ABŞ-nin İran əleyhinə tətbiq etdiyi sanksiyalar — İran İslam Respublikasına qarşı birbaşa ABŞ hökuməti tərəfindən və ya Birləşmiş Millətlər Təşkilatı vasitəsilə beynəlxalq ictimaiyyətin də iştirakı ilə tətbiq edilən iqtisadi, ticarət, elmi, insan hüquqları və hərbi sanksiyalara aiddir. Bu sanksiyalar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası vasitəsilə beynəlxalq ictimaiyyət tərəfindən tətbiq edilir.[1][2]
İran İslam İnqilabı baş verdikdən sonra Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, İsrail və ABŞ kimi beynəlxalq və milli təşkilatlar və ölkələr tərəfindən İran İslam Respublikasına qarşı müxtəlif ticari, siyasi və iqtisadi sanksiyalar tətbiq edilmişdir.[3]
Qərb ölkələrinin iddialarına əsasən, İran özünün nüvə proqramı ilə nüvə silahına sahib olmaq yolunda addım atmışdır. İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq məqsədi ilə ABŞ və Aİ ölkələri 2012-ci ildən etibarən İrana qarşı iqtisadi və maliyyə sanksiyalarının tətbiqinə başlamışdılar. İrana məxsus maliyyə aktivlərinin dondurulması və İranla həyata keçirilən ikitərəfli ticarət əlaqələrinin dayandırılması bu tədbirlər paketinə daxildir. Rusiya və Çin kimi bəzi ölkələr isə sanksiyaları tanımaqdan imtina edərək İranla ticarət əlaqələrini davam etdirirlər.[4]
1979-cu il noyabr ayının 4-də ABŞ-nin Tehrandakı səfirliyinə basqın nəticəsində yaranan girov böhranından sonra ABŞ-nin o zamankı prezidenti olmuş olan Cimmi Karter fərman imzalayır. 1979-cu il noyabr ayının 14-də imzalanmış olan bu fərmana əsasən, İrandan idxal qadağan edilir və İranın ABŞ ərazisində olan 12 milyard dollarlıq aktivləri dondurulur. Bu fərman İrana əleyhinə tətbiq edilən sanksiyalar tarixinin başlanğıcı hesab olunur. Bu sanksiyalar girov böhranının başa çatmasından sonra 23 yanvar 1981-ci il tarixli bir sıra göstərişlərlə ləğv edilmişdir.
ABŞ-nin İrana əleyhinə olan sanksiyaları 29 oktyabr 1987-ci il tarixli fərmanla yenidən tətbiq edilmişdir. 17 mart 1995-ci ildə qəbul edilmiş yeni sanksiyalar İranın neft sektorunun inkişafı ilə əlaqədar olan fəaliyyətləri qadağan etmişdir. Bundan əlavə, 9 may 1995-ci il və 19 avqust 1997-ci il tarixlərində verilmiş olan fərmanlara əsasən sanksiyalara məruz qalmış fəaliyyət sahələrinin və orqanların siyahısı genişləndirilmişdir.
18 iyun 1992-ci ildə ABŞ Konqresi tərəfindən İraq və İranı hədəf alan “Nüvə silahının yayılmasının qarşısının alınması haqqında akt” qəbul edilmişdir. Sözügedən qanuna əsasən, ABŞ-dən İrana hər hansısa bir malın və texnologiyanın ixracı qadağan edilmişdir. Buna səbəb kimi isə İranın kimyəvi, bioloji, nüvə və ya təkmilləşdirilmiş adi (konvensional) silahlara sahib olmasının qarşısının alınması göstərilmişdi.[3]
8 may 1996-cı ildə ABŞ Konqresi İran-Liviya Sanksiya Aktını qəbul etmişdir. Bu sanksiyaya əsasən İranla neft sektorunda əməkdaşlıq həyata keçirən xarici şirkətlər və şəxslər cəzalara məruz qaldılar. Sözügedən sanksiyalar Avropa ölkələrinin kəskin etirazı ilə qarşılanmışdır. Məhz buna görə də sanksiyalar 2010-cu ilə qədər həyata keçirilməmişdir. 2010-cu il iyun ayının 24-də ABŞ Konqresi “İrana qarşı hərtərəfli sanksiyalar aktı”nı qəbul etmişdir. Bu akta əsasən İranın enerji sektoruna sərmayə qoymuş və ya İrana neft məhsulları satmış ABŞ şirkətlərinə, həmçinin İranla əməkdaşlıq edən xarici banklara qarşı yeni sanksiyalar tətbiq edilmişdir. 29 oktyabr 2010-cu ildə isə bəzi şəxslərin aktivləri dondurulmuşdur. 6 fevral 2012-ci ildə isə İran hökumətinin və İranın maliyyə orqanlarının aktivləri dondurulmuşdur.[5] 2012-ci ildə qəbul edilmiş fərmanlara əsasən, İran hökumətinin, İranın maliyyə orqanlarının və müəyyən şəxslərin aktivləri dondurulmuş və onların ABŞ-yə girişləri dayandırılmışdır. Digər tərəfdən isə, İran və Suriya ilə əlaqədar olan sanksiyaları pozan şəxslər üçün müəyyən əməliyyatlar qadağan edilmiş və onların ABŞ-yə girişləri dayandırılmışdır.[6]