Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.31.2025 | 11:14 | Baxılıb: 1601
Prezident İlham Əliyev Qırğız Respublikasının lideri Sadır Japarova təbrik məktubu ünvanlayıb.

“love.az” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Sadır Nurqojoyeviç,

Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizin rəhbərliyiniz altında qardaş Qırğızıstanda genişmiqyaslı quruculuq işləri və islahatlar həyata keçirilərək sosial-iqtisadi tərəqqi sahəsində sanballı uğurlar əldə olunmuşdur.

Ortaq mənəvi dəyərlər və tarixi-mədəni köklər ilə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlərin hazırkı inkişaf dinamikası məmnunluq doğurur.

Azərbaycan-Qırğızıstan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın sarsılmaz iradəsinin və əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində əzmimizin bariz təzahürüdür.

Əminəm ki, dostluq və qardaşlıq əlaqələrimizin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyimizi daha da genişləndirmək yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.