Florensiya kafedralı (it. Duomo di Firenze) kimi tanınan Santa-Mariya-del-Fiore kafedral kilsəsi (it. Cattedrale di Santa Maria del Fiore) — Florensiyanın əsas kilsəsi, şəhərin simvollarından biri və İtaliyanın ən məşhur kilsələrindən biridir; XV əsrdə inşası tamamlandığı zaman, həm də dünyanın ən böyük kilsəsi[1] olan tikili, bu günə kimi dünyanın ən böyük kərpic günbəzinə sahibdir. Roma imperiyası zamanından şəhərin dini tikililərinin yerləşdiyi ərazidə tikilmiş kilsə, Florensiyanın köhnə kafedral kilsəsi olan Santa-Reparata kilsəsinin yerində inşa edilmişdir.
Santa Maria del Fiore | |
---|---|
it. Santa Maria del Fiore | |
![]() | |
| |
![]() | |
43°46′23″ şm. e. 11°15′25″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər |
![]() |
Yerləşir |
![]() |
Aidiyyatı | Roma-Katolik kilsəsinin Florensiya arxiyeparxiyası |
Layihə müəllifi |
Filippo Brunelleski Cotto |
Memar |
Arnolfo di Kambio Françesko Talenti Covanni di Lapo Qini |
Tikilmə tarixi | 1296—1436 |
Üslubu | İtaliya qotik memarlığı və intibah memarlığı |
Hündürlüyü | 114,5 m |
Uzunluğu | 153 metr (502 ft) |
Eni | 90 m |
Sahəsi |
|
Material | mərmər, kərpic |
Vəziyyəti | stabil |
Rəsmi sayt | duomofirenze.it |
Rəsmi adı: Historic Centre of Florence | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iii,iv,vi |
Təyin edilib | 1982 |
İstinad nöm. | 174 |
Dövlət | İtaliya |
Region | Avropa |
![]() |
Kafedralın inşasına, Florensiya Sinyoriyasının sifarişi ilə 8 sentyabr 1296-cı ildə - Bakirə Məryəmin doğum günündə başlanılmış və inşaat işləri konstruksiya baxımından yalnız 1436-cı ildə tamamlanmışdır. İlkin olaraq kafedralın baş memarı Arnolfo di Kambio təyin edilsə də, onilliklər ərzində inşaat işləri dəfələrlə dayandırılmış və yenidən bərpa edilmiş, bu zaman işə memarlar Cotto, Françesko Talenti və Covanni di Lapo Gini də cəlb edilmişdir. Brunelleski günbəzinin tamamlanması, 24 mart 1436-cı ildə Papa IV Yevgeni tərəfindən kilsəyə xeyir-dua verilməsi ilə müşayət edilmişdir. İlk dəfə isə Santa-Mariya-del-Fiore 1412-ci ildə xeyir-dua almış, bu zaman kilsə “Əlində zanbaq tutan Müqəddəs Məryəm”ə (it. Santa Maria del Fiore; zanbaq çiçəyi və ya heraldik zanbaq Məryəmin bakirəliyinin simvolu olmaqla, Müjdə hadisəsinin əsas atributlarından biri və Florensiya gerbinin əsas elementidir) ithaf edilmişdir.[2]
Florensiya kvattroçentosunun ən məşhur abidəsi olan kilsənin, planda üçnefli bazilika formasına malik olan nefləri, dünyanın ən böyük kərpic günbəzi olan nəhəng Brunelleski günbəzini saxlayan iri rotonda ilə tamamlanır. Günbəzin daxili tərəfi dünyanın ən böyük freska ilə örtülmüş səthini təşkil edir və 3600 m² sahəyə malik olan bu ərazi 1572-1579-cu illər arasında Corco Vazari və Federiko Çukkaro tərəfindən rəsmlərlə bəzədilmişdir. Yer səviyyəsindən 91 metr yüksəklikdə, mərmər fənərin dibində şəhərə gözəl mənzərənin açıldığı panorama terrası yerləşir. Polixrom mərmərdən işlənmiş kafedral fasadı modern dövrə aid olmaqla 1887-ci ildə Emilio de Fabris tərəfindən dizayn edilmişdir və İtaliyada neoqotik tərzin ən vacib nümunələrindən biri hesab edilir.
