Edvard Vrdolyak (ing. Edward Vrdolyak, "Fast Eddie"; 28 dekabr 1937, Çikaqo, İllinoys) — amerikalı siyasətçi və hüquqşünas. Uzun illər Çikaqo Şəhər Şurasının üzvü olmuş,[1] həmçinin Kuk dairəsi Demokratik Partiyasının rəhbəri kimi fəaliyyət göstərmişdir. 1980-ci illərdə Harold Vaşinqtonun merliyi dövründə baş verən Şura müharibələri (ing. Council Wars) zamanı əsas müxalif lider olmuşdur.[2]
Edvard Vrdolyak | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 dekabr 1937(1937-12-28) (87 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
![]() |
Edvard Vrdolyak Çikaqo siyasətində sərt və kompromissiz lider kimi tanınmışdır. “Fast Eddie” ləqəbi ilə məşhur olmuşdur.[3][4] Bəzi müşahidəçilər onu siyasi bacarığı və strateji qabiliyyətinə görə tərifləyir, digərləri isə onu irqi və siyasi bölücülüyə rəvac verməkdə ittiham edirlər.[5]
Edvard Vrdolyak 1937-ci il dekabrın 28-də Çikaqo şəhərində, Xorvatiya əsilli ailədə anadan olmuşdur.[6] Maunt Karmel Liseyində təhsil almış, daha sonra İndiana ştatındakı Müqəddəss İosif Kollecində oxumuşdur. 1963-cü ildə Çikaqo Universitetinin Hüquq fakültəsini bitirmiş və hüquqşünas kimi fəaliyyətə başlamışdır. Vrdolyak 1971–1987-ci illərdə Çikaqo Şəhər Şurasında 10-cu dairənin nümayəndəsi olmuşdur.[7] 1977–1983-cü illərdə şuranın sədri vəzifəsində çalışmış, 1982–1987-ci illərdə isə Kuk dairəsi Demokratik Partiyasına rəhbərlik etmişdir.[8]
1983-cü ildə Harold Vaşinqtonun şəhərin ilk afroamerikalı meri seçilməsindən sonra,[9] Vrdolyak 29 nəfərlik müxalifət koalisiyasına rəhbərlik edərək, Vaşinqtonun irəli sürdüyü qanunvericilik təşəbbüslərini sistematik şəkildə bloklamışdır. Bu dövr Çikaqo siyasi tarixində “Şura müharibələri” adı ilə tanınır. Koalisiya əsasən ağdərili və latın əsilli şura üzvlərindən ibarət idi.[10]
1987-ci ildə Vrdolyak Demokrat Partiyasından çıxaraq Respublikaçı Partiyaya (ABŞ) keçdi və Çikaqo meri postuna namizəd oldu,[11][12] lakin məğlub oldu. 1989-cu ildə yenidən siyasi arenaya qayıtmağa çalışsa da, nəticə əldə edə bilmədi. 1990-cı illərdən sonra daha çox hüquqi fəaliyyətlə məşğul oldu.[13]
Vrdolyak uzun illər şəxsi hüquq firmasına rəhbərlik etmişdir. 2000-ci illərdə bir sıra maliyyə və vergi cinayətlərində ittiham olunmuşdur.[14] 2008-ci ildə federal məhkəmə tərəfindən dələduzluq və poçt saxtakarlığı ittihamları ilə günahkar bilinmiş, 2010-cu ildə 10 ay müddətinə azadlıqdan məhrum edilmişdir.[15]
2019-cu ildə vergi qaçaqçılığına görə yeni ittihamlarla üzləşmiş və günahını etiraf etdikdən sonra 2021-ci ildə həbsə göndərilmişdir.[16][17] 9 mart 2023-cü ildə Vrdolyak reabilitasiya mərkəzindən buraxılmışdır.[18]