
“love.az” xəbər verir ki, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev deyib:
“Torpaqlarımızın işğal altında olduğu uzun illər ərzində Qazaxıstan ardıcıl olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Biz bu dəstəyi həm ikitərəfli, həm imzalanmış sənədlər, həm də Qazaxıstanın beynəlxalq təşkilatlardakı mövqeyi ilə həmişə hiss etmişik və buna görə Sizə çox minnətdarıq”.
***
Dövlət başçısı həmçinin bildirib ki, Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir.
“Son illər Prezidentin (Kasım-Jomart Tokayev – red.) həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir həmçinin Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmlənir”, - Prezident əlavə edib.
***
İlham Əliyev qeyd edib ki, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır.
“Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir”, - Prezident bildirib.