Qədim Roma dövründə inşa edilmiş şəhər divarlarının şimal-şərq küncündə yerləşən qədim dini mərkəz, heç də Florensiyanın mərkəzi hissəsində yerləşmirdi. Əksər erkən xristianlıq dövrü şəhərlərində olduğu kimi, Florentiyada da kilsə, şəhər divarlarının xaricində inşa edilmiş, yalnız sonrada, şəhər ərazisinə daxil edilmişdir. Florensiyanın ilk kafedral kilsəsi IV əsrdə inşa edilmiş San-Lorenzo bazilikası olmuş, sonradan bu şan, hazırkı Duomonun yerində yerləşən Santa-Reparata kilsəsinə keçmişdir. Karolinqlərin hakimiyyəti dövründə kilsənin yerləşdiyi meydan mülki və dini hakimiyyətin toplandığı ərazi idi: burada markiz iqamətgahı, yepiskop iqamətgahı (müasir Arxiyepiskop sarayından bir qədər cənubda) və kafedralla bir sırada yerləşirdi. 1078-ci ildə markqrafinya Toskanalı Matildanın təşəbbüsü ilə özündə Santa-Reparata kilsəsi və IV-V əsrlərə aid edilən, San-Covanni vəftizxanasının erkən variantını da ehtiva edən antik dairə (Dante tərəfindən belə adlandırılmışdı) inşa edilmişdir.[4]
XIII əsrin sonlarında “Platea episcopalis” adlanan Florensiya yepiskop kompleksi tamamilə fərqli məkan nisbətlərinə malik idi. O zaman inşası yenicə tamamlanmış səkkizguşəli piramidal örtüyə malik San-Covanni vəftizxanası kompleksin mərkəzini təşkil edir, Pyaçça-San-Covanni isə, Yepiskop sarayı və vəftizxana arasında açıq sahədən ibarət idi. Kompleksin şərqində, sonradan “Cənnət qapıları”nın yerləşdiyi hissədə Santa-Reparata kilsəsinin portiki yerləşirdi; kilsənin şərq qurtaracağında isə iki zəng qülləsi ilə tamamlanan xor mövcud idi.[4]
Kompleksin şimal-şərqində qədim San-Mikele-Visdomini kilsəsi yerləşirdi; sonradan kilsə, vəftizxana ilə eyni ox üzrə daha şimala köçürülmüşdü. Meydanın cənubunda – monastır binası ətrafında kanoniklərin yaşayış binaları sıralanmışdı. O zaman qəbul edilmiş ümumi qaydalara görə, dini binaların yerləşdiyi ərazi, həm də cəngavərlik titulunun verilməsi, xalq yığıncaqları, hakimiyyət nümayəndələrinin göndərdiyi məlumatların oxunması, hərbi əsirlərin Vəftizçiyə bağışlanması və sair mülki funksiyaları da yerinə yetirirdi.[4]
XIII əsrin sonları – XIV əsrin əvvəllərində Florensiya siyasi və mədəni çiçəklənməsinin ən yüksək nöqtəsinə çatmışdır və bu proseslərin nəticəsi olaraq, siyasi hakimiyyətlə əlaqəli yeni ictimai mərkəzin yaradılması (sonradan Pyaçça-della-Sinyoriya adlandırılmışdı), şəhərin müdafiə divarlarının genişləndirilməsi (1284-1333) və şəhərin yeni statusuna uyğun yeni kafedral kilsənin inşası kimi iri həcmli şəhər planlaşdırma layihələri ərsəyə gəlmişdir.[4]
