Aşıq Kamil Zülfüqarov | |
---|---|
Kamil Şamil oğlu Zülfüqarov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Boranıkənd, Salyan Azərbaycan SSR |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Salyan |
Dəfn yeri | Salyan |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | |
Janr | folklor |
Musiqi aləti | |
Üzvlüyü | |
Mükafatları |
Aşıq Kamil Zülfüqarov (tam adı: Kamil Şamil oğlu Zülfüqarov) ( 1 may 1929 Salyan, Salyan rayonu, Boranıkənd - 7 dekabr 2004 Salyan).[1][2] — Azərbaycan ustad aşığı,[3]Şirvan aşıq məktəbinin layiqli nümayəndəsi,[4][3] Salyan Rayon Mədəniyyət Evi "Kür" Aşıqlar Ansamblının bədii rəhbəri (1980),[5]Azərbaycan Gənclərinin III Ümumrespublika Festivalının laureatı (1962), "Çiçəklən, bizim Azərbaycan!" Festivalının laureatı (1962), Azərbaycan LKGİ mükafatı laureatı (1978), Azərbaycan Aşıqlarının IV Qurultayının nümayəndəsi (1984), Azərbaycan Aşıqlar Birliyinin üzvü (1978), el sənətkarı.[6][7]
Kamil Zülfüqarov 1 may 1929-cu ildə Salyan rayonunun Boranıkənd kəndində sadə kolxozçu ailəsində anadan olub. Atası Şamil Şahmar oğlu kolxozçu, anası Muxlisə isə ev xanımı idi. Kamil azyaşlı olsa da 1944-cü ildən atası ilə birgə kolxozda çalışır və ailələrinə köməklik göstərirdi. 1946-cı ildə Şorsulu kənd orta məktəbini bitirmişdir. Atası onu həkim görmək istəsə də Kamil balaca yaşlarından bütün varlığı ilə aşıqlıq sənətini sevirdi. 14 yaşında sənətə ilk addımlarını atır, kənddəki mədəniyyət klubunda çalışır, aşıqlıq sənəti məşğul olaraq ailəsini saxlayır.[1][2] Tezliklə onun şöhrəti qonşu kəndlərə də yayılır. Kənddə, eləcə də qonşuluqlardakı bütün el şənliklərində iştirak edir.[8]1952-ci ildə Məssurə Soltan qızı ilə ailə qurur. Aşıq Pənah Pənahovun rəhbərlik etdiyi "Kür" aşıqlar ansamblın üzvü olur.[9][8][10] Ansamblın üzvləri Qurban Sadıqov, Aşıq Bəylər Qədirov, Valeh Quliyev kimi tanınmış aşıqlar idi.[11] 1955-ci ildə Salyan rayonuna köçür. Bundan sonra onun aşıqlıq fəaliyyəti sürətlə yüksəlir və daha çox tanınmağa başlayır.
Respublikanın bir çox yerlərində Aşıq Pənah Pənahov, Aşıq Bəylər, Aşıq Qurbanxan Sadıqov, Manaf Məmmədov ("Cəngi" ansamblının rəhbəri), balabançı Əlməmməd Əmrahov, xanəndə Sədulla Rzayev, qarmon ifaçısı Aslan İlyasovla birgə saysız-hesabsız el məclislərində iştirak etmişdir.[12][9][13] [14]
Aşıq Kamil Zülfüqarov haqqında qəzet, jurnal və kitablarda çoxsaylı məqalələr dərc olunmuşdur.[5][15] Mərhum folklorşünas, filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev də onun sənətini yüksək qiymətləndirib, haqqında bir çox kitablarında bəhs edib və məqalələr yazıb.[16][17][18] Aşıq Kamil Seyfəddin Qəniyevə Şirvan folklor mühitinin tədqiqatında bir çox köməkliklər etmişdir. Şəxsi arxivində qoruyub saxladığı Azərbaycan dastanları, aşıqlıq sənəti və sənət yoldaşlarının dəyərli məlumatlarını toplayıb ona ötürmüşdür.[19]
Ağacavad Əlizadə, Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk, Seyfəddin Qəniyev və general Xəlil Xəlilov kimi şəxsiyyətlər Aşıq Kamilin yaxın dostları olmuşlar.[20] Salyan məsçidinin axundu və nahiyyə qazisi Hacı Salman Babazadə Aşıq Kamilin bacısı Rəna xanımın həyat yoldaşı olmuşdur.
