“love.az” xəbər verir ki, baş prokurorun rəhbərliyi ilə videokonfrans rejimində keçirilən iclasda Kamran Əliyev cari ilin xalqımız, o cümlədən hüquq ictimaiyyəti üçün əlamətdar hadisələrlə zəngin bir il olduğunu bildirib.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə təsadüf edən 2025-ci ilin Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı əsasında “Konstitusiya və Suverenlik ili” elan edilməsi hər birimiz üçün tarixi bir anlam kəsb etməkdədir.
Bildirilib ki, son dövrlərdə dünyada müşahidə olunan geosiyasi gərginliklərə və ikili standartlara əsaslanan bir sıra beynəlxalq təzyiqlərə baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında cari ilin birinci yarımilində də ölkə iqtisadiyyatında davamlı inkişaf və müasir infrastrukturun yaradılması istiqamətində mühüm addımlar atılıb, siyasi və strateji tərəfdaşlıq sahəsində əlaqələrimiz daha da gücləndirilib.
Baş prokuror qeyd edib ki, 2025-ci ilin birinci yarımili prokurorluq orqanları üçün də əlamətdar hadisələrlə zəngin olub. Belə ki, 2025-ci il may ayında Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network çərçivəsində 92 ölkədən 120-dən çox dövlət qurumunun 300-dən yuxarı nümayəndəsinin iştirakı ilə Altıncı Plenar İclas Bakı şəhərində keçirilib.
Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü, bunun da nəticəsində qeydə alınan cinayətlərin sayında əhəmiyyətli azalmanın olduğunu bildirib.
Bildirilib ki, cari ilin birinci yarımilində ölkə ərazisində 17 049 cinayət qeydə alınmaqla onların 90,2 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 7477 cinayət işinin istintaqı tamamlanıb ki, onlardan 536-sı prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları tərəfindən 340, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5839 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə ümumilikdə 55 milyon 783 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 37,7 faizinin, yəni 21 milyon 26 min manat hissəsinin ödənilməsinə nail olunub, habelə 13 milyon 788 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.
Qeyd edilib ki, Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli Fərmanına uyğun olaraq istifadəyə verilmiş “Elektron prokurorluq” informasiya sisteminin texniki və funksional imkanları əhəmiyyətli dərəcədə təkmilləşdirilib, bir sıra digər dövlət informasiya resursları ilə inteqrasiya təmin edilib.
Hesabat dövründə ölkə rəhbərinin siyasi fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri olan korrupsiyaya və rüşvətxorluğa qarşı barışmaz mübarizə xətti əvvəlki illərdə olduğu kimi ardıcıl şəkildə davam etdirilib. Bu çərçivədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşları ciddi narahat edən korrupsiya xarakterli cinayətlərin və hüquqpozmaların daha geniş yayıldığı idarəetmə və xidmət sahələri müəyyən edilib, həmin əməlləri törətmiş vəzifəli şəxslər məhkəmə məsuliyyətinə verilib. Eyni zamanda Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 10 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 59 cinayət işi başlanılıb.
Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 39 şəxs barəsində 31 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, bunlardan 2 şəxs barəsində 2 iş qəsdən adam öldürmə faktları ilə bağlı olub. Həmçinin 3 şəxs barəsində qiyabi icraat başlanaraq məhkəməyə göndərilməsi təmin edilib.
Hesabat dövründə bütün instansiya məhkəmələri üzrə 11 170 şəxs barəsində 10 046 iş üzrə dövlət ittihamının müdafiəsi təmin olunub, prokurorluq orqanları tərəfindən 658 apellyasiya və 198 kassasiya protestləri verilib, 441 apellyasiya protesti və 49 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmə səhvlərinin yuxarı instansiya məhkəmələri tərəfindən aradan qaldırılması təmin olunub.
Bildirilib ki, hesabat dövründə tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində də qənaətbəxş nəticələr əldə olunub, 2024-cü ilin birinci yarımili ilə müqayisədə adam öldürmə cinayətləri 21 vahid azalaraq törədilmiş 54 cinayətdən 53-nün açılması, bağlı qalmış 1 qəsdən adam öldürmə cinayət işinin isə cari ilin iyul ayında açılması təmin edilib.
Təəssüf hissi ilə qeyd edilib ki, Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2025-ci ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 400 şəxs bu terrorun qurbanı olub, onlardan 70 nəfəri həlak olub, 330 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 490 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.
2025-ci ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 1891 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.
Qeyd edilib ki, Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə 2025-ci ilin birinci yarımilində daxil olmuş müraciətlərdən 14263 müraciət üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib, 2146 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılıb.
Kollegiya iclasında qeyd olunub ki, ötən yarımildə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində prokurorluq işçilərinin fəaliyyətində qanunsuzluqlara və etik davranış qaydalarına zidd hallara qarşı tələbkarlıq daha da artırılıb, bu məqsədlə aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 1-nə irad bildirilib, 7-nə töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.
Həmçinin diqqətə çatdırılıb ki, hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, habelə nümunəvi fəaliyyətlərinə görə 132 prokurorluq işçisi həvəsləndirilib, 44 nəfər vəzifədə irəli çəkilib, eyni zamanda işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə 50 ştat vahidi üzrə 27-ci növbəti müsabiqə elan edilib.
Hesabat dövründə azyaşlı uşaqların hüquqların müdafiəsi istiqamətində zəruri tədbirlər görülüb, bu istiqamətdə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 3 mülki iddia qaldırılıb.
Cari ilin birinci yarımilində prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 42 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.
Vurğulanıb ki, birinci yarımildə də vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılıb, baş prokuror tərəfindən 13 şəhər və rayonda 400-dən artıq vətəndaşın qəbulu həyata keçirilib. Vətəndaşların müraciətlərində qaldırılan və birbaşa prokurorluq orqanlarının səlahiyyətlərinə aid məsələlərin qanunvericiliyə uyğun həllinin təmin edilməsi məqsədilə Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının rəhbərlərinə və müvafiq ərazi prokurorlarına konkret göstərişlər verilib.
Kollegiya iclasında hesabat dövründə əldə olunmuş müsbət nəticələrlə yanaşı, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə mövcud çatışmazlıqlar da diqqət mərkəzində saxlanılıb, bu halların aradan qaldırılması məqsədilə Baş Prokurorluğun aidiyyəti struktur qurumların rəhbərlərinin iştirakı ilə geniş təhlillər aparılıb.
Daha sonra Azərbaycan baş prokurorunun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov, Heydər Məmmədov, baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov və Baş prokurorun müavini – Azərbaycan hərbi prokuroru Bəhruz Əhmədov, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, Bakı şəhər prokuroru Elşən Abbasov hesabat dövründə fəaliyyət, bu zaman yol verilmiş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər barədə, Hacıqabul, Balakən rayon və Füzuli hərbi prokuroru hesabat dövründə görülmüş işlərlə bağlı məruzələrlə çıxış edib, müzakirələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.