Tanınmış oftalmoloq Cahid Şahbazovun əməliyyat etdiyi qadının sol gözü görmə qabiliyyətini itirib.
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı öz sosial media hesabında çıxış edən Humay Əliyeva adlı gənc xanım Azərbaycan Respublikasının prezidentindən kömək istəyib:
"Hörmətli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Azərbaycan Respublikasının Prezidenti İham Əliyev və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, sizdən çox xahiş edirəm ki, mənə kömək edəsiz. Mənim artıq 1 ildən çoxdur ki, Caspian Hospitalda işləyən göz həkimi Cahid Şahbazov tərəfindən aparılan yanlış göz müayinəsi, təyin olunan yanlış göz xəstəliyi diaqnozu və icra edilən savadsız əməliyyatı nəticəsində sol gözüm yararsız vəziyyətə düşüb. Sol gözümdə görmə qabiliyyətinin itirilməsi və əzələ və sinirlərimin iflic olması səbəbi ilə artıq bir ildən çoxdur ki, şiddətli ağrılardan əziyyət çəkirəm. Hüquq-mühafizə orqanlarının təyin etdiyi tibbi ekspertiza nəticəsində müəyyən olmuşdur ki, əməliyyatdan öncə gözümdə Cahid Şahbazovun təyin etdiyi xəstəlik diaqnozu ilə bağlı heç bir problem olmayıb. Gözüm tamamilə sağlam olub. Tibbi ekspertiza nə az, nə çox düz üç dəfə həkimi günahlandırıb. Lakin buna baxmayaraq, Səbail rayon prokurorluğunda həkimin üç dəfə günahlandırılması, həmçinin bir çox sübut və faktların olmasına baxmayaraq mənim işim yekunlaşdırılıb və heç cür məhkəməyə təhvil verilmir. Sizdən çox xahiş edirəm ki, işimin yekunlaşdırılması və tez bir zamanda məhkəməyə verilməsi üçün mənə kömək edəsiz. Onu da qeyd etmək istəyirəm ki, mənim timsaımda Cahid Şahbazovun yüzlərlə qurbanı olan xəstələr var. Cahid Şahbazov isə həmin xəstələrə yalnız bir cavabı verir: "Siz mənə heç bir şey edə bilməzsiz. Mənim çox güclü vəkillərim var". Sizdən çox xahiş edirəm ki bu məsələdə mənə yardımçı olasız".
Çiçək Sadatova