Hacı Mirzə İsmayıl Əmirxizi və ya Məhəmməd İsmayıl Əmirxizi (1876[2], Təbriz – 16 fevral 1966, farsca: اسماعیل امیرخیزی) — İran azərbaycanlısı yazıçı, şair, araşdırmaçı. O, İran Məşrutə hərəkatında aktiv iştirak edən siyasətçi və ziyalılardan biri olmuşdur. Onun qardaşı Əli Əmirxizi məşrutə hərəkatının iştirakçılarından biri olmuş, eyni zamanda yazıçılıqla da məşğul olmuşdur. O, Tudə Partiyasının Mərkəzi Komitəsinin üzvü də olmuşdur.[3][4]
Mirzə İsmayıl Əmirxizi | |
---|---|
Mirzə Məhəmməd İsmayıl Əmirxizi | |
![]() | |
Doğum tarixi | [1] |
Doğum yeri | Sufian, Azərbaycan, Qacar İranı |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, Pəhləvi İranı |
Vətəndaşlığı |
Qacar İranı Pəhləvi İranı |
Milliyyəti | İran azərbaycanlısı |
Dini | İslam |
İxtisası | Klassik ədəbiyyat və İran tarixi |
Təhsili | Ənənəvi təhsil |
Fəaliyyəti |
Yazıçılıq Şairlik İnqilabi fəaliyyət İctimai-mədəni fəaliyyət |
İsmayıl Əmirxizi 1873-cü ildə İran Azərbaycanının Sufiyan bölgəsində Arvanağ adlanan yerdə dünyaya gəlmişdir. O, Təbrizin şimal-qərbində yerləşən Əmirxiz məhəlləsində yaşadığı üçün Əmirxizi olaraq tanınmışdır.[5] O, müxtəlif məktəblərdə fars və ərəb ədəbiyyatının əsaslarını öyrənmiş, 14 yaşından etibarən isə atası ilə birlikdə çalışmağa başlamışdır. O, gənclik dövründə Azərbaycanda ən məşhur və bacarıqlı şairlərdən biri hesab edilirdi. 1904-cü ildə Həcc ziyarətinə getmiş və bu ziyarət zamanı İstanbulda da olmuşdu. İstanbulda qaldığı zaman ilk dəfə respublika idarəetmə üsulu və konstitusiya kimi məsələlər barədə mətbuat və insanlar vasitəsiylə məlumat almışdır.[3]
İranda Məşrutə hərəkatı başladıqdan sonra o, mücahidlərin sırasına qatılmış və Azərbaycan Əyalət Əncüməninə Ərdəbil şəhərinin nümayəndəsi olaraq qatılmışdır. Daha sonra isə Səttar xanın katibi təyin edildi. Bununla o, əslində Səttar xanın müşaviri olaraq fəaliyyət göstərməyə başladı. Səttar xan bir çox məsələni onunla məsləhətləşərək həyata keçirirdi.[3][6][7]
Tehranda ikinci çağırış məclisin işə başlamasından sonra Əmirxizi Səttar xan ilə birlikdə Tehrana gəldi. Səttar xanın yaralanması və bir neçə il sonra da bu yaradan ölməsi ilə nəticələnən Atabəy parkı hadisəsindən sonra Əmirxizi Təbrizə geri döndü. Onun Təbrizə dönməsinə icazəni Səttar xan özü vermişdi. 1912-ci ildə Təbrizin Rusiya tərəfindən tutulmasından və edilən təzyiqlər nəticəsində Əmirxizi İstanbula getməyə məcbur oldu. İstanbuldan isə Seyid Həsən Tağızadənin dəvəti ilə Berlinə getdi.[8] 1915-ci ildə Bağdada gedərək Almaniyaya yaxın qüvvələrin işlərinə yardım etməyə başladı. Bağdadın Britaniyanın əlinə keçməsindən sonra İstanbula geri döndü və iki il orada qaldı. Birinci Dünya müharibəsinin sonunda rusların Təbrizi tərk etməsindən sonra Əmirxizi 7 ildən sonra öz şəhərinə geri dönə bildi. 1920-ci ildən etibarən Təhsil Nazirliyində işə qəbul oldu və Təbrizdəki Mahmudiyyə məktəbində müəllim olaraq çalışmağa başladı.[3][6][7]
1920-ci ildə Məhəmməd Xiyabaninin üsyana başlamasından sonra Əmirxizi bu üsyana da qatıldı. O, Xiyabaninin təklifi ilə üsyanın "direktorlar heyətinin" üzvü oldu. Əmirxizi Azərbaycan adının Azadıstana dəyişdirilməsini təklif edən şəxslərdən biri idi. 1920-ci ilin 14 sentyabrında üsyanın yatırılmasın qədər Əmirxizi Xiyabaninin dəstəkçisi və məsləhətçisi olaraq fəaliyyət göstərdi.[3][7][9]
Xiyabani üsyanının yatırılmasından və özünün də öldürülməsindən sonra Əmirxizi anidən siyasətdən uzaqlaşdı və mədəni fəaliyyətə yönəldi. 1934-cü ilə qədər o, Mahmudiyə məktəbinin direktoru olaraq çalışdı. 1934-cü ildə isə Tehrana göndərildi və Dar ul-Funun məktəbinin direktoru təyin edildi. 1942-ci ildə o, Təbrizə geri döndü və Azərbaycan mədəniyyət mərkəzlərindən birinin direktoru oldu. Lakin 12 ay sonra özünün istəyi ilə Tehrana göndərildi. 1946-cı ildə yenidən Dar ul-Fununun direktoru olaraq seçildi.[3][6][7][10]
1947-ci ildə Əmirxizi Mədəniyyət və İslami Rəhbərlik Nazirliyinin ali müfəttişi seçildi. 1949-cu ildə isə təqaüdə ayrıldı.[3][6][7]
Farsdilli əlyazmalar üzrə mütəxəsis, İran Milli Kitabxanasının banisi və Tehran Universitetinin professoru olmuş Mehdi Bayani bildirmişdir ki, Əmirxizi Nəstəliq yazısı üzrə xəttatlardan biri olmuş və məşhur xəttat Mirhüseyn Xoşnevisin tələbəsi olmuşdur.[11]
İsmayıl Əmirxizi 1966-cı ilin 16 fevral tarixində Tehran şəhərində vəfat etmişdir.[3][7]
Əmirxizi ədəbiyyat və tarix sahəsində bir sıra əsərlər yazmışdır:
Əmirxizinin məqalə və şeirləri müxtəlif jurnallarda nəşr olunmuşdur. Bəzi əsərləri onun vəfatından sonra çap olunmuşdur: