İkonopərəstlik və ya ikonofiliya — xristianlıqda ikonalara pərəstiş edilməsi təcrübəsi. Bu həmçinin, Pravoslav və Katolik kilsələrinin Yeddinci Ekumenik Kilsə Məclisində doqma olaraq qəbul edilmişdir. Bu təcrübə doqmanın qəbulundan üç əsr əvvəl ayrılmış miafizit kilsələrdə də mövcuddur. Buna baxmayaraq, onlar rəsmi olaraq bu doqmanı qəbul etmirlər.
Xristianlıqda İsa Məsihin, Məryəm Ananın, müqəddəslərin və "Bibliya" səhnələrinin təsvirləri II əsrdən məlumdur. IV əsrə qədər xristian məbədlərinin divarları geniş şəkildə rəngli təsvirlərlə bəzədilirdi. Böyük Vasili müqəddəs Antioxiyalı Varlaamın xatirəsinə həsr olunmuş xütbəsində rəssamları müqəddəsin şücaətlərini təsvir etməyə çağırırdı. İoann Zlatoust Antioxiyalı Meletinin təsvirlərinin yayılmasından yazır, Kirli Feodorit isə Simeon Stolpnikin Romada satılan portretlərindən bəhs edir.[1] Bununla belə, eyni dövrdə ikonaların istifadə edilməsinə qarşı ilk etirazlar da ortaya çıxmışdır. Məsələn, Kesariyalı Yevsevi imperatorun bacısının Məsihin ikonasını istəməsinə mənfi münasibət bildirmişdi. O, bunu "Əhdi-ətiq"dəki qadağa ilə yox, ilahi təbiətin təsvir edilə bilməyəcəyi ilə izah etmişdir.[2]
III əsrə qədər xristianlara qarşı aktiv təqiblər səbəbindən "Bibliya"nın mənaları çox örtülü və simvolik şəkildə təsvir olunurdu. Məsihin əsas simvolik təsviri Tanrı quzusu idi. 692-ci ildə keçirilmiş Trullo Kilsə Məclisinin 82-ci qaydası ilə adətən "Əhdi-ətiq"dən götürülmüş göstərici simvolların istifadə olunması qadağan edilmişdir.[3]
VIII əsrdən IX əsrin əvvəllərinə qədər Bizans imperiyasında ikonopərəstliyə qarşı yönəlmiş aktiv ikonoborçu hərəkatı yaranmışdır. Bu dövrdə müqəddəs Dəməşqli İoann (675–753) ikonopərəstliyin ilahiyyat əsasını verməyə çalışmışdır.[4]