. Love.az

Behram Mirze Qacar - Wikipedia - Love.az

Ana Səhifə - Behram Mirze Qacar

Bəhram mirzə Qacar (fars. بهرام میرزا معزالدوله‎, 1806, Təbriz – 1882, Tehran)— XIX əsr yaşamış Qacar şahzadəsi, dövlət xadimi və valisi. Taxt-tac varisi Abbas Mirzənin ikinci oğlu olan Bəhram Mirzə 1878-ci ildən 21 oktyabr 1882-ci ildə vəfatınadək İranın ədliyyə naziri vəzifəsində çalışmışdır.

Bəhram mirzə Qacar
Doğum tarixi 1806
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 1882
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Atası Abbas Mirzə
Fəaliyyəti dövlət qulluqçusu

O, dövlət idarəsində fəaliyyətinə 1828-ci ildə başlamış və qısa müddət Xoy şəhərinin idarəsini həyata keçirmişdir. 1834-cü il oktyabrın 24-də babası Fətəli şah Qacarın (1797–1834) vəfatından sonra Qacarlar arasında taxt-tac uğrunda mübarizə başlamışdır. Bəhram Mirzə bu qarşıdurmada böyük qardaşı Məhəmməd şah Qacarın (1834–1848) digər şahzadələr üzərində üstünlük qazanmasına yardım etmiş və bunun əvəzində Kirmanşah, Xuzistan və Luristan vilayətlərinə vali təyin edilmişdir. O isə Luristanın idarəsini qardaşı Fərhad Mirzəyə tapşırmışdır.

Bəhram Mirzə britaniyalı hərbi müşavir Henri Rolinsonun dəstəyi ilə itaətsizlik edən Baxtiyari Çahar Ləng tayfasına qarşı hərbi yürüş təşkil etmiş, nəticədə barışıq əldə olunmuşdur. Lakin bölgə əhalisinin narazılığı səbəbilə onun valiliyi qısa sürmüşdür. Sonrakı illərdə müxtəlif vəzifələrdə çalışmış, o cümlədən 1858–1860-cı illərdə Azərbaycanın valisi, 1865–1868-ci illərdə isə hərbi şura rəhbəri olmuşdur. Bu dövrdə "Nizami-nasiri" adlı hərbi təlim kitabçasını tərtib etmişdir. Onun sonuncu vəzifəsi 1878–1882-ci illərdə Ədliyyə naziri olmuşdur.

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Erkən fəaliyyəti
    • 1.2 Kirmanşah və Xuzistan valisi kimi
    • 1.3 Sonrakı fəaliyyəti
  • 2 Ailəsi
  • 3 İrsi
  • 4 Ədəbiyyat
  • 5 İstinadlar
  • 6 Həmçinin bax
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

Erkən fəaliyyəti

redaktə

Bəhram Mirzə Qacar taxt-tac varisi Abbas Mirzənin ikinci oğlu, şah Fətəli şah Qacarın (1797–1834) nəvəsi idi. [1][2]Dövlət qulluğuna 1828-ci ildə Xoy şəhərinə vali təyin olunmaqla başlamışdır.[1] Onun vəziri Mirzə Məhəmməd Qəvamüddövlə idi.[3] Elə həmin il şəhər Rusiya imperiyası tərəfindən mühasirəyə alındıqda, Abbas Mirzə oğlu Bəhram Mirzəni şəhərdən çıxarmış və onun yerinə Əmiraslan xan Dünbülini göndərmişdir.[1]

1834-cü ildə Abbas Mirzə vəfat etdikdən sonra böyük oğlu Məhəmməd Mirzə taxt-tac varisi elan olunmuşdur.[4] Bəhram Mirzə də onun yaxın çevrəsində olmuş, 24 oktyabr 1834-cü ildə Fətəli şahın vəfatından sonra baş verən taxt-tac mübarizəsində Məhəmməd Mirzəni dəstəkləmişdir.[1][4]

Kirmanşah və Xuzistan valisi kimi

redaktə

Yeni şah Məhəmməd Mirzənin əmri ilə Bəhram Mirzə Kirmanşah, Xuzistan və Luristan vilayətlərinin valisi təyin edilmişdi. Həmin ərazilər əvvəllər şahzadələr Məhəmmədhüseyn Mirzə, Əsədullah Mirzə və Nəsrullah Mirzənin nəzarətində idi. Bəhram Mirzə onların müqavimətini aradan qaldıraraq bölgəni yenidən mərkəzi hakimiyyətin tabeliyinə qaytarmışdı. Məhəmmədhüseyn Mirzə Tehrana alternativ yolla çatmağa çalışsa da, yolda yaxalanaraq Ərdəbilə sürgün edilmişdi. Əsədullah Mirzə və Nəsrullah Mirzə də eyni taleyi yaşamış və Tehrana göndərilmişdilər. Daha sonra Bəhram Mirzə Luristanın idarəsini qardaşı Fərhad Mirzəyə həvalə etmişdi.[1]

