Azərbaycanda şərabçılıq - Azərbaycan ərazisində şərab istehsalı və üzüm becərilməsidir. Azərbaycanda şərab istehsalı üçün ən geniş yayılmış üzüm sortları Pino-nuar, Rkasiteli, Pino blan, Aliqote və Mədrəsədir. Bundan başqa yerli üzüm sortları olan Ağ Şanı və Bayanşirə də şərab istehsalında istifadə olunur.[1]
Tarixçi Herodot, səyyah Strabon, Azərbaycanın şərabı ilə məşhur olduğunu yazırdılar. 1962-ci ildə Ağstafa rayonunda, Şomutəpə yaxınlığında (e.ə. V-IV minilliyə aid tarixi abidə) aparılan arxeoloji qazıntılar zamanı üzüm toxumları aşkar edilmişdir. Xəzəryanı regionların, o cümlədən Azərbaycanın vəhşi florasını tədqiq edən arxeoloq Lorenzo Konstantin bu faktı təsdiqləyib. Üzərliktəpədə, Kültəpədə, Qazaxdakı arxeoloji qazıntılarda əldə olunan tapıntılar qədim üzüm və şərabçılıq mədəniyyətinə (e.ə. III əsrin sonu — II minilliyin əvvəlləri) dəlalət edir. Arxeoloqlar Göygöl rayonunda eramızdan əvvəl ikinci minilliyə aid şərab qalıqları olan qablar tapıblar.[2] Sonradan Orta Asiyada olduğu kimi müsəlman Azərbaycanında da şərab istehlakı təqib edildi və bu da süfrə və kişmiş üzümlərinin yayılmasına və şərabçılığın azalmasına səbəb oldu.
Azərbaycanda şərab istehsalı 19-cu əsrin əvvəllərində alman mühacirlərinin Tovuza gəlişi ilə yenidən canlandı.[3] Vürtemberq regionundan olan alman mühacirləri təxminən 1817-1818-ci illərdə rus çarı I Aleksandr tərəfindən Azərbaycanda məskunlaşdırıldılar və onlar bu sənayeyə böyük investisiyalar hesabına ölkənin şərab və konyak istehsal potensialını artırdılar.[4] Helenendorfda yaşayan Vohrer qardaşları və Hummel ailəsi kimi məşhur Alman ailə müəssisələri şərab istehsalını sənaye miqyasında inkişaf etdirərək Avropadakı şərab istehsalçıları ilə rəqabət aparırdılar. Burada istehsal olunan şərab Rusiya İmperiyasının digər regionlarına göndərilirdi.[5]
Yerli üzüm sortları hər bir böyük yaşayış məntəqəsində ayrı-ayrılıqda seleksiya nəticəsində yaradılmışdır. Azərbaycanda yerli üzüm sortlarının əksəriyyəti becərmə yolu ilə yabanı üzümdən əmələ gəlmişdir. Təbii və süni seleksiya nəticəsində müxtəlif təsərrüfat əhəmiyyətli yerli sortların zəngin fondu yaradılmışdır.[6]
1970-ci illərdə Azərbaycanda taxıl sənayesini inkişaf etdirmək əvəzinə şərab istehsalını artırmağı hədəfləyən sovet hakimiyyəti tərəfindən şərabçılıq iddialı şəkildə inkişaf etdirildi. Nəticədə Azərbaycan Xəzər dənizi regionunda ən iri şərab istehsalçısına çevrildi. Nazirlər Kabinetinin xüsusi qərarlarına əsasən, bu sektora daha çox vəsait ayrıldı və üzüm bağları üçün 70-80 min hektar torpaq sahəsi verilmişdi. İlkin olaraq plana görə 1990-cı ilə qədər illik üzüm istehsalı 3 milyon tona çatdırılmalıydı.
Sovet illərində Azərbaycanda xüsusi Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi fəaliyyət göstərirdi. Onun tərkibinə 256 xüsusi sovxoz, həmçinin 97 sovxoz-zavod, 8 müstəqil ilkin şərab emalı zavodu və 10 ədəd təkrar şərab emalı zavodu daxil idi. Komitənin müəssisələrində işləyənlərin sayı 300 mindən çox idi. 1980-ci ildə Azərbaycanda 120 milyon dekalitr çaxır istehsal edilmişdi. Həmin vaxtlar Azərbaycanın şərab zavodları 60-dan çox markalı şərab, o cümlədən 17 növ kəmşirin çaxır, 20 növ portveyn tipli tünd desert çaxırı, 11 növ desert çaxırı istehsal edib. 1980-ci il statistikasına əsasən, Azərbaycan üzüm bağlarının sahəsinə (263 min ha.) və istehsal olunan üzümün həcminə (1481 ton) görə ittifaq respublikaları arasında birinci yeri tutub.[7] 1982-ci ildə ölkədə 267 min hektar üzüm sahəsi olub və hektardan məhsuldarlıq 95 sentner təşkil edib. Ölkə üzrə üzüm istehsalı ildə 2,1 milyon ton təşkil edib.
