. Love.az

Salur Qazanin Evinin Yagmalandigi Boy - Wikipedia - Love.az

Ana Səhifə - Salur Qazanin Evinin Yagmalandigi Boy
Bu səhifədə iş davam etməkdədir.
Müdaxilə etməyə tələsməyin!
  • Əgər kömək etmək istəyirsinizsə, ya da səhifə yarımçıq qalıbsa, səhifəni yaradan istifadəçi ilə əlaqə qura bilərsiniz.
  • Səhifənin tarixçəsində səhifə üzərində işləmiş istifadəçilərin adlarını görə bilərsiniz.
  • lərinizi mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Bu məqalə sonuncu dəfə 1 saniyə əvvəl Scherbatsky12 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Salur Qazanın evinin yağmalandığı boy — Kitabi Dədə Qorqud dastanına daxil olan boylardan biri.

Mündəricat

  • 1 Kitabi Dədə Qorqud dastanının tədqiqi
  • 2 Məzmunu
  • 3 Obrazlar
  • 4 Mətndəki motiflər
  • 5 İstinadlar
  • 6 Ədəbiyyat

Kitabi Dədə Qorqud dastanının tədqiqi

redaktə

“Kitabi-Dədə Qorqud” dastanının nəşr və elmi tədqiqi iki əsrə yaxın bir dövrü əhatə edir və dünya şərqşünaslığının mühüm istiqamətlərindən birinə çevrilmişdir. Dastan haqqında ilk məlumat XVIII əsrdə – alman şərqşünası Yakob Reyske (1716–1774) və Şərq əlyazmaları kataloqunu tərtib edən Fleyşer tərəfindən verilmişdir. Lakin abidənin sistemli şəkildə nəşri və elmi-tənqidi tədqiqinə yalnız XIX əsrdən başlanmışdır.[1]

Bu sahədə mühüm ilkin addım alman şərqşünası Fridrix fon Ditsin adı ilə bağlıdır. O, Drezden Kitabxanasında “Kitabi-Dədə Qorqud”un müqəddiməsi və on iki boydan ibarət nüsxəsini aşkar etmiş, 1815-ci ildə isə bu mətnləri ilk dəfə elmi ictimaiyyətin diqqətinə çatdırmışdır. Beləliklə, fon Dits “Kitabi-Dədə Qorqud”un Avropa elmi mühitində tanıdılmasının əsasını qoymuşdur.

XX əsrdə bu istiqamətdə tədqiqatlar davam etdirilmişdir. 1952-ci ildə italyan şərqşünası Ettore Rossi tərəfindən Vatikan Kitabxanasında tapılmış və altı boydan ibarət olan digər bir nüsxə elmi müqəddimə ilə nəşr etdirilmişdir. Bu, abidənin başqa bir versiyasının mövcudluğunu sübut etməklə yanaşı, mətnin komparativ tədqiqinə yeni imkanlar yaratmışdır.[2]

Ən son mühüm hadisə isə 2019-cu ildə baş vermişdir. Həmin il “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi aşkarlanmışdır. Bu nüsxə “Türkmənsəhra nüsxəsi” adı ilə tanınır və onun üzə çıxarılması dastanın coğrafi yayılma arealının daha geniş olduğunu və xalq yaddaşında müxtəlif formalarda yaşadığını göstərmişdir.[3]

“Salur Qazanın evinin yağmalandığı boy” hər üç nüxsəyə daxil olan boylardan biridir.[4]

Məzmunu

redaktə

Boy Salur Qazanın ova çıxması ilə başlayır. O, evini oğlu Uruzun rəhbərliyi altında üç yüz keşikçi ilə qorumağa tapşırır və özü başının dəstəsi ilə birlikdə ov məqsədilə eldən ayrılır. Bu zaman düşmən tərəf – Şöklü Məlikin adamları – Salur Qazanın evdə olmadığını öyrənir və bu vəziyyətdən istifadə edərək qəfil hücum təşkil edirlər. Hücum nəticəsində Oğuz eli talan edilir, Qazanın evləri və xəzinəsi ələ keçirilir. Onun anası, xanımı Burla xatun, qırx incəbelli qız və oğlu Uruz 300 igidlə birlikdə əsir götürülür.

Düşmən hücumla kifayətlənməyib Salur Qazana məxsus olan mal-qaranı da ələ keçirmək niyyətinə düşür. Bu qoyun sürüləri Dəmirqapı Dərbənddə yerləşir və onların mühafizəsi Qaraca Çobanın öhdəsindədir. Hadisələrdən xəbərsiz olan çoban həmin vaxt yatmış olur. Gecə vaxtı pis yuxu görərək yuxudan ayılır, bu yuxunu təhlükənin əlaməti kimi yozaraq tədbir görməyə başlayır. Üç yerdən təpə boyda daş yığır, sapandını hazırlayır və gözləməyə başlayır.