1835-ci ilin aprelində şahın göstərişi ilə britaniyalı hərbi müşavir Henri Rolinson Bəhram Mirzənin hərbi məsləhətçisi qismində Kirmanşaha göndərilmişdi.[5]

1837-ci ilin yazında Bəhram Mirzə şahın əmri ilə itaətsizlik göstərən Baxtiyari Çahar Ləng tayfasına qarşı hərbi yürüş təşkil etmişdi. Tayfanın başçısı Məhəmmədtağı xan Baxtiyari idi. Rolinsonun hazırladığı kürd süvari alayı, altı top və beş min nəfərlik piyada və süvari qüvvəsi bu yürüşdə iştirak etmişdi. Novruz bayramından sonra Qacar və Baxtiyari qüvvələri Malamir düzündə, Karun çayının sahilində qarşılaşmış, lakin heç bir tərəf üstünlük əldə edə bilmədiyindən barışıq əldə olunmuşdu.[6]

Tarixçi Məhəmmədtağı Sipehrin məlumatına görə, barışıqdan sonra Rolinsona İranın elit hərbi alayı – “Nizam-i Cədid” üçün min nəfərlik Baxtiyari döyüşçüsü seçmək icazəsi verilmişdi. Ardınca Bəhram Mirzə və Rolinson Mungəşt qalasına gedərək Məhəmmədtağı xanla görüşmüş, ona qiymətli daş-qaşla bəzədilmiş qılınc və xələt (şərəf libası) hədiyyə etmişdir. Məhəmmədtağı xan isə Baxtiyari tayfasının illik vergilərini ödəyəcəyinə və lazım gəldikdə şah üçün döyüşlərdə iştirak edəcəklərinə söz vermişdi. Bu öhdəliyin rəmzi olaraq o, qardaşı Əli Nağı xanı Kirmanşaha yaşamağa göndərmişdi.[7] Lakin Çahar Ləng tayfası yalnız 1840-cı illərdə – yeni vali Mənuçöhr xan Gorcinin tətbiq etdiyi sərt tədbirlər nəticəsində vergi ödəməyə başlayır.[8]

Sonrakı fəaliyyəti

redaktə

Kirmanşah əhalisinin narazılığı səbəbilə Bəhram Mirzə tezliklə Tehrana geri çağırılmışdır. 1848-ci ilin dekabrında o, Hüseyn xan Əcudanbaşını əvəz edərək Fars vilayətinin valisi təyin olunmuşdur.[1] O idarəçiliyi dövründə dövlət cənub bölgələrində, o cümlədən Buşehrdə mövqeyini möhkəmləndirmiş, vergi siyasəti gücləndirilmiş və inzibati sistem genişləndirilmişdir. 1849-cu ilin yanvarında vəzifədən azad edilmişdir.[9]

1850-ci ildə Nəsrəddin şah Qacar və baş vəzir Əmir Kəbirin İsfahana səfəri zamanı Bəhram Mirzə Tehranın naib-valisi təyin olunmuşdur. Elə həmin il o, “Nizami-nasiri” adlı hərbi təlim kitabını qələmə almış,[10] bu əsər Tehranda 400 nüsxədə çap olunmuş[1] və rəsmi qəzet “Vəqaye-e İttefaqiyyə” tərəfindən “yaxşı və diqqətlə yazılmış” kimi dəyərləndirilmişdir.[1]

1858-ci ildə ona Azərbaycan valiliyi və “Möizzəddövlə” titulu verilmişdir. Lakin faktiki idarəetmə onun pışkarı (ümumi idarəçisi) Əziz xan Mükriyə həvalə olunmuşdur.[1][11] 1860-cı ildə bu vəzifə taxt-tac varisi Müzəffərəddin Mirzəyə verilmiş, Bəhram Mirzə isə Tehrana çağırılmışdır.[1]

1865–1868-ci illərdə o, Mirzə Məhəmməd xan Sipəhsalar tərəfindən yaradılmış Hərbi Şuranın rəhbəri olmuşdur. Bu şura hərbi kadrların inkişaf etdirilməsi və yeni qaydaların hazırlanması ilə məşğul olurdu.[12]

1865–1869-cu illərdə Xuzistan və Luristan, 1873–1874-cü illərdə isə Mazandaran valisi olmuş, daha sonra yenidən Xuzistan və Luristanın idarəsini üzərinə götürmüşdür. 1878-ci ildə Ədliyyə naziri təyin olunmuş və bu vəzifədə 21 oktyabr 1882-ci ildə ürək tutmasından vəfat edənədək çalışmışdır.[1] O, Rey şəhərində yerləşən Şah Əbdüləzim türbəsində dəfn olunmuşdur.[3]

