Həsənəli Mirzə Qovanlı-Qacar (1789-1855) — Qacar şahzadəsi, Fətəli şah Qacarın (1797–1834) oğullarından biri və dövrünün tanınmış hərbi-siyasi fiqurlarından olmuşdur. O, Kirman, Yəzd və Xorasan əyalətlərində vali (şahzadə-hakim) kimi xidmət etmiş, hərbi bacarığı və cəsarəti ilə tanınmışdır. Atası Fətəli şahın vəfatından sonra 1834-cü ildə taxt uğrunda baş verən çəkişmələrdə qardaşı Hüseynəli Mirzənin tərəfində çıxış etmiş, bu hadisələrin nəticəsində tutulmuş, kor edilmiş və uzun müddət zindanda saxlanılmışdır. Eyni zamanda, fars dilində “Şikəst” təxəllüsü ilə şeirlər yazan bir şair kimi də tanınırdı.
Həsənəli mirzə Qovanlı-Qacar | |
---|---|
Həsənəli mirzə Fətəli şah oğlu Qovanlı-Qacar | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Şiraz |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran |
Atası | Fətəli şah Qacar |
Fəaliyyəti | siyasətçi |
Həsənəli Mirzə 1790-cı ildə Qacar hökmdarı Fətəli şahın altıncı oğlu kimi dünyaya gəlmişdir.[1] Onun anası Bədr Cahan xanım idi.[2] O, 1804–1816-cı illər arasında Tehran, Bəstam və Cacərm, təqribən 1816/17–1823/1827-ci illərdə isə Xorasanın şahzadə-hakimi olmuşdur. Sonradan 1827/28–1835-ci illərdə Kirman və Yəzd vilayətlərinə təyin edilmişdir.[3][4]
O, hərbi sahədə istedadı və fəaliyyətləri ilə seçilsə də, qardaşı və taxtın varisi Abbas Mirzə (1789–1833) ilə münasibətləri gərgin idi.[3] 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasından sonra, Həsənəli Mirzə atasına müraciət edərək “Nayibüs-səltənə” titulunun ona verilməsini istəmiş və Rusiya ilə müharibənin davam etdirilməsi üçün orduya başçılıq etməyə hazır olduğunu bildirmişdir.[5] Lakin Fətəli şah bu təklifi qəbul etməmiş, onu Kirman və Yəzdin şahzadə-hakimi təyin etmişdi.[6]
Onun doğma qardaşı Hüseynəli Mirzə isə 1799-cu ildən etibarən Fars vilayətində şahzadə-hakim olaraq xidmət göstərirdi. Hər iki qardaş Abbas Mirzəyə və onun oğlu, sonralar taxta çıxacaq Məhəmməd Mirzəyə qarşı açıq şəkildə müxalif mövqe tutmuşdu. Hüseynəli Mirzə özünü atasının legitim varisi hesab edir, sərvət və güc sahibi kimi mərkəzi hakimiyyəti tanımırdı.[6]
1830-cu illərin əvvəllərində Həsənəli Mirzə qardaşı Hüseynəli Mirzənin taxt iddiasını fəal şəkildə dəstəkləmişdir. Fətəli şahın 24 oktyabr 1834-cü ildə vəfatından sonra Məhəmməd Mirzə Tehranda taxta çıxdı.[6] Bu hadisədən az əvvəl, 4 dekabr 1834-cü ildə Hüseynəli Mirzə Şirazda özünü şah elan etmişdir. Bu zaman onun adından sikkələr kəsilmiş (qızıl və gümüş Şirazda, gümüş isə Kirman və Yəzd vilayətlərində), həmçinin cümə xütbələrində adı çəkilmişdir. Lakin bu qısa müddətli hakimiyyət mərkəzi hökumət qüvvələri tərəfindən yatırılmış, Hüseynəli Mirzə tutulmuş və Tehrana göndərilmişdir. O, 22 iyul 1835-ci ildə zindanda vəba xəstəliyindən vəfat etmişdir.[6]
Həsənəli Mirzə də 1835-ci ildə tutulmuş və kor edilmişdi.[6] Əvvəlcə Ərdəbildə bir qalada, sonra isə 1837-ci ildə Təbriz zindanına köçürülmüşdü. 1848-ci ildə Nasirəddin şahın taxta çıxmasından sonra azadlığa buraxılmış və Tehranda yaşamasına icazə verilmişdir. Lakin uzun illər zindan həyatı və korluğu onun sağlamlığını xeyli zəiflətmişdi. Həsənəli Mirzə həm də ədəbi fəaliyyət göstərmiş, fars dilində “Şikəst” təxəllüsü ilə şeirlər yazmışdır. O, 1854-cü ildə vəfat etmiş, Osmanlı İmperiyasına bağlı Bağdad vilayətində yerləşən Kərbəlada, İmam Hüseyn məqbərəsi yaxınlığında dəfn edilmişdir.[6]
Həsənəli Mirzə Murtuzaqulu xan Qovanlı-Qacarın qızı ilə, İbrahim xan Dəvəli-Qacarın qızı ilə, İshaq xan Türbətinin qızı ilə, Qumlu bir xanımla ailə qurmuşdu. Hülaku Mirzə, Ərqun Mirzə, Oqtayqaan Mirzə adlı oğlu, Əxtərüssəltənə xanım adlı qızı vardı.