. Love.az

Esaslandirilmis Nezeriyye - Wikipedia - Love.az

Ana Səhifə - Esaslandirilmis Nezeriyye

Əsaslandırılmış nəzəriyyə (ing. Grounded theory) — əsasən keyfiyyət yönümlü tədqiqatlarda tətbiq olunan sistemli metodologiya. Bu yanaşma sosial elmlərdə geniş şəkildə istifadə olunur və empirik məlumatların toplanması və təhlili vasitəsilə hipotezlərin və nəzəriyyələrin qurulmasını əhatə edir.[1] Əsaslandırılmış nəzəriyyə induktiv nəticə çıxarmaya əsaslanır və bu baxımdan ənənəvi hipotetiko-deduktiv modeldən fərqlənir.

Əsaslandırılmış nəzəriyyəyə əsaslanan tədqiqat adətən bir sualdan və ya sadəcə keyfiyyətli məlumatların toplanmasından başlayır. Tədqiqatçılar məlumatı araşdırdıqca, müəyyən ideyalar və anlayışlar "meydana çıxır". Bu anlayışlar kodlarla qısa şəkildə ifadə olunur. Daha sonra bu kodlar daha yüksək səviyyəli anlayışlara və kateqoriyalara qruplaşdırılır. Bu kateqoriyalar nəticədə bir hipotezə və ya yeni nəzəriyyəyə çevrilir. Beləliklə, əsaslandırılmış nəzəriyyə nəzəri çərçivə üzərində qurulmuş hipotezlərin əvvəlcədən formalaşdırıldığı və sonra məlumatla yoxlandığı ənənəvi elmi tədqiqat modelindən xeyli fərqlənir.[2]

Tarixi

redaktə

Əsaslandırılmış nəzəriyyə ümumi tədqiqat metodologiyasıdır, yəni məlumatların necə təhlil olunacağı və anlamlandırılacağına dair düşüncə tərzidir. Bu metod müxtəlif mövzularda — məsələn, boşanmadan sonra yenidən evlənmə[3] və peşəkar sosiyallaşma[4] kimi sahələrdə istifadə olunmuşdur.

Əsaslandırılmış nəzəriyyə metodu iki amerikalı sosioloq — Barney Qlaser və Anselm Straus tərəfindən yaradılmışdır.[5] Onlar xəstəxanada ölən xəstələr üzərində apardıqları birgə tədqiqat zamanı "daimi müqayisəli metod" (constant comparative method) dedikləri yanaşmanı inkişaf etdirdilər. Bu metod daha sonra əsaslandırılmış nəzəriyyə metodu kimi tanındı. Onlar bu metodu 1967-ci ildə nəşr etdikləri The Discovery of Grounded Theory (Əsaslandırılmış Nəzəriyyənin Kəşfi) adlı əsərlərində daha ətraflı izah etdilər.[6]

Kitabın üç əsas məqsədi bunlar idi:

  • Nəzəriyyə ilə empirik məlumat arasında uçurumun azaldılmasının vacibliyini izah etmək;
  • Əsaslandırılmış nəzəriyyəyə əsaslanan məntiqi təqdim etmək;
  • Keyfiyyətli tədqiqatın elmi baxımdan legitimliyini əsaslandırmaq. Bu dövrdə kəmiyyət tədqiqatı daha prestijli sayıldığından, keyfiyyətli tədqiqatlar kifayət qədər ciddiyə alınmırdı.[6]

Awareness of Dying kitabının nəşrindən sonra əsaslandırılmış nəzəriyyəyə maraq artdı və bu yanaşma tibbi sosiologiya, psixologiya və psixiatriya sahələrində də nüfuz qazandı. Daha sonra bu metod idarəetmə, təhsil, sənaye və hətta səhnə sənəti sahələrində də geniş tətbiq olundu.[7]

Fəlsəfi əsaslar

redaktə

Əsaslandırılmış nəzəriyyə pozitivizm fəlsəfəsi, ümumi sosiologiya və xüsusilə simvolik interaksionizmin bir qolu olan sosiologiya ənənələrini birləşdirir. Ralf, Birks və Çapmana görə, əsaslandırılmış nəzəriyyə "metodoloji baxımdan dinamikdir", yəni tam metodologiya olmaqdan daha çox, insanların qarşılaşdıqları vəziyyətləri daha yaxşı anlamağa imkan verən metodların qurulması üçün bir vasitədir. Barni Qleyzer pozitivizm təhsili almışdı, bu da ona iştirakçıların keyfiyyət göstəricilərini kodlaşdırmaq üçün sistemli etiketləmə sistemi hazırlamaqda kömək etdi. O, keyfiyyətli tədqiqatlar üçün sistemli analizə ehtiyacın vacibliyini tanıyaraq, kodların, kateqoriyaların və xüsusiyyətlərin yaradılmasının əsas olduğunu vurğuladı.

Anselm Strauss isə simvolik interaksionizm fonuna sahib idi. Bu nəzəriyyə insanların bir-biri ilə qarşılıqlı əlaqədə simvolik dünyalar yaratmasını və bu simvolik dünyanın insan davranışlarını necə formalaşdırdığını başa düşməyə çalışır. Strauss insanları öz dünyagörüşlərini aktiv şəkildə formalaşdıran subyektlər kimi görürdü və keyfiyyətli tədqiqatların sosial proseslərin və sosial həyatın mürəkkəbliyini anlamaqda vacib rol oynadığını düşünürdü.

Qleyzerin fikrincə, əsaslandırılmış nəzəriyyənin strategiyası fərdi mənaları sosial qarşılıqlı təsir kontekstində şərh etməkdir. Bu metod subyektlərin qavrayışlarındakı məna ilə onların fəaliyyətləri arasındakı qarşılıqlı əlaqəni öyrənir.

Əsaslandırılmış nəzəriyyə qeydə alınmış keyfiyyətli məlumatlardan çıxan kateqoriyalar əsasında simvolik kodlar yaradır. Məqsəd bu metoddan istifadə etməklə fərdlərin yaşadığı fenomenal dünyanı daha yaxşı anlamaqdır. Milliken və Şrayberin fikrincə, əsaslandırılmış nəzəriyyə tədqiqatçısının digər vəzifəsi fərdlərin davranışlarının arxasında dayanan sosial paylaşılmış mənaları və iştirakçıların reallığını başa düşməkdir.

İstinadlar

redaktə
  1. ↑ Britannica: Grounded theory
  2. ↑ Glaser & Strauss (1967). The Discovery of Grounded Theory.
  3. ↑ Wuest, J. (1995). Remaking Self: Chronic Illness and Women's Identity Work. Health Care for Women International.
  4. ↑ Coyne, I. T. (1997). Sampling in qualitative research. Journal of Advanced Nursing.
  5. ↑ Glaser & Strauss (1965). Awareness of Dying.
  6. ↑ 1 2 Glaser, Barney G.; Strauss, Anselm L. The Discovery of Grounded Theory. Aldine. 1967. ISBN 978-0-202-30260-7.
  7. ↑ Charmaz, K. (2006). Constructing Grounded Theory.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əsaslandırılmış_nəzəriyyə&oldid=8239259"
LOVE.AZ