Azərbaycan şərqdə ilk demokratik və dünyəvi dövlət qurmuşdur. Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik türk və müsəlman çoxluğuna sahib ölkədir. Azərbaycan altı müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti var. Ölkəmiz 38 beynəlxalq təşkilatın üzvüdür.
Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan yeni yaradılan BMT insan haqları assambleyasına üzv oldu. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT, ATƏT, Avropa Şurası və NATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.
"İçərişəhər", xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII-IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır.