“love.az” xəbər verir ki, ölkə əhəmiyyətli memarlıq abidələri siyahısında olan bu binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib.
Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Yaradıcılıq Mərkəzi 2023-cü il mayın 10-da istifadəyə verilib.
Sərgidə Ulu Öndər Heydər Əliyevin Qarabağın sosial, iqtisadi, siyasi və mədəni inkişafında xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Burada, eyni zamanda, Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb.
Qeyd edək ki, 1969-cu ildən Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Dahi şəxsiyyət mürəkkəb tarixi şəraitdə belə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu ildə Ağdam–Xankəndi dəmir yolunun istismara verilməsi Qarabağın digər rayonlarımızla təsərrüfat və iqtisadi cəhətdən daha sıx birləşdirilməsi baxımından Ulu Öndərin strateji addımı olmaqla yanaşı, həm də böyük tarixi xidməti idi.
***
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.
İşğal zamanı ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri barədə Qurbanqulu Berdiməhəmmədova məlumat verilib. Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra isə həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar.
Milli Məclisin deputatı Polad Bülbüloğlu qonağa görkəmli musiqiçinin bu evdə anadan olduğu və uşaqlıq illərini burada keçirdiyi barədə məlumat verib.
Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün doğulduğu və yaşadığı ev onun ev-muzeyinə çevrilib. 1982-1983-cü illərdə təmir olunan binada muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşanın azad olunmasından sonra digər tarixi-mədəni abidələrimiz kimi Bülbülün ev muzeyinin də bərpasına başlanılıb və 2021-ci ilin avqustunda bərpa işlərinin bitməsindən sonra muzeyin açılışı olub.
Ev-muzeyinin həyətində Bülbülün yeni büstü ucaldılıb. Şuşa şəhəri işğal altında olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü də erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşada Mehmandarovların malikanə kompleksində olublar.
Qonağa böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaqdan ibarət kompleksin Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunduğu barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycanın zəngin memarlıq ənənələrinin nadir nümunələrindən biri olan Mehmandarovların malikanə kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.
2021-ci ilin oktyabrından etibarən kompleksdə, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bu bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib. 2023-cü il mayın 9-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.
Bərpa işlərindən sonra malikanə kompleksində muzey ekspozisiyası da qurulub. “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu-XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilib.