Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz. |
Azərbaycan iqtisadiyyatı xüsusilə Bakı-Tbilisi-Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin tikintisi başa çatdıqdan sonra neft və qaz ixracından çox asılıdır. 1990-cı illərin sonunda neft, 2000-ci illərin sonunda isə həm də qaz hasilatına keçid 1995-2014-cü illər ərzində sürətli iqtisadi artıma səbəb oldu.[3][4] 2014-cü ildən isə ÜDM artımı əhəmiyyətli dərəcədə yavaşladı.[4]
Azərbaycan iqtisadiyyatı | |
---|---|
![]() | |
Valyuta | Azərbaycan manatı (AZN, ₼) |
Sabit məzənnə dəyəri | 1 manat = 100 qəpik |
Büdcə ili | Təqvim ili |
Ticarət təşkilatları |
Müstəqil Dövlətlər Birliyi İqtisadi Əməkdaşlıq Təşkilatı GUAM İnkişaf Təşkilatı |
Statistika | |
ÜDM |
▲ 80.21 milyard $ (ÜDM) ▲ 201.192 milyard $ (AQP) |
ÜDM sıralaması |
86-cı (ÜDM) (2019) 72-ci (AQP) (2019) |
Adambaşına düşən ÜDM |
▼ 4,689 $ (ÜDM) ▲ 18,616 $ (AQP) |
Adambaşına düşən ÜDM sıralaması |
102-ci (ÜDM) (2019) 73-cü (AQP) (2019) |
Sektorlarına görə ÜDM |
Kənd təsərrüfatı (6.1%) Sənaye (53.5%) Xidmət (40.4%) |
İnflyasiya (İQİ) | 6.75% (2021)[1] |
Uçot faiz dərəcəsi | 7.75% (mart 2022)[2] |
Yoxsulluq həddindən aşağı olan əhali | ▼ 8.2% ($5.50/günlükdən daha az) (2005) |
Cini indeksi | 33.7 orta (2008) |
İnsan İnkişafı İndeksi | ▲ 0.754 yüksək (2018) |
İşçi qüvvəsi | ▲ 5,073,024 (2019) |
Məşğulluğa görə işçi qüvvəsi | ▲ 63.0% (2019) |
İşsizlik səviyyəsi |
▼ 4.9% (2018) ▼ 13.4% gənc işsizliyi |
Orta aylıq gəlir | 540 AZN/ 294 €/ 317 $ (2017) |
Biznesin qurulma asanlığı indeksi | 34-cü ən asan |
Xarici ticarət | |
İxrac | ▲ 15.15 milyard $ (2017) |
İxrac məhsulları | Neft, təbii qaz, maşın, ərzaq, pambıq |
İxrac tərəfdaşları |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
İdxal | ▲ 9.037 milyard $ (2017) |
İdxal məhsulları | Ərzaq, maşın və avadanlıq, metal, kimyəvi maddə |
İdxal tərəfdaşları |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
BXİ indeksi | ▲ 79.53 milyard $ (2017) |
Cari hesab | ▲ 1.685 milyard $ (2017) |
Xarici borc | ▲ 17.41 milyard $ (112-ci) (2017) |
Dövlət maliyyəsi | |
İctimai borc | ▼ ÜDM-nin 54.1%-i |
Büdcə balansı | −1.6% (ÜDM) (2017) |
Gəlirlər | 24.681 milyard ₼ (2020) |
Xərclər | 26.416 milyard ₼ (2020) |
Kredit sıralaması |
Standart & Poor's: BB+ Moody's: Ba1 Fitch: BBB- Scope: -BB Outlook: Sabit |
Xarici ehtiyatlar | 104.8 milyard $ (2019) |
Əsas mənbə: CIA World Fact Book Əksi qeyd olunmayıbsa, bütün məlumatlar ABŞ dolları ilədir. |
Böyük neft ehtiyatları Azərbaycan iqtisadiyyatına böyük töhfə verir. Neft və qaz Azərbaycanın dövlət gəlirlərinin üçdə ikisini təşkil edir və bu, onu dünyanın ən çox mədən yanacaqlarından asılı olan 10 iqtisadiyyatından birinə çevirir.[5] Neft və qaz Azərbaycanın ixrac gəlirlərinin 90%-ni, maliyyəsinin isə 60%-ni təşkil edir.[6]
Azərbaycan iqtisadiyyatı korrupsiya və bərabərsizliklə xarakterizə olunur.[3] Ölkənin neft sərvətləri iqtidar rejiminin sabitliyini əhəmiyyətli dərəcədə gücləndirir və Azərbaycanda hakim elitaları zənginləşdirir.[7][8][9][10] Ölkənin neft sərvətləri dövlətə dəbdəbəli beynəlxalq tədbirlərə ev sahibliyi etmək, həmçinin xaricdə geniş lobbiçilik fəaliyyətləri ilə məşğul olmaq imkanı verir.[11][12]