Bir qədər sonra altı yüz nəfərlik düşmən dəstəsi sürüləri ələ keçirmək məqsədilə çobanın olduğu yerə gəlir. Onlar Qaraca Çobana təslim olmağı və sürüləri verməyi təklif edirlər, əks təqdirdə zorla alacaqlarını bildirirlər. Qaraca Çoban bu təhdidə qətiyyətlə müqavimət göstərir və döyüş başlayır. Çoban sapandla düşmənə daş ataraq çox sayda düşməni zərərsizləşdirir. Daşları tükəndikdə isə qoyun-keçini düşmənlərin üstünə yönəldərək hücumu davam etdirir. Bu qeyri-adi mübarizə üsulu nəticəsində düşmən qorxuya düşərək geri çəkilir. Bəziləri öldürülür, sağ qalanlar qaçır.

Daha sonra Salur Qazan ovdan qayıdır və döyüş meydanında düşmən meyitləri ilə qarşılaşır. Qaraca Çobandan hadisənin təfərrüatını öyrənir. Qazan xan eşitdiklərindən dərin hiddətlənir və qisas almaq məqsədilə düşmənin üzərinə yürüşə çıxmaq qərarı verir. Qaraca Çoban da onunla birgə getmək istəyir. Lakin Qazan xan onun iştirakını uyğun saymır, çünki çobanın iştirakının düşmən tərəfindən alçaldıcı formada yozula biləcəyini düşünür. Bu səbəbdən çobanı bir ağaca möhkəm bağlayaraq yola çıxır.

Qaraca Çoban isə bu qərarla razılaşmır. Ağacı kökündən qoparıb belinə alaraq Qazan xanın ardınca yola düzəlir. Bunu görən Qazan xan atından düşür, çobanın əllərini açır və sədaqətinə görə onu mükafatlandıracağına söz verir. Beləliklə, Qaraca Çoban yenidən Salur Qazanla birlikdə düşmənin üzərinə hərəkət edir.

Bu arada Şöklü Məlik Burla xatunu özünə arvad etmək niyyətindədir. O, əyanlarını göndərərək Burla xatunun gətirilməsini əmr edir. Əyan Burla xatunun olduğu yerə gəlir və onu səsləyir. Burla xatunla birlikdə olan qırx qız eyni anda dilləndikləri üçün Burla xatunu müəyyən etmək mümkün olmur. Əyan geri dönərək vəziyyəti Məlikə bildirir. Məlik yeni bir plan qurur: Burla xatunun oğlu Uruzu öldürməyi və onun ətindən qovurma hazırlayıb əsir qızlara yedirtməyi əmr edir. Məqsəd yeməkdən imtina edən şəxsin Burla xatun olduğunu aşkar etməkdir.

Uruzun qətlə yetirilməsi üçün hazırlıq görülərkən Salur Qazan və onun ordusu hücuma keçərək düşmən qüvvələrini məğlub edir. Qazan xan anasını, Burla xatunu, oğlunu və digər əsirləri azad edir. Beləliklə, Oğuz eli düşmən təzyiqindən xilas olunur və ilkin vəziyyətinə qayıdır.

Boyun sonunda Dədə Qorqud səhnəyə çıxır, “boy boylayır, söz söyləyir” və hadisələrin yekunu epik forma ilə ifadə olunur.

Obrazlar

redaktə

Salur Qazan. Salur Qazan “Kitabi-Dədə Qorqud” dastanının əsas simalarından biri kimi təkcə ədəbi qəhrəman deyil, həm də ictimai və siyasi lider obrazında təqdim olunur. Dastan mətnlərinə və tarixi qaynaqlara əsaslanan tədqiqatlarda onun Oğuz elinin ümumi problemlərini həll etmək səlahiyyətinə malik olduğu, bu məqsədlə toy çağırmaq kimi mühüm bir funksiyanı icra etdiyi qeyd olunur. Bu, Salur Qazanın yalnız igid bir alp deyil, eyni zamanda təşkilatçı və ağsaqqal statusunu da daşıdığını göstərir.

