“love.az” xəbər verir ki, Xorvatiya təmsilçisinin baş məşqçisi Qonsalo Qarsiya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Qarşılaşmanı necə dəyərləndirərdiniz?
- Çətin oyun oldu. Oyuna həyəcanlı başladıq. “Zirə” bizi ilk fürsətdə cəzalandırdı. İkinci hissədə oyuna daha çox nəzarət edirdik. Hesabı bərabərləşdirdik, şanslarımız da var idi. Nəticədən razıyam.
- “Zirə”ni oyundan əvvəl yəqin ki, analiz etmişdiz. Bu gün gördüyünüz “Zirə” analiz etdiyiniz komanda idi?
- Xeyr. Dünən də demişdim, gözlədiyim yaxşı “Zirə”ni gördüm. Uzun müddətdir eyni baş məşqçi ilə çalışırlar. Komanda çox təhlükəli rəqibdir. Müdafiədən hücuma keçidlərdə yaxşıdır, təzyiq göstərirlər, keyfiyyətli oyunçuları var.
-Ötən mövsüm “Zirə” “Osiyek”i penaltilərlə keçmişdi. “Hayduk”un bu aqibəti yaşamaması üçün nələr edəcəksiz?
-Qələbə qazanmağa çalışacağıq ki, penaltilərə getməsin. Bizim də özümüzün oyun üslubu var. Bugünkü oyunda da bəzi anlarda o üslubu göstərdik. İstəyirik ki, hər zaman oyuna nəzarət edək. Bu, tək “Zirə”yə qarşı deyil, bütün rəqiblərlə oyundadır. Ümid edirik ki, növbəti görüşdə qələbə qazanacağıq.
-“Hayduk” “Zirə”ni keçə bilməsə, bunu normal qarşılayacaqsız, yoxsa faciə olacaq?
-Xeyr. Bu, futboldur. Davam edəcəyik. Biz yeni gəlmişik. Müəyyən şeyləri dəyişməyə çalışırıq. Ona görə əgər növbəti mərhələyə vəsiqə qazana bilməsək, bunu faciə kimi dəyərləndirməyəcəyik.