Milli valyuta Azərbaycan manatıdır. Azərbaycanda özəl sektor zəifdir, çünki iqtisadiyyatda dövlət müəssisələri üstünlük təşkil edir.[4] Azərbaycanda rəsmi işçi qüvvəsinin yarıdan çoxu dövlət işində çalışır.[4]
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.[13]
Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991–1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin dövründə dövlət üçün zəruri olan gömrük sisteminin yaradılması Azərbaycanın təbii ehtiyatlarının xaricə maneəsiz daşınmasının qarşısını xeyli dərəcədə aldı. [mənbə göstərilməlidir]
1992-ci ildə tamamilə maliyyə baxımından taqətdən salınmış, xəzinəsinə süpürgə çəkilmiş bir ölkədə Dövlət Ləl-Cəvahirat Fondu yaradıldı. Bir ildə fonda 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. [mənbə göstərilməlidir]1993-cü il iyun ayının 1-nə qədər Azərbaycan Respublikasının Mərkəzi Bankında valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon ABŞ dollara çatdı.[mənbə göstərilməlidir]
1992-ci ildə hakimiyyətə gələn Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlət əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək, köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də olsa sabitliyə nail olmaq.[mənbə göstərilməlidir] İkincisi, liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq. [mənbə göstərilməlidir] Bu məqsədlə Dövlət Əmlak Komitəsi (2009-cu ildə qurulan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yerinə keçdi), Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi və İqtisadiyyat Nazirliyi (2001-ci ildə Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi ləğv edilmiş, onların bazasında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yaradılmışdır), Torpaq Komitəsi (2001-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yerinə keçdi) dövlət orqanları yaradıldı.[13]
Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Prezident Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldı. Lakin beynəlxalq maliyyə təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi çox da yüksək qiymətləndirilmir.[13]
2008–2009-cu illərdə dünyada baş verən qlobal maliyyə-pul bazarlarının sıxıntısı şəraitində bankların, milli şirkətlərin xaricdən borclanması, onların yenidən maliyyələşməsi imkanları nəinki məhdudlaşdı, hətta bir sıra borcların vaxtından əvvəl qaytarılması tələb olundu. Belə şəraitdə Azərbaycan bankları il ərzində $1,2 mlrd. borc qaytardılar. Bundan başqa xaricdə yaşayan azərbaycanlıların regionların əhalisi üçün sosial baxımdan xüsusi əhəmiyyət kəsb edən pul transferləri də xeyli azaldı. Nəticədə milli iqtisadiyyat bəzi qonşu ölkələrdə olduğu kimi, manatın devalvasiyası təzyiqləri ilə qarşılaşdı. Bu təzyiqlər özünü ötən ilin birinci rübündə — əhalinin devalvasiya gözləntilərinin daha çox artdığı (Rusiya və Ermənistandaki devalvasiyadan sonra) və bununla da əlaqədar pullarının xeyli hissəsini xarici valyutalara çevirdiyi şəraitdə — qabarıq şəkildə göstərdi. Milli valyutanın stabilliyini qorumaq üçün Mərkəzi Bank xeyli resurslar sərf etməli oldu və bu da sonda demək olar ki, özünü doğrultdu. Bütövlükdə, il ərzində Mərkəzi Bankın xalis emissiyası 1,8 mlrd. manat təşkil etdi. Daxili və xarici maliyyə mənbələrinin azalması şəraitində Mərkəzi Bank pul siyasətini ciddi şəkildə yumşaltmalı oldu, uçot dərəcəsi 15%-dən 2%-dək azaldıldı.[14]