Aşıq Kamil 7 dekabr 2004-cü ildə beyinə qan sızması nəticəsində vəfat etmiş və Salyanda dəfn edilmişdir.[21]
Şirvan aşıq məktəbinin ən layiqli nümayəndələrindən olan Aşıq Kamil sənətə kənd mədəniyyət klubunda tar çalmaqla başlamışdır. Tarda ifa etməyi ona heç kim öyrətməyib, bu onun özünəməxsus istedadı olur. Heç bir aşığın yanında şagird olmamışdır.[2] Səhnə mədəniyyətinin bəzi sirlərini isə qohumu qarmonçu Qəmbərdən öyrənir. 1946-cı ildən başlayaraq, yəni 17 yaşından o, artıq sərbəst aşıq kimi fəaliyyət göstərir və el arasında tanınırdı.[8][10] 1947-ci ildə Salyan Rayon Mədəniyyət Evinin mədəni-çadırının kütləvi işçisi kimi çalışmağa başlayır.[9] Aşıq Kamil 1951-ci ildən etibarən dövlət tədbirlərində, festivallarda fəal iştirak etmişdir. Respublika baxış müsabiqələrində uğurlu iştirak edərək çoxsaylı I, II dərəcəli mükafatlar və fəxri fərmanlar almışdır.[13][21] 1952-ci ildə Salyan Rayon Mədəniyyət Evinin Aşıqlar ansamblının və mədəniyyət evi fəaliyyət kollektivinin üzvü olur. Ansamblının tərkibində onun çoxlu uğurları olmuşdur.[11]Salyan Aşıqlar Ansamblının üzvləri ilə birgə o, Bakı, Sumqayıt və Gəncə şəhərlərində, habelə respublikamızın bir sıra kənd və rayonlarında konsert proqramı ilə çıxış etmişdir.[22][23][24] 1951-ci ildən Azərbaycanın mərkəzi və yerli qəzetlərində Aşıq Kamilin 110-dan çox şeiri çap olunmuşdur,[25][26][27] haqqında çoxsaylı məqalələr yazılmışdır.[5][28][29]
Azərbaycan xalq dastanlarının mahir ifaçısı və təbliğatçısı olmuşdur, 30-a yaxın müxtəlif mövzuda xalq dastanı bilirdi.[30][13][31]Aşıq dastanlarının öyrənilib yayılmasında əməyi böyükdür.[9] O, Koroğlu, Abbas və Gülgəz, "Valeh və Zərnigar", "Tahir və Zöhrə" və s. dastanları toy və bayram şənliklərində söyləmiş, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Əmrah" dastanından parçalar ifa etmişdir.[2][32][9] O, ustad aşıqların bədii irsinə bacarıqla yiyələndiyi kimi, şairlərimizin xalq yaradıcılığı ruhunda yazmış olduqları şeirlerə də gözəl saz havaları qoşmuşdur.[5]Onun vətən, sülh, azadlıq, məhəbbət, zəhmətkeşlər və s. haqqında çoxlu şeir və mahnıları vardır.[30][12]
Kamiləm, vətəndən danışır sazım,
Yurdumu vəsf edir səsim, avazım,
Tellərdə dil açır Kürüm, Arazım
Aşığı ucaldan ellər mənimdir.
