Qazançı körpüsü — Azərbaycanın Culfa rayonunun Qazançı kəndi ərazisində yerləşən, Səfəvilər dövründə tikilmiş tarixi memarlıq abidəsi, körpü.
Qazançı körpüsü | |
---|---|
![]() | |
![]() | |
39°14′01″ şm. e. 45°42′11″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Yerləşir | Qazançı, Culfa |
Tikilmə tarixi | XVII əsr |
İstinad nöm. | 403 |
Kateqoriya | Körpü |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
![]() |
Körpü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərarı və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.
Qazançı körpüsü Culfa rayonunun Qazançı kəndinin cənubunda, Əlincəçay üzərində tikilib.[1][2] Körpü xalq arasında "Qozbel körpü" adı ilə də məşhurdur.[2][3] Abidənin üstündə kitabə olmadığı üçün onun inşa tarixi dəqiq bilinmir.[4] Amma tikinti texnikasına və memarlıq-konstruktiv quruluşuna görə körpünü XVII əsrin əvvəllərinə I Şah Abbasın dövrünə (1587–1629-cu illər) aid etmək olar.[5][2] Böyük İpək yoluna xidmət edən bu körpü vasitəsilə vaxtilə Qazançı kəndindən şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçib.[3][1] Körpünün eni 3,55 m, uzunluğu 10,85 m, hündürlüyü 8,8 m-dir.[3] Körpü azca yonulmuş çapma daşlardan tikilib.[4] Tağların haşiyə və arxivoltu təmiz yonulmuş qum daşındandır.[5][6] Bunun sayəsində tağların kənarı körpü divarının yonulmamış səthindən fərqlənərək onun konstruksiyasını nəzərə çatdırır.[7]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə körpü ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[8]
2007-ci il noyabr ayının 1-də "Azərmarka" şirkəti tərəfindən Azərbaycan körpülərinə həsr olunmuş 5 ədəd poçt markası təqdim olunub. Qiyməti 20 qəpik, tirajı isə 20 min ədəd olan həmin markalardan biri Qazançı körpüsünə həsr olunub.[9]
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə Qazançı körpüsü ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.[10]
2018-ci ildə körpüdə bərpa işləri aparılıb.[11] Ətrafında 120 metr sahilbərkitmə işləri görülüb, yükdaşıyan hissəsinin aşınmış daşları dəyişdirilərək yenisi ilə əvəz olunub, daşların arası tamamilə təmizlənərək əhəng məhlulu ilə yenidən bərkidilib.[5]