2012-ci ildə İlham Əliyev çıxışında qeyd edib ki, BP şirkəti Azərbaycanın neft-qaz sektoruna 28 milyard dollar investisiya qoyub, 74 milyard gəlir əldə edib. Lakin bəzi ekspertlər 28 milyard dolların özünü çox böyük rəqəm hesab edir. Bu məbləğ "Əsrin müqaviləsi" imzalananda müqavilənin elan olunmuş smeta dəyərindən ən azı üç dəfə çoxdur.[15]
2023-cü ildə Azərbaycan Mərkəzi Bankı bildirib ki, respublikanın strateji valyuta ehtiyatları 10% artaraq 5,3 milyard dollar təşkil edib.[16]
İqtisadi islahatları tənzimləmək məqsədilə 34 qanun, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi haqqında, banklar və bank fəaliyyəti haqqında (ümumiyyətlə, bazar iqtisadiyyatına uyğun bank sisteminin yaradılması üçün bütün lazımlı qanunlar qəbul edilmişdi), mülkiyyət haqqında, xarici investisiyaların qorunması haqqında, icarə haqqında, torpaq vergisi haqqında, aksizlər haqqında qanunlar qəbul edildi. Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi haqqında, xırda sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları qəbul edildi. Bundan başqa, özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatının, emal sənayesinin inkişafı haqqında dövlət proqramları hazırlandı. Beləliklə, respublikada iqtisadi islahatların həyata keçirilməsi üçün hüquqi baza yaradıldı və bu yöndə ilkin addımlar atılmağa başlandı. Qısa müddətdə respublikada minlərlə xüsusi müəssisə, onlarca müstəqil bank (o sıradan xarici ortaqların iştirakı ilə) fəaliyyətə başladı, kənddə 17 mindən artıq sərbəst icarə kollektivi yaradıldı, özəlləşdirmə proqramının ilkin mərhələsi kimi taksilərin və yaşayış evlərinin özəlləşdirilməsinə başlanıldı. Hazırlanan müqavilələrə əsasən ABŞ, İngiltərə, Norveç və Türkiyənin neft şirkətlərinin respublikamızın neft sənayesinə 10 milyard dollara yaxın sərmayə qoyması gözlənilirdi.[13]
Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 85%-ə çatmışdır.
1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi – bərpa dövrü başlandı. 1995–2003-cü illər ərzində ümumi daxili məhsul 90,1%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfatı istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı 5,6 dəfə artdı, inflyasiya səviyyəsi 2–3%-ə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.
İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası iqtisadi rayonlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmişdir.[13]
Qlobal maliyyə-iqtisadi böhran nəticəsində dünyanın aparıcı ölkələrində baş vermiş kəskin ressesiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. Eyni zamanda, Azərbaycan 2009-cu ildə iqtisadiyyatın real artım tempinə görə region ölkələri arasında lider olmaqla yanaşı, müvafiq göstərici üzrə dünya miqyasında da yüksək yerdə qərarlaşmışdır. Belə ki, ilin yekunlarına əsasən, 2009-cu ildə ÜDM-in real artımı 2008-ci illə müqayisədə 9,3%, əhalinin hər nəfərinə düşən ÜDM-nin real həcmi isə 7,9% təşkil etmişdir. ÜDM-nin 64,1%-i iqtisadiyyatın istehsal, 28,3%-i xidmət sahələrinin payına düşmüş və bu sahələrdə real artım müvafiq olaraq 10% və 9,1% təşkil etmişdir. 2009-cu ildə neft-qaz sektorunda real artım 14,3%, qeyri-neft sektorunda isə 3,2% olmuş və eləcə də sənaye sektorunda real artım tempi 12,8%, nəqliyyatda 9,3%, rabitədə 13,1%, ticarətdə 9,9% təşkil etmişdir.[13] Kənd təsərrüfatının real artım tempi 2008-ci illə müqayisədə yüksələrək 3,5% təşkil etmişdir.