Santa-Reparata kilsəsi qədim və hörmətli ibadət ocağı olsa da, sürətlə böyüyən, zəngin və güclü şəhərin, rəqibi Siena üzərində parlaq qələbə çalmış (Kolle-di-Val d’Elsa döyüşü, 1269) və Toskananın şahmat lövhəsində hegemonluğunu bərqərar etmiş şəhərin statusuna yaraşmırdı. Tarixçi Covanni Villani, Santa-Reparata kilsəsini “formasına görə çox böyük, lakin anoloji şəhərlərlə müqayisədə çox kiçik”[5] kimi təsvir edir, bələdiyyə sənədlərində isə kilsənin “fövqəladə yaşına görə dağılmaqda olması”[5] göstərilir. Santa-Reparata kilsəsini möhkəmləndirmək və genişləndirmək üçün atılmış çoxsaylı addımlardan sonra, 1294-cü ildə şəhər hakimiyyəti, kilsənin sökülərək yerində tamamilə yeni bina tikilməsi – xüsusilə yeni kilsə binasının rəqib şəhərlər olan Pizza və Sienanın kafedral kilsələrini geridə qoyması istiqamətində addımlar atmaq qərarına gəlir. Şəhərin gücünün yeni simvolu kimi nəzərdə tutulan kilsənin inşasında daş işçiliyinin yüksək keyfiyyətinə xüsusi diqqət yetirilmişdir.[4]
Şəhərin yeni kafedral kilsəsinin memarlıq layihəsinin hazırlanması Arnolfo di Kambioya həvalə edilmişdir. Bu zamana kimi, Kambio Florensiyanın dini və ictimai binalarının yenidənqurma layihəsinə cəlb olunmuş, ehtimal ki, Santa-Kroçe bazilikası və Palaçço-della-Sinyoriyanın inşaat prosesinə rəhbərlik etmişdir. Bakirə Məryəmin doğum günündə - 8 sentyabr 1296-cı ildə, Roma Papası VIII Bonifatsinin leqatı, kardinal Pyetro Valeriano Duraquerra təntənəli şəkildə yeni bazilikanın əsasını qoymuşdur. Villani yazır ki, kilsə “çiçəkli” Madonnaya həsr edilmişdi[6]; kontrfasadda yerləşdirilmiş Məryəmin tacqoymasını təsvir edən mozaika, fasadı bəzəyən və Arnolfo di Kambio tərəfindən yaradılmış Bakirə Məryəmin həyatını təsvir edən heykəllər seriyası onu fikirləşməyə əsas verir ki, qotik fransız kafedrallarının təsiri ilə, yeni kafedral kilsə Məryəmə ithaf edilmişdi; lakin, Opera Arxivində saxlanan sənədlər göstərir ki, köhnə Santa-Reparata kilsəsinin adı XV əsrə kimi rəsmi istifadə edilmiş, 1412-ci ildə Sinyoriyanın yeni adı istifadəyə məcbur edən göstərişinin yayımlanmasına kimi isə əhali tərəfindən kilsə köhnə adla adlandırılmışdır.
“Çiçəkli” sözünün izahı da birmənalı deyildir; ola bilsin ki, bu, Mələyin Bakirəyə Müjdəsinin simvolu olan zanbaq gülünə, ola bilsin ki, Florensiya şəhərinin gerbinə və ya şəhərin latın dilində adının - “Fyorença” - mənşəyinə işarə ola bilər. Əgər Mariya “del Fyore”yə ithaf inşaatın başlamasından sonra baş veribsə, o zaman, Dante Aliqyerinin “İlahi komediya”sında 7–9 XXXIII şerdən (Cənnət) üçüncü nəğməni yada salmaq olar: “Bətnində alışdı o ilahi eşq,/Hərarəti ilə səma əfvanında/Bu nurlu çiçəyə həyat verdi.”[7] Burada çiçək xeyir-dua almışın gülünə və ya Xilaskara işarə ola bilər.
