
“love.az” xəbər verir ki, Baş nazir Ənvər İbrahim Azərbaycan parlamentinin spikerini salamlayaraq, AİPA- nın 46-cı Baş Assambleyasının əhəmiyyətini qeyd edib və tədbirdə iştirakına görə Milli Məclisin sədrinə təşəkkürünü bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.
Söhbət zamanı Baş nazir Azərbaycanın dinamik inkişafını izlədiklərini söyləyib, Azərbaycanın əldə etdiyi uğurların, xüsusən iqtisadi tərəqqinin, beynəlxalq nüfuzunun artmasının Malayziyanı sevindirdiyini bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Malayziya arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib. Ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.
Görüşdə parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlər, parlament üzvlərinin birgə fəaliyyəti ilə yanaşı, parlamentlərimizin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Asiya Parlament Assambleyası kimi parlamentlərarası təşkilatlar çərçivəsində müsbət əməkdaşlığı da xüsusi vurğulanıb.
Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən nəhəng layihələr, keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində görülən işlər haqqında məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
***
Milli Məclisin sədri Sahibə Qafarova bu gün Malayziyanın Kuala Lumpur şəhərində keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) 46-cı Baş Assambleyasının plenar iclasında çıxış edib.
O, çıxışı zamanı Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirdiyi nəhəng quruculuq və yenidənqurma işləri haqqında məlumat verib.
Spiker deyib ki, bu ərazilərin dirçəldilməsi Azərbaycan hökumətinin inklüziv inkişafa və dayanıqlılığa yanaşmasının mühüm tərkib hissəsini təşkil edir. O, xatırladıb ki, bu ərazilər 30 il ərzində işğal altında qalıb və 2020-ci ildə işğaldan azad edilib.
S.Qafarovanın sözlərinə görə, tamamilə dağıdılmış həmin ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri artıq hökumətimizin bu regionlarda əlli mindən çox insanı məskunlaşdırmasına və onların ölkənin ümumi sosial-iqtisadi həyatına yenidən inteqrasiya etməsinə imkan verib.


