Marqarita Aleksandrovna Barskaya (rus. Маргари́та Алекса́ндровна Ба́рская; 6 (19) iyun 1903, Bakı – 23 iyul 1939, Moskva) – SSRİ aktrisası, kinorejissoru və ssenaristi.
Marqarita Barskaya | |
---|---|
Doğum tarixi | 6 (19) iyun 1903 |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyul 1939(1939-07-23) (36 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | kinorejissor, aktrisa, ssenarist |
IMDb | ID0058283 |
Marqarita Barskaya 6 iyun (19) 1903 1903-cü ildə Bakıda anadan olmuşdur. Ailədə ondan başqa iki kiçik bacısı – Anna (1905) və Yevgeniya (1907) var idi. Beş yaşında olan zaman atası ailəni tərk etmiş, boşanma Orşadan olan yəhudiəsilli ailəsindən modaçı[1][2] anası Mariya Moiseyevna Barskaya tərəfindən təşəbbüs edilmişdi.[3][4] Atasına qarşı küskünlüyü səbəbindən Barskaya sonradan pasport alarkən özünə fərqli ata adı seçmişdi. Altı yaşında Bakıda qastrol səfərində olan Vera Komissarjevskaya ilə eyni səhnədə çıxış etmişdi. Aktrisa olmaq arzusu ilə 1921-ci ildə Birinci Azərbaycan Dövlət Dram Studiyasına daxil olmuşdur. Studiyanı bitirdikdən sonra Vladimir Tatişşevin “Qırmızı məşəl” Qastrol Eksperimental Teatr-Studiyasının truppasına qoşulmuşdur.[5]
Odessada qastrol səfəri zamanı Barskaya VUFKU studiyasına dəvət olunmuş və burada rejissor Pyotr Çardının ilə tanış olmuşdur. O, 23 yaşında ikən 52 yaşlı kinopatriarx Çardının ilə evlənmişdir.[6] o, Tatişşevin truppasını tərk etmiş, 1923–1924-cü illər mövsümündə A. İvanov adına Odessa Rus Dram Teatrında səhnəyə çıxmışdır. Aleksandr Qrinberqin nü janrında foto model kimi çəkilmişdir. Kinoda çəkilən zaman rejissor köməkçisi və assistenti işinə maraq göstərmiş, Çardının onu montaj işinə öyrətmişdi. 1925-ci ildə onun təklifi ilə uşaqlar üçün “Taras Şevçenko” filminin xüsusi versiyası – “Tarasın həyatı” və ya “Kiçik Taras” adlanan versiya çəkilmişdir.[6][7]
Moskvada uşaq filmləri fabrikinin təşkilində iştirak etmiş, İnqilabçı Kinematoqrafiya Assosasiyasında “uşaq sektsiyası”nın yaradılmasında rol oynamış və Xalq Maarifi Komissarlığı yanında xüsusi kino şurasının üzvü olmuşdur.[8] “Mejrabpomfilm” studiyasında (1936-cı ildə “Soyuzdetfilm”ə çevrilmişdir) rejissor və ssenarist kimi çalışmış, ssenarilər, esse, hekayələr, uşaqlarla iş metodları, uşaq kinosunun xüsusiyyətləri və repertuarı haqqında məqalələr yazmışdır.[9] “Krokodil” jurnalında dərc olunmuşdur.[8]
1930-cu ildə məktəblilər üçün ilk müstəqil mədəni-maarif filmi “Kim daha lazımlı – nə daha vacibdir”i çəkmişdir.[5][9] Öz ssenarisi əsasında çəkdiyi ilk tammetrajlı səsli bədii film “Cırıq başmaqlar” böyük uğur qazanmış və rəsmi sovet kinotənqidində kinematoqrafiyanın inkişafında mühüm mərhələ hesab edilmişdir.[10] Növbəti filmi “Ata və oğul” da öz ssenarisi əsasında çəkilsə də, ekranlara buraxılmamışdır. Barskaya ideoloji tənqidə məruz qalmış və 1937-ci ilin iyununda “Soyuzdetfilm” studiyasından uzaqlaşdırılmışdır. 1939-cu ilin əvvəlində Anton Makarenko ilə birgə “Qüllələrdəki bayraqlar” filminin ssenarisini yazmış, lakin Qorki adına Kinostudiyanın rəhbərliyi Barskayanın Karl Radekin sevgilisi olması səbəbindən filmi bu ssenari əsasında çəkməkdən imtina etmişdir.[11]
23 iyul 1939-cu ildə Barskaya kinostudiyada keçirilən iclasdan sonra, burada faktiki olaraq peşəsindən uzaqlaşdırıldığı üçün pilləkan boşluğuna atılaraq intihar etmişdir.[5] İntiharın rəsmi səbəbləri açıqlanmamışdır. Bəzi mənbələr intiharın uzunmüddətli yaradıcılıq durğunluğu və bunun nəticəsində maddi çətinliklərlə bağlı olduğunu hesab edir.[7]
O, Yeni Donskoye qəbiristanlığında, 9-cu kolumbari, 1-ci bölmədə dəfn olunmuşdur.[12]