İşlərə fundamentlərin qazılması ilə başlanılmış, daha sonra isə yan neflərin divarları inşa edilmişdir; bunun səbəbi, mümkün qədər daha uzun müddətə Santa Reparata kafedralının fəaliyyətini təmin etmək idi. Arnolfo di Kambionun layihəsinin həqiqətən mövcudluğu və kilsənin hazırkı strukturunda onun görünərliyi məsələsi, hələ də müzakirə mövzusudur: çoxsaylı və yarımçıq arxeoloji qazıntı işləri bu məsələ ilə bağlı dəqiq cavablar verməyə imkan vermir; lakin, hazırkı kafedralın bəzi memarlıq xüsusiyyətlərinin, hər nə qədər başqa inşaat ustaları tərəfindən icra edilsə də, Arnolfo layihəsi ilə oxşarlıq təşkil etdiyi inkar edilməzdir; buna görə də orijinal layihənin mövcudluğu ehtimalı yüksəkdir.[8]
Yeni kafedralın, Santa-Mariya-Novella bazilikasının İspan kapellasında rəssam Andrea Bonayuti tərəfindən çəkilmiş freskada hazır apsidalar və günbəzlə təsvir edilməsi, rəssamın Arnolfo di Kambio tərəfindən təqdim edilmiş taxta kilsə modelinə əsaslandığını söyləməyə əsas verir. Lakin, bir məsələ də var ki, freskada, zəng qülləsi realda inşa edilmiş zəng qülləsinə çox oxşasa da, daha ənənəvi yerə - apsida ərazisinə köçürülmüşdür; günbəz ornamentasiyasına görə qotik olsa da, barabansız ənənəvi yarısferik günbəzdir; bu isə freskadakı kilsənin Arnolfonun modelindən daha çox, freska müəllifinin şəxsi modelinə əsaslandığını düşünməyə də imkan yaradır.[8]
Buna görə də, demək olar ki, Arnolfo Vəftizxana binasını geridə qoyacaq, Romadakı Santa-Mariya-della-Rotonda kilsəsindən ilhamlanmış iri günbəzli kilsə haqqında düşünürdü. Tənqidçilərin bəzi şübhələrinə baxmayaraq, arxeoloji qazıntılar sübut etmişdir ki, hazırkı kilsənin ilk fundamenti, indiki fasadın altında (Divar 100) və yan divarların altında keçərək, fasaddan cənuba doğru irəliləyir. Bu isə, Arnolfonun, həqiqətən də indiki kilsə ilə eyni ölçüdə olacaq kilsə layihəsi planlaşdırdığını, lakin, həmin kilsənin əsas xəttinin bir neçə dərəcə cənuba çevrilmiş olduğu və fasadın cənubunda izolyasiya edilmiş zəng qülləsinə malik olduğunu sübut edir. Beləliklə Santa-Reparata kilsəsinin fasadı on metrə qədər genişləndirilmiş, bu zaman kilsədən sağda yerləşən bir neçə kanonik evlərini və kilsədən solda yerləşən köhnə zəng qülləsini (köhnə zəng qülləsi yalnız 1356-cı ildə sökülmüşdür[8] ) də özünə birləşdirmişdir. Fundamentin böyük olmayan qalınlığı, onu deməyə əsas verir ki, hazırda kilsənin hündürlüyü, ilkin planlaşdırılmış hündürlükdən qat-qat artıqdır. Fasadın inşasına dərhal start verilmişdi, lakin inşaat ənənəsinə uyğun olaraq, adətən kilsələrin bu hissəsinin tikilməsi sona saxlanılırdı; fasadın tələsik tikilməsinin səbəbi, Santa-Reparata kilsəsinin birinci qanadının sökülməsindən sonra, onun fəaliyyətini davam etdirə bilməsi üçün qapadılması gərəyi idi.[9]
