Mürsəl Ağaverdi oğlu Cavadov (21 Mart 1932, Bakı - 19 Dekabr 2021, Pirşağı) - Azərbaycanın Jurnalistlər Birliyinin üzvü.
Mürsəl Cavadov 1931-cü il martın 21-də Bakı şəhərində əslən Maştağalı olan Ağaverdi bəy və Həbibə xanımın ailəsinin ikinci övladı olaraq dünyaya göz açmışdır. Orta məktəb təhsilini Bakı şəhərində aldıqdan sonra Bakı Dövlət Universitetinə qəbul olmuş və burada jurnalistika fakültəsində təhsilini davam etdirmişdir.
Universiteti bitirdikdən sonra gənc yaşından etibarən Mürsəl Cavadov jurnalistika sahəsində fəaliyyət göstərmişdir. O, fəaliyyətində Mürsəl Cavad təxəllüsünü qəbul etmişdir. Onun karyerasının böyük hissəsi Azərbaycan Radiosunda redaktor kimi fəaliyyət göstərməklə keçdi. Mürsəl Cavad 30 il ərzində müxtəlif verilişlər aparmış və materiallar hazırlamışdır. O, illərlə həftəlik "Mən fəhləyəm" radiojurnalının baş redaktoru vəzifəsində çalışmışdır və çoxlu süjetlər hazırlamışdır. Bu materialların içində Xəzər Dənizində Neft Daşlarında, Bakı yatağında, Bulla adasında, 28 May yataqlarında açılan ilk neft yataqlarını ram edən neftçilərin fəaliyyəti xüsusi yer tutur. O, Tümen şəhərinə gedərək burada çalışan qəhrəman neftçilərimiz haqqında da xüsusi süjet hazırlamışdır. Məşhur neftçi Fərman Salmanov haqqında ilk reportajı ilə onu Azərbaycana tanıtmışdır. Bundan əlavə Arxangelskdə qeyri-qaratorpaq zonanın tikintilərinə hamilik köməyi göstərən Azərbaycan inşaatçılarının səslərini də Bakıya çatdırmışdır.[1]
Mürsəl Cavad 1990-cı illərdə Azərbaycan radiosunda "Körpü" verilişinin redaktoru idi. Bu veriliş məktublar, telefon zəngləri və studiyaya gələn qonaqlarla söhbət əsasında fəaliyyət göstərirdi. Bu verilişin sayəsində indiyə qədər neçə–neçə qohum uzun müddət ayrılıqda yaşadıqdan sonra bir–birinə qovuşa bilib. Ömrünün ən unudulmaz hadisələrindən biri uşaqlıq illərindən qəlbində gəzdirdiyi ayrılıq, nisgilli xalası oğlu görkəmli bəstəkar Əli Səlimini radio dalğaları vasitəsilə onu 69 yaşında tapması olmuşdur.[1] Əli Səliminin atası Ərdəbilli idi və 1930-cu illərdə SSRİ höküməti İrandan - Güney Azərbaycandan Bakıya köçmüş azərbaycanlıların deportasiya edilməsi haqqında qanun qəbul etmişdi. Nəticədə, Əli Səlimi ailəsi ilə birgə İrana getmək məcburiyyətində qaldı və bu ayrılıq ailənin bütün fərdlərində unudulmaz yara qoydu, həm Azərbaycanın quzeyi, həm də güneyi yarım qaldı. Görkəmli bəstəkar bu hadisəyə olan nisgilini bəstələdiyi Ayrılıq mahnısında təsvir etmişdir. Mürsəl Cavad 1990-ci ildə Əli Səlimi haqqında süjet hazırlayaraq Əli Səlimini Bakıya dəvət etmişdi. Bu süjeti dinləyən Əli Səlimi qısa müddət sonra Bakıya ziyarətə gəlmiş və əsərlərini öz orkestrı ilə birgə təmtəraqlı bir konsertdə ifa etmişdi. Mürsəl Cavad xalası oğlunu öz evində qonaq etmiş və ona Bakının Balaxanı qəsəbəsində hazırlanmış xüsusi tar aləti hədiyyə etmişdir. O, bütün xatirələrini Azərbaycan Radiosunun fondunda olan "Yada Sal Məni" oçerkində qeyd etmişdir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Mürsəl Cavad müxtəlif illərdə "Ədalət", "Vışka" qəzetlərində işləmişdir. O, Azərbaycanda yaradılan ilk müstəqil elm mərkəzi Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunu analitik-informasi mərkəzinin rəhbəri olmuşdur. Onun redaktəsi ilə "Azərbaycanda aqrar islahatların taleyi barədə mülahizələr" toplusu, "İxrac-istehsal zonaları", "İntellektual mülkiyyət", "Fikir azaddır", uşaqlar üçün "Su nədir?" kitabları çap olunub.[1]
Həmçinin, Mürsəl Cavad 1999-cu ildə yaradılmış AMEA-nın İnsan Hüquqları İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərmişdir. Respublikada hüquqi maarifləndirmə baxımından buraxılan "İnsan hüquqları kitabxanası" seriyasında 6 kitabın məsul direktoru olmuşdur. "Dirçəliş - XXI əsr" jurnalı baş redaktorunun birinci müavini olmuşdur.
Həyat yoldaşı Mələk xanımla hələ məktəbdə oxuyarkən tanış olmuş və onunla 1955-ci ilin 12 noyabrında ailə həyatı qurmuşdur. Tanınmış filoloq Mirabbas Aslanovun bacısı olan Mələk xanım uzun müddət Bakı Dövlət Universitetinin Hüquq Kafedrasında çalışmışdır. Onların 3 övladı dünyaya gəlmişdir: Gülanə, Fuad və Mətanət. 3 övladı da ali təhsil almışdır. Böyük qızı Gülanə xanım molekulyar biologiya sahəsi üzrə elmlər namizədi kimi fəaliyyət göstərmişdir. Oğlu Fuad bəy uzun müddətdir ki, Caspian Phoenix LTD (Crystal suları) şirkətinin icraçı direktoru kimi çalışır. Kiçik qızı Mətanət xanım Bakı “Zərgərsənaye” İstehsalat Birliyinin hesablama mərkəzində mühəndis proqramçı vəzifəsində çalışmışdır və Azərbaycanın əməkdar şairi Tofiq Bayramın oğlu Cahangir Bayramovla ailə həyatı qurmuşdur.
Boş vaxtlarında qarmon ifa etməyi bacaran Mürsəl Cavad muğam musiqisinin həvəskarı idi. O, bağbanlıqla da məşğul olmuşdu.
Mürsəl Cavad 19 dekabr 2021-ci ildə Pirşağıda dünyasını dəyişmiş və Pirşağı qəbiristanlığında dəfn olunmuşdur.
1) Həbiboğlu Vəli, 2003 (Maştağa kitabı). URL: http://web2.anl.az:81/read/page.php?bibid=23428&pno=657