinaz" dastanını ifa edərək geniş dinləyici kütləsinin diqqətini cəlb etmişdir.[1]
Ziyəddin Keşəli, 2018-ci ildə Türkiyədə çəkilən "Ölü ekmegi" filmində Aşıq Şennik babanın rolunda çıxış etmişdir. Uzun sürən ağır xəstəlikdən sonra o, 2025-ci ilin yanvar ayında vəfat etmişdir və 18 yanvar tarixində doğulduğu kənddə torpağa tapşırılmışdır.[2]