Hətta böyük, qabağa çıxan eyvan belə, fiziki olaraq Françesko Talenti tərəfindən tikilsə də, Arnolfonun dəsti-xəttinə uyğun xarakterə malikdir. Tənqidçilər onu Santa-Kroçe kilsəsinin karnizi (ənənəvi olaraq Arnolfoya aid edilir) və Orvietodakı kafedralın karnizi kimi başqa layihələrlə müqayisə edirlər. Ancola Mariya Romanini qeyd edir ki, karniz-eyvan bütün Arnolfo memarlığında qaçılmaz konstantdır.[10]
Arnolfonun vəfatı (1302-ci il) onun ardınca isə inşaat təşəbbüskarları olan yepiskop Monaldeski və kardinal Matteo d’Akvaspartanın ölümü, inşaat işlərinin yavaşlamasına, sonra isə 30 illik bir müddətdə inşaatın tamamilə dayandırılmasına səbəb olmuşdu.[9]
Arnolfo di Kambionun vəfatından sonra, naməlum müddətə kimi inşaat işlərinin dayandırılmasına qərar verilmişdi. Lakin, 1330-cu ildə Santa-Reparata kilsəsinin altında Florensiyanın hörmətli yepiskoplarından Müqəddəs Zanobinin nəşinin aşkarlanması inşaat işlərinə yeni impuls bəxş edir. İnşaat işlərinə nəzarəti öz öhdəsinə götürmüş Arte della Lana (yun istehsalçılarının gildiyası), 1334-cü ildə işlərə rəhbərliyi Cottoya həvalə edir. Cotto ilk növbədə kampanilanın inşasına köklənərək, layihə hazırlayır (onun təklif etdiyi layihənin çertyoju Sienadakı Opera-del-Duomoda nümayiş etdirilir) və inşaat işlərinə start verir, lakin, üç il sonra, 1337-ci ildə vəfat edir. Andrea Pizano onun yarımçıq qalmış layihəsini davam etdirir, lakin, Qara ölümün təsiri ilə 1348-ci ildə vəfat edir, beləliklə, kafedralın inşası növbəti dəfə dayandırılır.[8]
Lakin, bu dəfə inşaat işlərinin bərpasına çox vaxt tələb edilmir; artıq 1349-cu ildə layihə Françesko Talentiyə həvalə edilir, ilk növbədə kampanilanın inşasını tamamlayan Talenti, 1356-cı ildən etibarən bazilika üzərində işləməyə keçir. Bazilikada inşaatın başlamasından bir il əvvəl, Opera, “kafedralda sovməələrin yerləşmə detalları” ilə bağlı model təqdimatını tələb edir; Arnolfonun layihəsinin genişləndirilməsi də məhz bu tarixə aid edilir: neflərin enini dəyişməyən memar, tağların sayını azaldır və ənənəvi düzbucaqlı formaya malik qotik tağlar yerinə, planda kavadrat formaya malik tağlar yaradır, buna görə də onun tağları daha böyük və yüksək icra edilir. 1364-cü ildə Opera tərəfindən işdən azad edilənə kimi, Talenti üç seksiyanın inşasını tamamlaya bilir.[8]
1364-cü ildə Neri di Fioravante, Bençi di Çone Dami, Andrea del Verrokkyo, Taddeo Qaddi və Andrea di Bonayutonun da daxil olduğu komissiya apsidanın yekun layihəsini təsdiqləyərək, günbəzin diametrini 36 metrdən 41 metrə qədər böyüdür, həmçinin Covanni di Lapo Gininin təklifi ilə layihəyə iri gözlüklü baraban da daxil edir. Talentidən sonra layihəyə rəhbərlik Covanni di Lapo Giniyə həvalə olunur və neflərin bütün strukturunun inşası məhz ona aid edilir.[8]
Lakin, apsidaların forma və ölçülərinin müəyyən edilməsindən sonra, 1370-ci ildə Talenti əsas memar kimi yenidən işə cəlb edilir. 1378-ci ildə mərkəzi nefin, 1380-ci ildə isə yan neflərin qapadılması ilə neflərin inşası tamamlanır.[8] 1421-ci ildə artıq, kilsənin qalereyaları və barabanının inşası da tamamlanır və qalan tək iş günbəzin inşası olur.[8]
