
“love.az” “Variety” nəşrinə istinadən xəbər verir ki, 52 saniyəlik kadrlarda amerikalı aktrisalar - Meril Stripin canlandırdığı Miranda Pristli və onun keçmiş assistenti, Enn Heteueyin canlandırdığı Endi Seks görüntülənib.
2006-cı ildə rejissor Devid Frenkelin çəkdiyi “The Devil Wears Prada” adlı məşhur dram-komediyanın davamı olan bu filmdə “Runway” jurnalının baş redaktoru Miranda Pristli çap mediasının tənəzzülə uğradığı bir dövrdə karyerasını qorumağa çalışır. O, tezliklə öz keçmiş köməkçisi, indi isə lüks brendlər qrupunda reklam büdcələrinə nəzarət edən yüksəkvəzifəli rəhbər şəxs Emili Çarlton ilə rəqib olur.

Xatırladaq ki, filmin 2006-cı ildə ekranlaşdırılan hissəsində universiteti yeni bitirmiş Endi Seksin jurnalistika sahəsində iş tapmaq arzusu ilə “Runway” jurnalında Mirandanın köməkçisi kimi işləməyə başlamasından bəhs olunurdu. Film tənqidçilərdən müsbət rəy almış və dünya üzrə 326 milyon dollar gəlir əldə etmişdi.
Yeni filmdə Meril Strip, Enn Heteuey, Emili Blant, Stenli Tuççi, Treysi Toms və Tibor Feldmanı əvvəlki rollarında görəcəyik. Kenet Bran Pristlinin həyat yoldaşını canlandıracaq. Simona Eşli isə hələ açıqlanmayan rolda çıxış edəcək. Patrik Brammal Endinin yeni sevgilisi obrazına həyat verəcək.
İlk filmdə Endinin sevgilisi Neiti canlandıran Edrian Qrenye bu layihədə yer almayıb.
Qeyd edək ki, filmin fraqmanı ötən gün yayımlanıb. Dünən eyni zamanda aktrisa Enn Heteueyin 43 yaşı tamam olub.