Dastandakı hadisələrdən aydın olur ki, o, rəsmi olaraq Bayandur xandan sonra gələn bir şəxs olsa da, real və fəal surətdə xalqın taleyində daha aktiv rol oynayır. Bu baxımdan Salur Qazan, Oğuzların bəylərbəyi funksiyasını yerinə yetirən sima kimi dəyərləndirilir. Onun obrazına yalnız “Kitabi-Dədə Qorqud”da deyil, həmçinin Oğuz və Qıpçaq mühitinə aid digər türk epik mətnlərində də tez-tez rast gəlinməsi, bu qəhrəmanın türk mifoloji yaddaşında daha geniş coğrafiyada və zaman kəsiyində yaşadığını sübut edir.

Müasir tədqiqatlarda Salur Qazan obrazı ilə tarixi şəxsiyyətlər arasında əlaqələr də qurulur. Xüsusilə Qıpçaqların ulu babaları sayılan Göytürklərlə, Oğuzların mənşəyinə bağlanan Türgişlər arasındakı qarşıdurmalar kontekstində aparılan araşdırmalarda, “Dədə Qorqud Kitabı” ilə “Şəcərə-i Tərakimə” əsərindəki rəvayətlərin birinci folklor qatını təşkil etdiyi göstərilir. Bu yanaşmalara əsasən, dastandakı Salur Qazan obrazının tarixi müvafiqi kimi Su-Lu Xaqan göstərilir.[5]

Bundan əlavə, Salur Qazan obrazı sadəcə fərdi qəhrəmanlıq simvolu deyil, bütövlükdə cəmiyyətin dayağı kimi bu sözlərlə - Bir gün Ulaş oğlı, Tulu quşun yavnsı, bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, xan Uruzun ağası, Bayındır xanın güyəgisi, Qalın Oğuzun dövləti,qalmış yigit arxası Salur Qazan yerindən durmışdı - təqdim olunur. O, xalqın ruhunu təmsil edən, cəsurluğu ilə tanınan qəhrəmanlar nəslinə mənsubdur. Dastanda onun ailəsi də igidlik, sədaqət və fədakarlıq xüsusiyyətləri ilə seçilir. Beləliklə, Salur Qazan həm fərdi cəsarətin, həm də kollektivi qoruyub yaşadan mənəvi dayağın təcəssümüdür.

Qaraca Çoban. Dədə Qorqud dastanları çərçivəsində çoban obrazı yalnız iqtisadi fəaliyyət sahəsinin daşıyıcısı olaraq deyil, həm də sakral və mifik funksiyalarla yüklənmiş kompleks obraz kimi çıxış edir. Bu baxımdan “Salur Qazanın evi talandığı boy”da yer alan Qaraçuq (Qaraca) Çoban obrazı mədəni qəhrəmanlıq, dini-mifik təfəkkür və sosial etibar qatlarının vəhdətində təqdim olunur.

Orta Asiya türk toplumlarında geniş yayılmış “Çoban Ata” kultu, çobanların və onlara məxsus sürülərin qoruyucu ata ruhlar tərəfindən himayə olunduğuna dair inanc sisteminə əsaslanır. Türkmənlərdə “Çoban Ata”, qazaxlarda “Şopan Ata”, qırğızlarda “Çapan Ata”, tatarlar arasında isə “Çupan” və ya “Çulpan Ata” kimi tanınan bu antropomorf varlıqlar göy çəmənliklərdə sürüləri otaran, ilk çobanlıq edən mifik-sivil qəhrəmanlar sayılır. Bu kultun İslamlaşma mərhələsində həmin qəhrəmanların evliya funksiyası ilə yükləndiyi müşahidə olunur.

Dədə Qorqud mətnində Qaraçuq/Qaraca Çoban ilk dəfə “Salur Qazanın evi talandığı boy”da önəmli personaj olaraq görünür. Onunla yanaşı, digər boylarda da – məsələn, “Qazılıq Qoca oğlu Yeyənək” və “Təpəgöz” boylarında – fərqli çoban adlarına rast gəlinir. Lakin onların funksiyası passiv, təsviri xarakter daşıyır. Qaraçuq/Qaraca Çoban isə qəhrəmanlıq funksiyasını fəal şəkildə icra edir.

“Qaraçuq” adının müxtəlif coğrafi məkanlara (Türküstan, Tanrı Dağları, Musul və Diyarbəkir ətrafı yaylaqlar) aid toponim olması bu qənaətə gəlməyə əsas verir ki, çoban öz adını qoyun otardığı ərazidən yox, doğulduğu yerdən alır.