Kafedralda 43 metr diametrə malik dəlik qalmaqda idi və bu dəlik, 60 metr yüksəklikdə günbəzin inşası üçün nəzərdə tutulmuşdu[11]; o vaxta kimi məsələnin konkret həlli ətrafında heç bir təklif yox idi, lakin, XIV əsrin II yarısı boyunca müntəzəm olaraq günbəz məsələsi ətrafında şiddətli müzakirələr gedirdi.[9]
1418-ci ildə günbəz layihəsi və inşaat materiallarını o vaxta kimi mövcud olmayan yeksəkliyə qaldıracaq konstruksiya layihəsinin hazırlanması üçün ictimai müsabiqə elan edilmiş və müsabiqədə bir çox sənətkar və ixtiraçılar iştirak etmişdir. Rəsmi olaraq günbəz üzərində işlərə start verilməsi kimi qəbul edilən layihənin rəsmi qalibi olmamışdır: elan edilmiş mükafat isə heç kimə təqdim edilməmişdi. Lakin, müsabiqə, artıq şimal qapısı layihəsi üzərində rəqabət aparmış iki gənc sənətkara diqqət çəkmişdir: Filippo Brunelleski və Lorenzo Giberti. Arxiv sənədlərində Brunelleskinin günbəz modeli hazırlaması və mərkəzləşməsiz günbəz inşası üçün San-Yakopo-Soprarno kilsəsində təcrübəsini artırması haqqında məlumatlar vardır. Buna görə də, qərara alınır ki, günbəzin inşası otuz dirsək hündürlüyünə qədər icra edilsin, bundan sonra günbəz divarlarının vəziyyəti nəzərdən keçirilərək, sonrakı inşaata icazə verilsin. Göstərilən hündürlüyün seçilməsi də təsadüfi deyildi; belə ki, həmin hündürlüyə kimi kərpiclər elə səmtdə (horizontala nisbətən) düzülməli idi ki, onları o zaman memarlara bəlli olan gec quruyan vasitələrlə (həmin dövrdə “puççolan” adlandırılan Qədim Roma texnikası artıq istifadə edilmirdi) bərkitmək mümkün olmasın, bu da tikilinin uğursuz olacağı halda dağılması təhlükəsini yaradırdı.[9]
İnşaat zamanı, ənənəvi qəlibləmə metodundan imtina edən Brunelleski, məsələnin innovativ həll yolunu taparaq, öz ağırlığını daşımağa qabir iki paralel günbəz inşa edir. Beləcə, hiylə işlədərək[12] rəqibindən xilas olan Brunelleski, möhtəşəm layihənin icrası üçün azad hərəkət haqqı qazanır və tədricən qarşıya çıxan bütün problemləri yerindəcə həll edir: inşaat zamanı dünya memarlığında ilk dəfə tikinti materialları və memarları işin icra edildiyi yüksəkliyə qaldıran kranlar icad edilir, günbəzin möhkəmləndirilməsi üçün armaturlar istifadə olunur, günbəzin xarici dekoru isə, təsiredici səkkiz mərmər qabırğa ilə həll edilir.[9]
Daxili günbəzin divarları fövqəladə qalınlığa (təməl hissədə qalınlıq iki metr yarıma çatır) malik olsa da, xarici günbəzin divarı əksinə, olduqca nazikdir (bir metrdən daha az). Memarın sözlərinə görə, xarici günbəzin yeganə funksiyası tikilini yağışdan müdafiə etmək və günbəz strukturuna daha dəbdəbəli, qabarıq forma verməkdən ibarətdir. Kərpic hörgüsündə şamvari formanın istifadəsi, birləşdirici məhlulun qurumasına kimi kərpiclərin sürüşməsinin qarşısını almışdır. Prosesin mürəkkəbliyi və alınan qeyri-adi nəticəyə görə, Brunelleski günbəzinin inşası, İntibah memarlığının ilk böyük özünütəsdiqi hesab edilir.