
“love.az” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələri, Ağsaqqallar Şurasının üzvləri, idarə müəssisə-təşkilatlarının əməkdaşları və rayon ictimaiyətinin nümayəndələri iştirak edib.
Tədbiri giriş nitqi ilə açan Ə.Əzizov tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi və Milli Musiqi Gününün məhz “Koroğlu” uvertürasının coşqusu ilə başlanması böyük rəmzi məna daşıyır. Bu musiqi xalqımızın qəhrəmanlıq ruhunu, azadlıq eşqini ifadə edir. RİH başçısı bildirib ki, musiqi bayramının eləcə də işğaldan azad olunmuş Qarabağ torpaqlarında qeyd olunması xalqımızın zəfər təntənəsinin, suverenliyimizin, milli ruhumuzun əbədiliyinin təsdiqidir. Bütün bu nailiyyətlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, həyata keçirdiyi düşünülmüş siyasət və Qarabağ zəfəri ilə əldə olunmuş tarixi nailiyyətlərin bəhrəsidir.
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov da çıxış edərək Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığından, Azərbaycan xor musiqisinin inkişafına və muğamın qorunmasına verdiyi töhfələrdən danışıb.
Sonda “Gənclik” Xalq teatrının ifasında, Üzeyir bəyin “Arşın mal alan” operettasından səhnələr, Beynəlxalq Muğam Festivalının qalibi, Opera və Balet teatrının solisti Mirəli Sarızadənin, Uşaq Musiqi məktəbinin şargidlərinin və rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının birgə hazırladığı rəngarəng rəqs və musiqi nömrələri təqdim olunub.