Boyda altı yüz nəfərlik düşmən dəstəsinin Qazanın mal-mülkünü, xüsusilə qoyun sürülərini ələ keçirmək istəyi əks olunur. Qaraçuq/Qaraca Çoban hadisələrdən öncə narahatedici bir yuxu görür. Dədə Qorqud mətnlərində yuxuların qəhrəmanlara xəbərdarlıq funksiyası daşıması yayılmış motivdir və burada da həmin ənənə qorunur.

Qoyun sürüsü bu toplumun iqtisadi və sosial həyatında strateji əhəmiyyət daşıdığından onun qorunması çobanın əsas vəzifəsinə çevrilir. Qaraçuq/Qaraca Çoban fiziki güc və döyüş bacarığı baxımından son dərəcə mübaliğəli şəkildə təsvir olunur – o, bir ağacı kökündən çıxara biləcək qədər qüvvətli sayılır. Eyni zamanda onun Qabangücü və Dəmirgücü adlı iki qardaşının olması və boyun narrativində “üç qardaş” motivinin işlədilməsi dastandakı müqəddəs sayılacaq ədədlərlə bağlı epik kodların bir parçasıdır.

Döyüş səhnəsində Qaraçuq/Qaraca Çoban 300 nəfər düşməni təkbaşına sapanla məhv edir, lakin bu zaman iki qardaşını itirir. Hadisələrdən sonra Qazan xan yuxuda gördüyü narahatlıq səbəbilə yurduna qayıdır, çobanla görüşür və baş verənləri öyrənir. Bu zaman çobanın Qazana yönəltdiyi sual – “belə bir hadisə baş verəndə sən haradaydın?” – epik mətn çərçivəsində liderə qarşı tənqidi baxışın mümkünlüyünü və sosial məsuliyyət prinsipini ortaya qoyur.

Mətndəki motiflər

redaktə

Bu boyda diqqətçəkən əsas simvol və motivlərdən biri “ev” anlayışıdır. Görünüşdə fiziki bir məkan təsiri bağışlayan bu anlayış, əslində kollektiv kimliyi, siyasi nizamı, ailə və dövlət varlığını, həmçinin mədəni yaddaşı təmsil edən çoxqatlı bir məna daşıyır. Mətndə “ev” sözü ilk dəfə Aruz Qocanın Salur Qazana ünvanladığı belə bir sualda keçir:[6]

“Ağam Qazan, sası dinli Gürcüstan ağzında oturursın, ordun üstinə kimi qorsın?”

Salur Qazanın cavabı:

“Üç yüz igid ilə oğlum Uruz mənim evim üstinə dursun, dedi.”

Buradakı “evin üstinə durmaq” ifadəsi sadəcə fiziki qoruma mənasında deyil, siyasi və sosial vəkaləti icra etmək, idarəçiliyi müvəqqəti təhvil almaq mənasında işlənmişdir. Bu anlayış, Göytürk abidələrində — xüsusilə Kültigin yazıtının şimal üzündə — hakimiyyətin və dövlətin mərkəzi dayağı kimi işlədilən “ev” konsepti ilə də paralellik təşkil edir. Beləliklə, “ev” türk siyasi-ideoloji düşüncəsində milli bütövlük və müqəddəs dəyərlərin qorunduğu mərkəz olaraq çıxış edir.[7]

Boyda “ev”in düşmən tərəfindən yağmalanması təkcə şəxsi fəlakət deyil, bütün bir xalqın varlığına qarşı yönəlmiş ideoloji və fiziki təhdid kimi təqdim olunur. Ev talan ediləndə düşmən tərəfindən görülən işlərin sırası mənəvi deqradasiyanı açıq şəkildə göstərir: qadınların cariyə və kölə edilməsi, oğulların öldürülməsi, ailənin, dolayısıyla xalqın kökündən məhv edilməsi.[6]

“Salur Qazanın evinin yağmalandığı boy”, yalnız qəhrəmanlıq və döyüş səhnələri ilə deyil, həm də türk mifoloji və mənəvi düşüncəsinin dərin qatlarını əks etdirməsi baxımından xüsusilə diqqətəlayiqdir. Bu boyda təqdim olunan hadisələr fonunda su kultu, ana haqqı, namus anlayışı və Tanrı ilə əlaqə kimi mühüm dəyərlər və inanclar sistemli şəkildə öz ifadəsini tapır.

Su kultu və Tanrı ilə əlaqə. Salur Qazan, evinin yağmalandığını eşitdikdən sonra düşmən üzərinə yola çıxır. Yolüstü qarşısına bir su çıxır və o, bu suya belə müraciət edir:

“Su Haq dizarın görmüşdür, mən bu su ilə xəbərləşəcəyəm.”