"Mənimdir", Aşıq Kamil[33]
1958-1970-ci illər arasında dəfələrlə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Aşıqlar gecəsi”, “Salyan aşıqları gecəsi” adlı konsert proqramlarıyla sənət yoldaşları Əliməhəmməd Əmrahov, Manaf Məmmədov ("Cəngi" ansamblının rəhbəri), Aşıq Pənah Pənahov, Aşıq Qurban Sadıqov, Valeh Quliyev, Sahib Rəhimov, Aşıq Bəylər və s. sənətkarlarla birlikdə çıxış etmişdir. [34][35] Dəfələrlə Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (XTNS) iştirak edərək Azərbaycanı təmsil etmişdir. Rusiyanın digər şəhərlərində, Qazaxıstanda həm dövlət konsertlərində, həm də el məclislərində iştirak etmişdir.[36]
1961-ci il 27 apreldə Azərbaycan Aşıqlarının III qurultayının, həmçinin Gənclərin I və II respublika festivallarının iştirakçısı olmuşdur.[8][10] 1962-ci il 27 iyulda Azərbaycan Gənclərinin III Ümumrespublika Festivalının laureatı olmuşdur. Elə həmin ildə Bakı şəhərində "Çiçəklən, bizim Azərbaycan!" devizi altında keçirilən festivalın laureatı adına layiq görülmüşdür.[32][10][37]
Aşıq Kamil 1972-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Aşıq Ələsgərin 150 illik yubileyində Azərbaycan aşıq sənətində xidmətlərinə, qazandığı uğurlara və yubileydə uğurlu çıxışına görə "Aşıq Ələsgər - 150" yubiley medalı ilə təltif olunmuşdur. 1978-ci il 21 sentyabrdan Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. 1978-ci ildə Aşıqların II Respublika baxışında müvəffəqiyyətli çıxışına görə Azərbaycan LKGI MK-nın fəxri fərmanına və həmçinin laureat medalına layiq görülmüşdür.[30][13] 1980-ci ildən Salyan Rayon Mədəniyyət Evinin "Kür" aşıqlar ansamblının bədii rəhbəri təyin edilmişdir. Rayonda fəaliyyət göstərən "Dastan" aşıqlar klubunun ilk rəhbəri olmuşdur.[13][36]
1984-cü il 19 martda Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən Azərbaycan Aşıqlarının IV qurultayının nümayəndəsi seçilmiş və qurultayın mükafatına layiq görülmüşdür.[5][38]
1984-cü ildə Kamilin 21 yaşlı qızı Təranənin vəfat etməsi ona ağır təsir etmiş və sənətə 2 il ara vermişdir. Sonradan isə dostlarının təkidi ilə ancaq dövlət tədbirlərində çıxış etməyə razılaşmışdır.
1986-cı ildə Bakıda Sahil bağında “Salyan günləri” festivalında Aşıq Kamil sənət yoldaşları birlikdə iştirak edərək Salyan rayonunu təmsil etmişdir.[5][39] Dəfələrlə mart ayında Bakıda dövlət səviyyəsində keçirilən Novruz Bayramı tədbirində ölkə rəhbərinin qarşısında çıxış etmişdir.[40]
1993-cü il 10 iyunda "Sazım mənim" adlı şeirlər kitabı çap olunmuşdur. Kitabda onun yazmış olduğu qoşma, gəraylı, təcnis və digər müxtəlif şeirlər, deyişmələr toplanmışdır.[5][12]
1996-cı il 24 dekabrda Aşıq Kamil Zülfüqarovun səhnə fəaliyyətinin 50 illiyi Salyan rayonu Mədəniyyət Evində təntənəli şəkildə qeyd edilmiş, bu münasibətlə Salyan Rayon İcra Hakimiyyyəti və Salyan Rayon Mədəniyyət Mərkəzi tərəfindən fəxri fərmanlarla mükafatlandırılmışdır.Yubileydə Şamaxıdan Aşıq Şərbət, Rəhman Rasimoğlu, Əlisəmid Kür, Tofiq Kərim, Rafael Ərəstunoğlu və bir çox tanınmış elm və incəsənət xadimləri, həmçinin rayon rəsmiləri iştirak etmişlər. [21][41]
Əliağa Kürçaylının "Turac", Ələddin İncəlinin "Gəl, Kür qırağına" şeirlərinə mahnı bəstələmişdir. Onun özünün yazdığı və bəstələdiyi "Dəyməsin", "Xilaskarım var", "Mənim sazım", "Gözəldir", "Mənimdir", "Bir görüşün xatirəsi" və s. aşıq mahnıları vardır.[9][10][33]
Hər sənətin var əzabı,
Aşıq Kamil, gətir tabı,
Sən elə gəzdir mizrabı,
Xaric tellərə dəyməsin.
