Keyfiyyət tədqiqat metodları — sosial və davranış elmlərində ədədi informasiyaya əsaslanmayan tədqiqat üsullarının toplusudur. Bu tədqiqat növü sənədlərin, söhbətlərin, intervyuların məzmununu və baş vermiş hadisələri ətraflı şəkildə araşdırmağı nəzərdə tutur.[1]
Müxtəlif mənbələrdə sosial və davranış elmlərinə aid tədqiqat metodlarının fərqli təsnifatlarına rast gəlinir. Psixologiya sahəsində aparılan keyfiyyət tədqiqatlarını digər sahələrdən fərqləndirmək üçün son dövrlərdə "psixoloji keyfiyyət tədqiqatları" (ing. qualitative psychological research) anlayışı meydana çıxmışdır. Bu metod adlarının çoxu şərti xarakter daşıyır, bir çox hallarda isə fərqli adlarla eyni metod nəzərdə tutulur.[2][3][4][5]
Amerika psixoloqu D. Martin psixoloji keyfiyyət tədqiqatları kimi aşağıdakı üç əsas metodu göstərir:[6]
Təbii şəraitdə müşahidə aparılması (ing. field study) — bu metod ilk olaraq heyvanların davranışını öyrənmək üçün istifadə olunmuşdur. Daha sonra sosial psixoloqlar tərəfindən insan davranışlarına tətbiq edilmişdir. Obyektin təbii mühitində müşahidə olunması əsas prinsipi təşkil edir.[7]
Etnoqrafik tədqiqat (ing. ethnography) — müəyyən bir sosial qrupun və ya mədəniyyətin təbii şəraitdə müşahidəsi ilə aparılan tədqiqat metodudur. Bu tədqiqatlar laboratoriya və ya sahə şəraitində həyata keçirilə bilər. Adətən qeyri struktur intervyularla müşayiət olunur.[8][9]
İştirakçı müşahidə (ing. participant observation) — tədqiqatçının müşahidə edilən qrupa daxil olaraq, onların davranış və mədəni normalarını bir üzv kimi öyrənməsi metodudur. Bu metod etnoqrafiya ilə sıx bağlıdır və sosial qrupların daxili dinamikasını anlamağa kömək edir.[10]
Məzmun analizi (ing. content analysis) — sənədlər, yazılı mənbələr, media materialları və qanunvericilik kimi mənbələrin sistemli şəkildə təhlili yolu ilə həyata keçirilən tədqiqat metodudur. Bu metod informasiya mənbələrinin mənasını çıxarmağa və sosial tendensiyaları müəyyən etməyə imkan verir.[11][12]
Fokus qrupu (ing. focus group) — bir qrup iştirakçının müəyyən mövzu üzrə fikir və münasibətlərinin müzakirə şəklində öyrənilməsi metodudur. Bu metod insanların fikirlərini sərbəst şəkildə ifadə etməsinə və gözlənilməz ideyaların meydana çıxmasına şərait yaradır.[13]
Qeyri struktur intervyu (ing. unstructured interview) — sualların əvvəlcədən hazırlanmadığı, söhbət formasında aparılan müsahibə üsuludur. Bu intervyular şəxsin dərin düşüncələrini və motivasiyalarını araşdırmaq üçün istifadə olunur.
Hadisənin öyrənilməsi (ing. case study) — konkret bir hadisə və ya prosesin səbəbləri, hərəkətverici qüvvələri və nəticələrinin dərin təhlili məqsədilə aparılan tədqiqat metodudur. Bu metod bir çox sahədə, o cümlədən təhsil, psixologiya və siyasətdə geniş tətbiq edilir.[14]
Bəzi mənbələrdə case study, field work və qualitative research ifadələri sinonim kimi işlədilir. Sosial tədqiqatçılar tərəfindən bu metodlar bəzən eyni məqsədlə paralel şəkildə istifadə olunur.[15][16][17]