“love.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Hindistanda dövlət neft emalı zavodları Rusiyadan xammalın tədarükünü dayandırır.
“Ən böyük dövlət neft şirkətləri Vaşinqtonun təzyiqi və ABŞ Prezidenti Donald Trampın Hindistan ixracına əlavə rüsumlar tətbiq etməsi səbəbindən müvəqqəti olaraq Rusiya neftini almaqdan imtina ediblər. Onlar hökumətdən rəsmi göstəriş almayana qədər Rusiya nefti üçün tender elan etməmək qərarına gəliblər”, - deyə agentlik yazıb.
Məlumata görə, Hindistan neft şirkətləri Rusiyadan xammal tədarükünü ABŞ, Braziliya və Liviyadan gələn neftlə əvəz etməyi planlaşdırırlar.
Hindistan hakimiyyəti Rusiya neftinin alınmasını rəsmən qadağan etməsə də, hökumət şirkətlərdən ABŞ ilə münasibətlərin daha da pisləşəcəyi təqdirdə alternativ tədarük variantları hazırlamağı xahiş edib.
Amerika liderinin Rusiya neftini alan ölkələrə rüsumların artırılması ilə bağlı hədələrinə cavab olaraq Hindistanın Baş naziri Narendra Modi güzəştə getməyəcəyinə söz verib. O, yüksək qiymət ödəməli olsa belə, ölkə fermerlərinin mənafeyinə xələl gətirməyəcəyini bildirib.
Xatırladaq ki, avqustun 6-da Hindistan Rusiya ilə sənaye və texnoloji sahədə əməkdaşlığı genişləndirmək üçün müqavilə imzalayıb. Sənəd prezident Trampın Rusiya neftinin alınmasına görə Hindistana 25 faiz rüsum tətbiq etməsindən sonra imzalanıb.