"Dəyməsin", Aşıq Kamil [8]
Yazıçı-şair Əlihəsən Şirvanlı,[42] Sahib Məhərrəmoğlu,[43] şair-publisist Rafael Ərəstunoğlu,[44] Hacı Salman Babazadə[45] Azad Talışoğlu, şair Tofiq Kərim[46], Aşıq Baba[47] və s. kimi şəxsiyyətlər Aşıq Kamilə şeirlər həsr etmişlər.
Aşıq Ağababa Bədəlov onun şagirdi olmuşdur. Aşıq Ağababa, xanəndə Sədulla Rzayev, məşhur qarmon ifaçısı Aslan İlyasov kimi bir neçə tanınmış şəxslərin el arasında tanınmasına ilk və böyük dəstək verən məhz Aşıq Kamil olmuşdur.[48]
"Mən Aşıq Kamildən çox şey öyrənmişəm. Aşıq üslubunda çalıb oxumağı mənə o öyrədib. Aşıq olmaq üçün gərək şagird olasan. Bu sənətin min bir əziyyətinə qatlaşan aşıq ola bilər. Kamil bildiyini öyrədən sənətkardır. Fəxrlə deyə bilərəm ki, belə bir sənətkarın şagirdi olmuşam."
— Aşıq Ağababa Bədəlov[8]
Sənətkarlığı yüksək qiymətləndirilən Aşıq Kamil Zülfüqarov müxtəlif illərdə döş nişanı və medallarla təltif olunmuşdur. AzTV Azərbaycan Televiziyasının "Qızıl Fond"-unda Aşıq Kamilin 10 el havaları saxlanılır.[13][21]
- "...Atam Şirvanda bütün sənətkarla dost idi. Gözümü açandan evimizdə musiqi səsi eşitmiş, evimizi sənətkarla dolu görmüşəm. Kimlər olmamışdı ki, bizim evdə: Hacı Məmmədov, Arif Babayev, Aşıq Qurbanxan, Aşıq Kamil, Aşıq Şakir... Evimizdə hərənin öz hörməti, öz yeri var idi."
- "…Onu lap kiçik yaşlarımdan tanıyıram. Onu danışdığı dastanları, oxuduğu aşıq mahnılarını lentə köçürüb evimdə əziz xatirə kimi qoruyub saxlayıram. Aşıqla tanışlığım 25 il bundan əvvələ təsadüf edir. Xalam oğlu Aşıq Ağababa Bədəlov onun şagirdi olub. O, tez-tez onlara gələrdi, dastanlar, el oxumaları öyrədərdi ona."
— Salyan Rayon Mədəniyyət Mərkəzinin direktoru Lətif Zərbəliyev[8]
- “Mən onu balabanda çox müşayiət etmişəm. Hər sənətdə olduğu kimi aşıq sənətinin də öz incəlikləri var. Aşıq Kamil onu duya və tuta bilir. Sözü yerində tutarlı deyir.”
— “Cəngi” xalq kollektivinin konsertmeystri Əliməhəmməd Əmrahov[8]
"Sazım mənim" şeirlər kitabı, 10 iyun 1993-cü il, "Gündoğar" mətbəəsi, Neftçala[8][36]
Ҝөркәмли ел ашығы, рајондакы Ашыг Пәнаһ Пәнаһов адына Ашыглар Ансамблынын бәдии рәһбәри Ашыг Камил Зулфугаровүн јарадыҹы фәалијјәтинин 50 иллији мунасибәтилә Рајон Иҹра Һакимијјәтинин башчысы Салман Салмановун тәбрики.