Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.07.2025 | 13:24 | Baxılıb: 1146
“Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır”.

“love.az” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında söyləyib.

Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasının məmnunluq doğurduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.

***

İlham Əliyev TDT- nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında bu təşkilatı qlobal arenada vacib aktora çevirən amilləri sadalayıb: “Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir”.

***

“Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”, - dövlət başçısı əlavə edib.

***

İlham Əliyev TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib.

“Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirik”, - dövlət başçısı deyib.

***

Prezident bildirib ki, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir.

Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlərin qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxardığını vurğulayan dövlət başçısı deyib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır.

***

Dövlət başçısı qeyd edib ki, Azərbaycan həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir: “2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik”.

***

İlham Əliyev əlavə edib ki, TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub.

Bunun əsas hissəsinin Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayə olduğunu bildirən Prezident qeyd edib: “Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək”.

***

Prezident qeyd edib ki, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir.

1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayan dövlət başçısı gələn il birinci Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.