Bu ifadə, qədim türklərdə suyun təkcə təbii bir ünsür deyil, eyni zamanda ilahi hikmətlə əlaqəsi olan, müqəddəs bir varlıq kimi qəbul edildiyini göstərir. Suyun “Haqqı görməsi” — yəni Tanrı ilə qarşılaşmış olması, onu ilahi xəbər gətirə biləcək vasitəçi bir gücə çevirir. Salur Qazan sudan keçməkdən öncə onunla “xəbərləşmək” istəyir ki, bu da Tanrı ilə ünsiyyət qurmaq niyyəti, yolun mənəvi təmizliyi və uğurla tamamlanması üçün dual anlamı daşıyır.

Bu səhnə, türk mifologiyasında geniş yayılmış su kultunun və təbiət ünsürlərinə duyulan müqəddəslik inancının parlaq təzahürüdür.

Burla Xatun və namus dilemması. Boyun digər bir önəmli məqamı Salur Qazanın xanımı Burla Xatunun düşmən tərəfindən əsir alınması ilə bağlıdır. O, Uruzun həyatı ilə öz namusunu qorumaq arasında bir seçim qarşısında qalır.

Bu çıxış, türk epik dünyagörüşündə qadının mənəvi təmizliyi, ana fədakarlığı və ailə ləyaqəti arasındakı ziddiyyətli seçimləri dərin fəlsəfi müstəviyə daşıyır. Burla Xatun əslində öz həyatını və namusunu oğlu üçün qurban verməyə hazır olduğunu bildirir.

Oğlu Uruz isə anasının bu tərəddüdünə qarşı çıxaraq belə deyir:

“Ana haqqı Tanrı haqqı deyilmiş olmasaydı...”

Bu cavab həm ata-ana kultunu, həm də namusun müqəddəsliyini təsdiqləyir. Uruz, anasının öz ləyaqətindən keçməsini qəbul etmir və onu namusunu qorumağa səsləyir. Burada ana haqqının Tanrı haqqı ilə eyniləşdirilməsi, türk xalq düşüncəsində ailə içi münasibətlərin ilahiliyini, ana fiqurunun müqəddəsliyini göstərir.

Tədqiqatçı Şamil Cəmşidov bu motivləri təhlil edərkən vurğulayır:

“Burla Xatun obrazı bu baxımdan yalnız bir əsir qadın deyil, mənəvi dirənişin, şəxsiyyətin toxunulmazlığının, və epik əxlaq sisteminin daşıyıcısı kimi təqdim olunur. Uruzun anasına ünvanladığı sözlər isə yalnız fərdi münasibət deyil, eyni zamanda Türk epik ənənəsindəki ailə strukturunun mənəvi əsaslarını nümayiş etdirir.”

İstinadlar

redaktə
  1. ↑ Qafarlı, 2019. səh. 5
  2. ↑ Qafarlı, 2019. səh. 6
  3. ↑ Kəlbizadə, 2020. səh. 119
  4. ↑ Erdem, 1998. səh. 72
  5. ↑ Ercilasun, 2004
  6. ↑ 1 2 Özher Koç, 2014
  7. ↑ Schimmel, 2011

Ədəbiyyat

redaktə
  • Tutar, Adem. "Dede Korkut Kitabı'nda Dini Motifler". Fırat Üniversitesi İlahiyat Fakültesi Dergisi (türk). Elazığ: Fırat Üniversitesi (1). 1996: 241–252.
  • Schimmel, Annemarie. Sayıların Gizemi (türk). Mustafa Küpüşoğlu tərəfindən tərcümə olunub (3. bs.). İstanbul: Kabalcı Yayınevi. 2011.
  • Özher Koç, Sema. "Salur Kazan'ın Evi Yağmalandığı Boyu Üzerine Yeni Bir Anlam Arayışı". Türk Dili ve Edebiyatı Dergisi (türk). LIV. 2014: 99–109.
  • Qafarlı, Ramazan. “Kitabi-Dədə Qorqud” eposunun araşdırılması tarixinə qısa bir nəzər (PDF) (#format_missing_url) (az.). III. Bakı. 2019. 3–20.
  • Erdem, Melek. Dede Korkut Türkmenistan Varyantları (türk). Ankara: Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü. 1998.
  • Ercilasun, Ahmet Bican. Başlangıçtan Yirminci Yüzyıla Türk Dili Tarihi (türk). Ankara: Akçağ Yayınları. 2004.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Salur_Qazanın_evinin_yağmalandığı_boy&oldid=8239476"
LOVE.AZ