Korduena və ya Qorduena (kürd. Kardox; türk. Karduya; erm. Կորճայք, translit. Korçayk; yun. Κορδυηνή translit. Kordyini; ivr. קרטיגיני translit. Kartigini)[1] — Orta Şərqdə, Yuxarı Mesopatamiyada, Türkiyə ilə Suriya sərhədləri arasında qədim tarixi region.
1911-ci il Britannika Ensiklopediyasına görə, Korduena Bohtan regionunun (indiki Şırnak ili) qədim adıdır.[2] Region süryani mənbələrində Bet Kardu adlanır və Ermənistan ilə İran arasında, Van gölünün cənubundakı dağlıq ərazidə yerləşən kiçik bir vassal dövləti olduğu qeyd edilir. Korduena krallığının Dəclə çayının qərb sahillərində də torpaqları var idi.
Krallığın yerli əhalisi karduxi olmuşdur.[2][3] Korduena krallığının əsası Selevkilər imperiyasının süqutundan sonra qoyulmuşdur.[4] Korduena krallığı e.ə. 66-cı ildə Roma Respublikasının vassalına çevrildi[5] və romalılar ilə b.e. 384-cü ilinə müttəfiq qaldı.[6] Karduçilər hürri göy tanrısı olan Teşuba sitayiş edirdilər.[7]
Arşak Safrastyana görə, əntiq yunan ədəbiyyatında adları çəkilən midiyalılar və saklar qərəzli şəkildə təsvir edilmişdir. Safrastyan karduxiləri kutilər ilə bərabərləşdirir.[8]
Corc Roulinson kimi XIX əsr alimləri Korduena krallığını müasir kürdlər ilə əlaqələndirir, onun qədim Kürdüstan olduğunu irəli sürürdülər.[9][10] Bu nöqteyi-nəzər Korduenanı protokürd[11] və ya müasir Kürdüstanın qədim adı[12] kimi görən yeni akademik mənbələr tərəfindən dəstəklənmişdir. Əlavə olaraq, Kolumbiya Ensiklopediyasında bu iddianın həqiqətə uyğun olduğu qəbul edilmişdir.[13]
T. A. Sinkler bu təyinetmənin həqiqətə uyğun olmadığını bildirmişdir.[14]
Bu adın tarix boyu çoxlu formaları olub. Buna əsas səbəb x səsinin latın dilində təmsil edilməsinin çətin olmasıdır. Karduçoy sözü özü yəqin ki, erməni dilindən alınıb, çünki -çoy şəkilçisi erməni dilindəki -x cəm şəkilçisi ilə bağlantılıdır.[15]
İnanılır ki, karduxilər hansısa bir qədim İran dilində danışırdılar.[16][17]