Ümumilikdə isə 2004–2009-cu illərdə ÜDM real ifadədə 2.8 dəfə artmış və cari qiymətlərlə 43.0 milyard ABŞ dollarına çatmışdır. Adambaşına düşən ÜDM-in həcmi 2004-cü ilə nisbətən 2009-cu ildə real ifadədə 2.2 dəfə artaraq 4874.1 ABŞ dolları təşkil etmişdir. Bu dövrdə əhalinin pul gəlirləri real ifadədə 2.0 dəfə, adambaşına düşən gəlirlər isə 85%, orta aylıq əmək haqqı 3 dəfə, minimum pensiyanın məbləği 3.8 dəfə, minimum əmək haqqı 6.3 dəfə artmışdır.
2009-cu ildə dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 2004-cü ilə nisbətən 7 dəfə artmış, ölkədə 2004–2009-cu illərdə 32886 yeni müəssisə yaradılmış, 840 minə yaxın yeni iş yeri açılmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində yoxsulluq səviyyəsi son beş ildə 4.1 dəfə azalaraq 44,7 faizdən 11 faizədək enmişdir.
Azərbaycanın uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. 2009–2010-cu illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Eləcə də, "Standard and Poor’s" Beynəlxalq Reytinq Agentliyi tərəfindən ölkə iqtisadiyyatının hazırkı vəziyyəti "Stabil"dən "Pozitiv"ə yüksəldilmişdir.
Növbəti mərhələnin əsas məqsədlərini makroiqtisadi sabitliyin qorunub saxlanılması və iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi təşkil edəcəkdir. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaqdır.
Həmçinin, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcəkdir. Biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı daha da sürətləndiriləcəkdir. Növbəti illərdə də sosial-iqtisadi siyasətin başlıca istiqamətini ölkə əhalisinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edəcəkdir.[13]
2004–2009-cu illərdə xarici ticarət dövriyyəsi 2.8 dəfə, o cümlədən, ixrac 3.9 dəfə, idxal 1.7 dəfə, qeyri-neft ixracı isə 2.4 dəfə artmışdır. 2011-ci ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 36,33 mlrd. ABŞ dolları, o cümlədən idxalın həcmi 9,76 mlrd. ABŞ dolları, ixracın həcmi isə 26,57 mlrd. ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində Azərbaycan Respublikası 149 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmiş və xarici ticarət saldosu müsbət 16,81 mlrd. ABŞ dolları olmuşdur. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə, 2011-ci ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 29,92 faiz, o cümlədən idxal 47,81 faiz, ixrac isə 24,39 faiz artmışdır. 2011-ci ildə ixrac əməliyyatlarında dövlət sektorunun payı 25 250,74 mln. ABŞ dolları (95,03%), özəl sektorun payı 1 127,23 mln. ABŞ dolları (4,24%), fiziki şəxslərin payı 192,92 mln. ABŞ dolları (0,73%) təşkil etmişdir. İdxal əməliyyatlarında isə qeyd olunan dövr ərzində dövlət sektorunun payı 3 404,25 mln. ABŞ dolları (34,89%), özəl sektorun payı 5 901,17 mln. ABŞ dolları (60,49%), fiziki şəxslərin payı 450,55 mln. ABŞ dolları (4,62%) olmuşdur.[17]
İl | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2019 | 2020 |
---|---|---|---|---|---|---|---|---|---|
% | 9,8% | 26,4% | 32,5% | 25% | 10,8% | 9,3% | 5% | 2,2% | -4,3%[19] |
İl | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 | 2018 | 2019 | 2020 | 2021 |
---|---|---|---|---|---|---|---|---|---|---|
mln. manat | 53 995 | 57 708,2 | 58 977,8 | 54 380 | 60 425,2 | 70 135,1 | 80 092 | 81 896,2 | 72 578,1 | 92 857,7 |
% | 102.2 | 105.8 | 102.8 | 101.1 | 96.9 | 100.1 | 101.4 | 102.5 | 95.8 | 105.6 |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Vikianbarda Azərbaycan iqtisadiyyatı ilə əlaqəli mediafayllar var. |