Ailəsi

redaktə

Bəhram mirzənin törəməsi Müəzzi soyadını daşıyır. Bəhram mirzənin İsmayıl mirzə adlı oğlu vardı. Qızı tanınmış hüquqşünas Mirzə Əbutalib Zəncani ilə ailə qurmuşdur.[13]

İrsi

redaktə

Nadir Mirzənin Azərbaycan valilərinə həsr etdiyi bioqrafiyasında Bəhram Mirzəyə çox az yer ayrılmışdır. Bu isə onun hərbi xidmət istisna olmaqla başqa sahələrə xüsusi maraq göstərmədiyini göstərir. Onun tabeliyində olan əhalinin sosial rifahı ilə maraqlandığına dair heç bir məlumat yoxdur. Əyalətlər üzrə tez-tez dəyişən valilik təyinatları onun sərvət toplamaq siyasəti yürütməsinə işarədir. Məhz bu səbəbdən yerli əhali arasında narazılıq yaranmış və nəticədə o, bir neçə dəfə vəzifəsindən uzaqlaşdırılmışdır.[1]

Ədəbiyyat

redaktə
  • Busse, H. ʿAbbās Mīrzā Qajar // Yarshater, Ehsan (redaktor). Encyclopædia Iranica, Volume I/1: Āb–ʿAbd-al-Hamīd. London and New York: Routledge & Kegan Paul. 1982. 79–84. ISBN 978-0-71009-090-4.
  • Calmard, Jean. ʿAzīz Khan Mokrī // Yarshater, Ehsan (redaktor). Encyclopædia Iranica, Volume III/3: Azerbaijan IV–Bačča(-ye) Saqqā. London and New York: Routledge & Kegan Paul. 1988. 261–263. ISBN 978-0-71009-115-4.
  • Davies, Charles Edward. "Qajar Rule in Fars Prior to 1849". Iran. 25. 1987: 125–153. doi:10.2307/4299789. ISSN 0578-6967. JSTOR 4299789. OCLC 819189725.
  • Ebrahimnejad, Hormoz. Medicine, Public Health, and the Qājār State: Patterns of Medical Modernization in Nineteenth-century Iran. Brill. 2004. ISBN 978-9004139114.
  • Hambly, Gavin R. G. Iran during the reigns of Fath 'Alī Shāh and Muhammad Shāh // Avery, Peter; Hambly, Gavin R. G.; Melville, Charles Peter (redaktorlar ). The Cambridge History of Iran, Volume 7: From Nadir Shah to the Islamic Republic. Kembric: Cambridge University Press. 1991. 144–173. ISBN 0-521-20095-4.
  • Khazeni, Arash. Tribes and Empire on the Margins of Nineteenth-Century Iran. University of Washington Press. 2009. ISBN 978-0295989952.
  • Rabiei, Manijeh. Bahram Mirza Mo'ez od-Dowleh // Encyclopaedia of the World of Islam (Persian). 4. Encyclopaedia Islamica Foundation. 2004. ISBN 978-964-447-004-2.
  • Nava'i, A. Bahrām Mīrzā, Moʿezz-al-Dawla // Yarshater, Ehsan (redaktor). Encyclopædia Iranica, Volume II/5: Armenia and Iran IV–Art in Iran I. London and New York: Routledge & Kegan Paul. 1986. 524. ISBN 978-0-71009-105-5.
  • Sahraei, Shahram. Mirza Abotaleb Zanjani // Encyclopaedia of the World of Islam (Persian). 21. Encyclopaedia Islamica Foundation. 2016. ISBN 978-964-447-004-2.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Nava'i, 1986. səh. 524
  2. ↑ Busse, 1982. səh. 79–84
  3. ↑ 1 2 Rabiei, 2004
  4. ↑ 1 2 Calmard, 2004
  5. ↑ Hambly, 1991. səh. 173
  6. ↑ Khazeni, 2009. səh. 49
  7. ↑ Khazeni, 2009. səh. 228 (see note 21)
  8. ↑ Khazeni, 2009. səh. 49–50
  9. ↑ Davies, 1987. səh. 134
  10. ↑ Ebrahimnejad, 2004. səh. 56
  11. ↑ Calmard, 1988. səh. 261–263
  12. ↑ Ebrahimnejad, 2004. səh. 55–56
  13. ↑ Sahraei, 2016

Həmçinin bax

redaktə
  • Qacarlar

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bəhram_mirzə_Qacar&oldid=8246057"
LOVE.AZ