
Əslində nə baş verdiyi hamıya çoxdan məlumdur. Üstəlik, hər şey də gün kimi aydındır.
Sadəcə insanlar rəsmi açıqlama, təfərrüat gözləyirlər. Və o da olacaq!
İndiki məqamda isə deyə biləcəyimiz budur: İttiham son dərəcə ağır ittihamdır, məsələ sıradan bir məsələ deyil və əgər məhkəmə həbslə bağlı (ev dustaqlığı olsa belə) qərar verdisə, DTX hərəkətə keçdisə, qəfil istintaq başladısa, demək ki, qarşıda çox ciddi hadisələrə şahidlik edəcəyik.
Burası, dəqiqdir.
Ayrıca...Mehdiyev neylədisə özü - özünə elədi, özü - öz quyusunu qazdı və bitməyən ambisiyasının, hikkəsinin ucbatından son mismarı da elə məhz özü - öz alnının tən ortasına vurdu.
Və gedişat da onu göstərir ki, adam vəzifədən gedəndən sonra qətiyyən rahatlaşmayıb, nəvələri, nəticələri ilə gün keçirmək, oynamaq əvəzinə - hansısa məkrli qrupların əlinə oynayıb, dövlət içində dövlət yaratmağa çalışıb, ara qarışdırıb, mafiya qurub, öz əlaltılarına mütəmadi tapşırıqlar, təlimatlar verib, Azərbaycan əleyhinə işlər çevirib.
Halbuki onun qarşısındakı yollar - üstəlik, bu ahıl çağında - çox aydın haçalanırdı.
Ya millətinə, dövlətinə, rəhbərinə daim sədaqətli olub, hörmətli sonu haqq edəcəkdi...
Ya da xəyanət xəttini tutaraq, rəzalət və utanc dolu həyat yaşamağı...
O, ikincini seçdi.
***
Mətbuatdan oxudum: “Söyüş müxalifəti”nin maliyyələşməsində də adı keçir.
İnanın, təsdiqini tapsa, qətiyyən heyrətlənmərəm!
Çünki ələlxüsus, son 6 ildə sərgilədiyi davranışı ilə Mehdiyev sübut etdi ki, o, pislik, yamanlıq və xəyanət mövzusunda - hər şeyə qadirdir!
Mehdiyev elə personadır ki, onun əsl simasını vəzifəsizlik, səlahiyyətsizlik, statussuzluq açdı!
Həm də yalnız simasını deyil, bir çox gizlinləri!
Mehdiyev elə bir obrazdır ki, onun taleyi bütün yolundan azanlara dərs olmalıdır!
Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq!
Mehdiyev elə bir adamdır ki, onun “çete”sinə daxil olanlar, onun tapşırığı ilə dövlətə qarşı çıxanlar, istənilən neqativ hərəkətdə bulunanlar, “5-ci kolon” və ya digər qruplaşmaların içində qərarlaşanlar, hansısa başqa ölkənin maraqlarına xidmət edənlər dərhal tapılmalı, üzə çıxarılmalı və məsuliyyətə cəlb olunmalıdır! Həm də dərhal!
Və sonda.
Dünən dostlar dedi.
Daim üzərlərinə getdiyim radikallar, “söyüş müxalifəti” və bir sıra “xəyalbazlar” məni də mövzunun gözünə qataraq Ramiz Mehdiyevin adamı kimi göstərməyə, “tutar qatıq - tutmaz ayran” prinsipi ilə fürsətçillik eləməyə çalışıblar.
Əslində, gülüb üstündən keçiləsi mövzudur. Gerçəkdən.
Ona görə, heç bu məsələyə toxunmayacaqdım.
Sadəcə sonradan düşündüm, bir dəfə də olsa publik cavab verilməlidir ki, hər kəs real həqiqətlərdən agah və hali olsun!
Əvvəla, təxminən, 10 il əvvəlki açıqlamama istinad edərək yazırlar ki, Mehdiyevi filan vaxt müdafiə etmisən. Amma demirlər, kimdən?!
– Odur ki, özüm deyim: Radikal müxalifətdən, qaragüruhçu ünsürlərdən, “Milli Şura”nın “banda”sından. Çünki həmin vaxt Mehdiyev dövlətin ən böyük postlarından birini tuturdu, ona böyük etimad göstərilmişdi və... Haqqında danışdığım qaragüruh, ünsür yığını Administrasiyanı, oranın əməkdaşlarını hədəfə alarkən, mən həmin Administrasiyaya Mehdiyevin deyil, Prezidentin Administrasiyası kimi baxırdım, bu gün də elə baxıram və nəinki Administrasiyaya, istənilən dövlət qurumuna qarşı məlum - total hücumlar təkrarlansa, yenə sinəmi qabağa verəcəyəm və vuruşacağam.
İkincisi... Bu dövlətin 50 dənə qurumu var ki, onların əlində kimin kim olduğunu müəyyənləşdirmək maksimum iki dəqiqəlik işdir və... Ona görə biləsiniz ki, hansısa insan, siyasətçi, vəzifə sahibi haqda rəy(lər) də kimlərinsə yatıb yuxuda gördükləri ilə deyil, tutarlı, tutumlu əsaslarla formalaşır.
Üçüncüsü... Mən, 19 yaşımdan bu yana radikallarla, “söyüş müxalifəti” ilə, dövləti sütunundan sarsıtmaq istəyən FETÖ tör - töküntüləri ilə döyüşürəm. Və əlbət, onlar da məni davamlı “vurmağı” özlərinə “həyat kredosu” seçiblər və məlum istiqamətdə əllərindən gələni heç zaman “əsirgəməyiblər”. Amma yenə yanlış ünvana fokuslanıblar və fiaskoya məhkumdurlar! Çünki mən - Elşən Musayev, bəlkə də uzun illər siyasətlə məşğul olan tək - tük adamlardan biriyəm ki, həyatım boyunca bircə dəfə də olsun, nə Ramiz Mehdiyevlə yolum kəsişib, nə onunla telefonla danışmışam, nə köməkçisinə zəng edib görüş istəmişəm, nə bir masada əyləşmişəm, nə xeyirində - şərində iştirak etmişəm, nə məktub yazmışam, nə də hardasa əl verib görüşmüşəm.
Dördüncüsü... Sadəcə məlumat üçün deyirəm: Karyeramın qarşısının kəsildiyi, işsiz qaldığım, kirayələrdə çürüdüyüm, bütün qapıların üzümə bağlandığı dövr - minimum 95 faiz etibarilə - məhz Mehdiyevin vəzifədə olduğu dövrlə üst-üstə düşür!
Nəhayət; Beşincisi... Yuxarıda söylədiyim fikri bir daha təkrar edirəm: Zərrə qədər - hətta, zərrənin də zərrəsi qədər xəyanətə meyilli olanların, yolundan sapanların, “klan təfəkkürü”nə uyanların, ikibaşlı oynayanların araşdırılıb tapılmasını, ortaya çıxarılmasını, sorğulanmasını hamıdan çox istəyənlərdən biri mənəm!
Bu yaramazla kimin hansı məsafədə dayandığı bəlli olsun deyə!
Odur ki;
Allah vurub, Ramiz Mehdiyevi də, onun “komanda”sını da, planlarını da!
Bizim yolumuz Heydər Əliyev yoludur.
Və nə qədər nəfəsimiz gəlir, bu yolda hər zamankı dürüstlüyümüzlə, sədaqətimizlə, sadiqliyimizlə var olacağıq!
Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.