İmtahan cəhənnəmi (受験地獄, Cuken ciqoku?) – Yaponiyada tələbələrin təhsilin növbəti mərhələsinə keçmək üçün vacib imtahanlarda iştirak etdikləri yanvar–mart aylarını əhatə edən dövrü bildirmək üçün istifadə olunan termin. Termin Yaponiya imtahan sisteminin intensivliyini bildirmək üçün ortaya atılsa da, digər ölkələrdəki imtahan dövrünü bildirmək üçün də istifadə olunur. Sistem tələbələr üzərində təzyiq yaratdığına və təşviq etdiyi təhsil modelinə görə tənqid olunmuşdur.
"İmtahan cəhənnəmi" ifadəsi tələbələrin təhsilin növbəti pilləsinə qədəm qoymaq üçün vacib imtahanlarda iştirak etdikləri dövrü bildirmək üçün istifadə olunur. Dövr qışın sonunda – təxminən yanvar ayında başlayır[1] və 8 həftə davam edir.[2] Termin 1970-ci illərin əvvəlində Yaponiya (daha sonra Şərqi Asiya) məktəblərindəki imtahan tələblərinin intensivliyini və ciddi təhsil sistemini tənqid etmək üçün yaranmışdır.[3]
Yaponiyanın müasir təhsil sistemi 1868-ci ildəki Meyci islahatından sonra formalaşmışdır.[1] 1970-ci illərdən etibarən Yaponiyada çoxsaylı müraciətçini dəstəkləmək üçün böyük təhsil sənayesi yaradılmış, məktəb dərslikləri, kurs məktəbləri və giriş imtahanına hazırlaşmaq üçün digər şəhərlərdən səfər etmiş tələbələr üçün nəzərdə tutulmuş hotellərin sayında ciddi artım baş vermişdir.[2] 1980-ci illərin sonunda tələbələrin üçdə iki hissəsinin universitet seçimində uğursuz olması səciyyəvi hal idi.[1] 1990-cı ildə bu gösərici 44,5 % idi. İmtahanda uğursuz olmaqla bağlı bu göstəricinin bu cür yüksəlməsi Yaponiyadakı demoqrafik dəyişikliklərlə və beybi-bum effekti ilə əlaqələndirilir. 1990-cı illərdən sonra uğursuzluq göstəricisi azalmış, 2008-ci ildə 10 %-dən aşağı olmuşdur. 2022-ci ildə isə bu göstərici 1,7 % olmuşdur.[4]
İmtahan cəhənnəmi dövründə tələbələr səhərdən axşama qədər saatlarla imtahana hazırlaşırlar. Bəzi tələbələr uğurlu olmaq üçün kamilərə, xüsusilə, təqaüdün hami ilahı hesab olunan Tencinə dua edirlər.[1] Tokio Tencin Matsuri zamanı tələbələr ilahın məbədinə yaxınlaşır və imtahanda ilahı dəstək qazanmaq üçün ema qoyurlar.[5]
İntensiv imtahan sisteminin tənqidçiləri tələbələrin təzyiqə məruz qaldıqlarını, sistemin əzbərçiliyi təşviq etdiyini və tənqidi düşüncənin qarşısını aldığını bildirirlər. İmtahandan uğursuz olan tələbələrdə ruh düşkünlüyü müşahidə olunur, hətta intihar halları qeydə alınır.[1]