SSRİ boyunca Azərbaycanda istehsal olunan "Şamaxı", "Kəmşirin", "Ağdam", "Ağ Süfrə", "Şirvan", "Moskva", "Azərbaycan", "Bakı", "Abşeron", "Gəncə" və "Göygöl" şərab markaları tanınmışdı. Azərbaycanda üzümçülüyün ən yüksək zirvəsi 80-ci illərin əvvəllərinə təsadüf edib. Ümumi məhsul orta hesabla təxminən illik 1,5 milyon ton idi. Respublikanın bütün rayonlarında şərab zavodları tikilmişdi. 1980-ci illərdə qazandığı valyutanın miqdarına görə Azərbaycanın Üzümçülük üzrə Dövlət Komitəsi bütün SSRİ-də birinci yeri tutmaqla hətta neft sənayesini də qabaqlayırdı. Həmin illərdə üzümçülükdən gələn vəsaitlər ölkə büdcəsinin 40 faizin təşkil edib. 1989-cu ildə şərab sənayesində mənfəətin mütləq miqdarı 120 milyon rubl təşkil edirdi.[8]
1985-ci ildə SSRİ-də aparılan antialkoqol kampaniyası çərçivəsində ölkə rəhbərliyi Azərbaycanı təkcə texniki sortları deyil, həm də unikal süfrə üzümü sortları plantasiyalarını kəsməyə məcbur etdi. 1985-ci ildən sonra 130 min hektardan çox ərazidə üzüm bağları kökündən kəsildi. Azərbaycanın şərabçılıq sənayesi bir sahə olaraq məhv edildi, 76 müəssisə və 116 ilkin zavod işsiz qaldı, avadanlıqları köhnəldi və ucuz qiymətə satıldı. Birbaşa itkilər 630 milyon rubl təşkil etdi. 1985-ci ilə qədər Azərbaycanda dövlətə məxsus üzüm plantasiyaları 276 min hektar təşkil edirdi. Antialkoqol kampaniyası illərində üzümçülük və şərabçılığın inkişafı tərəfdarlarının müqavimətinə baxmayaraq, plantasiyaların yarısını belə saxlamaq mümkün olmadı. Respublikada üzüm əkinlərinin cəmi 20 min hektarı qaldı.[6] Nəticədə regionlarda üzümçülük və şərabçılıqla məşğul olanların ənənəvi iş yerləri bağlandı və regionlarda iş tapa bilməyən insanların şəhərlərə axını gücləndi.
Qarabağ münaqişəsi və Azərbaycan ərazilərinin işğalı respublikanın bütün iqtisadiyyatına, xüsusilə şərabçılığa ağır ziyan vurub. İşğal olunmuş ərazilərdə 43 min üzüm plantasiyası qalıb. 2001-ci ildə Milli Məclis "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul edib və həmin il prezident Heydər Əliyev tərəfindən "Üzümçülük və şərabçılıq sahəsinin inkişafı haqqında" fərman imzalanıb. Prezident Fərmanının qərarı ildə 500-800 hek üzüm bağlarının salınması idi. Şamaxı, Xanlar, Şəmkir, Touz, İsmayıllı kimi rayonlarda fərman qəbul edildikdən sonra ümumilikdə 8 min hektara yaxın ərazidə üzüm əkilib. Hazırda Azərbaycandakı üzüm bağları əsasən Qafqaz dağlarının ətəklərində və Kür çayı yaxınlığındakı Kür-Araz ovalığında da yerləşir.
2008-ci ildə Azərbaycan üzrə üzümlüklərin ümumi sahəsi 15 min hektardan azacıq çoxdur. Həmin ildə ölkə üzrə 130 min tona yaxın üzüm yığılıb və üzüm şərabı istehsalı 1 milyon dekalitr ətrafındadır. Plana görə 2020-ci ilə Azərbaycanda üzüm istehsalı 500 min tona, ölkə üzrə üzüm bağlarının sahəsi 50 min hektara, şərab istehsalı isə 30 milyon dekalitrə çatdırılmalı idi.[9] Əsas diqqət SSRİ dövründə olduğu kimi ucuz sortlara deyil, keyfiyyətli üzüm sortlarının istehsalına və üzüm şərablarının istehsalına yönəlmişdir. Ölkədə ən böyük şərab istehsalçısı Vinagro şirkətidir. Şirkət 1860-cı ildə Göygöldə alman mühacirlər tərəfindən əsası qoyulmuş şərab zavodunda istehsalat həyata keçirir.
Lakin 2020-ci ildə ölkə ərazisində 15 978 hektar sahədə üzüm bağları olub ki, həmin sahədən də 63 582 ton üzüm yığılıb. 2023-cü ildə üzüm bağlarının sahəsi 17 min hektara çatıb.[7]
ÜST-nin məlumatına görə, şərab Azərbaycanda içki içənlərin 37%-nin üstünlük verdiyi ikinci ən populyar spirtli içki hesab olunur.[10] Azərbaycanda istehlak olunan şərab həm yerli istehsaldır, həm də başqa ölkələrdən idxal olunur. Son illərdə Azərbaycan şərabı böyük miqdarda, yəni 1 milyon desilitrdən çox istehsal olunur ki, bunun da 375 mini ixrac edilib.[11][12]
2013 | 2014 | 2015 | 2016 | 2017 |
---|---|---|---|---|
835,5 | 1 003,1 | 1 035,0 | 1049,0 | 1020,1 |
2017-ci ildə Rusiya 90% olmaqla Azərbaycan şərabının ən çox ixrac edildiyi ölkə olub. Digər əsas ixrac ölkələri Çin, Qırğızıstan və Belçika olub.[13][14]
Ümumilikdə 450 yerli üzüm növü məlumdur. Onların bir çoxu MDB və Baltikyanı ölkələrdə geniş tanınmışdır.
Ağ şərab
Qırmızı şərab