Əli bəy Şahsuvar bəy oğlu Zülqədər, həmçinin Şahsuvaroğlu Əli bəy (türk. Şehsüvaroğlu Ali Bey; osman. شهسوار اوغلی علی بك, Şehsüvar-oqlı Ali beq; 1515, Əlbistan – 1522, Artova[d], Toqat ili) — 13 iyun 1515-ci ildən vəfatına qədər Zülqədəroğulları bəyliyinin hökmdarı. Əli Zülqədəroğulları bəylərindən olan Məlikmüzəffər Şahsuvar bəyin (hökmdarlığı: 1466–1472) oğlu idi. Atasının Məmlük sultanlığı tərəfindən edam edilməsindən sonra Əli Osmanlı imperiyasına köç etmiş və burada müxtəlif vəzifələrdə xidmət etmişdir. O, imperiyanın bəzi hissələrini idarə etmiş və Səfəvilər dövlətinə qarşı mübarizədə, xüsusilə Çaldıran döyüşündə Osmanlı ordusuna rəhbərlik etmişdir. Əlinin əmisi, Zülqədəroğulları bəyliyinin hökmdarı Əlaüddövlə Bozqurd bəy (hökmdarlığı: 1480–1515) Osmanlı dövləti ilə münaqişəyə girən zaman Osmanlılar Bozqurdu Məmlük sultanlığına dəstək verdiyinə görə Əli bəyi onun yerinə keçirmək üçün seçmişdilər. 13 iyun 1515-ci ildə Bozqurd bəy öldürülmüş və Əli Zülqədəroğulları taxtına yüksəlmişdir.
Əli bəy Zülqədər | |
---|---|
![]() Xoca Sədəddinin "Tac əl-Təvarix" əsərindən Əlinin Cəlalı üsyançılarına qarşı döyüşən zamanı təsvir olunduğu miniatür. | |
15 iyun 1515 – 1522 | |
Əvvəlki | Əlaüddövlə Bozqurd bəy |
Sonrakı | vəzifə ləğv olunub |
1512 – noyabr 1514 | |
Kayseri sancaqbəyi | |
noyabr 1514 – 15 iyun 1515 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1515 |
Doğum yeri | |
Vəfat tarixi | 1522 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Məlikmüzəffər Şahsuvar bəy Zülqədər |
Uşaqları |
Sarı Arslan Üveys Divanə Vələd Pir Əhməd İsgəndər Xüdabəndə |
Məmlüklər Əli bəyi devirmək və onun əmisini geri qaytarmaq üçün hazırlıq görən zaman Osmanlı sultanı I Səlim (hökmdarlığı: 1512–1520) Suriya və Misirdə Məmlük hakimiyyətini bitirmək üçün müharibə başlatmışdır. Əli bəy bu müharibədə Osmanlı qüvvələrinin bir hissəsinə rəhbərlik etmiş, o cümlədən 1516-cı ildə Mərcidabık və 1517-ci ildə Ridaniyə döyüşlərində iştirak etmişdir. Hər iki döyüş Osmanlı qələbəsi ilə nəticələnmiş və Məmlük ərazisinin tamamilə ilhaq olunması prosesində mühüm rol oynamışdır. İki il sonra, 1521-ci ildə Əli bəy Osmanlı Anadolusunda Cəlali üsyanlarının yatırılmasında və Suriyada Canbərdi Qəzainin ram edilməsində əhəmiyyətli dərəcədə iştirak etmişdir. Osmanlılara sədaqəti və onlara göstərdiyi xidmətlərə baxmayaraq, Əli bəyin ədalətsiz idarəçiliyi haqqında şayiələr və onun bu şayiələri yoxlayan Osmanlı məmurlarını öldürməsi onun rəqibi olan Rumeli bəylərbəyi Fərhad Paşanın Əli bəyin qətlini planlaşdırmasına səbəb olmuşdur. Əli bəy və yaxın ailəsi Fərhad Paşa tərəfindən təşkil edilən ziyafətdə qətlə yetirilmişdir. Əli bəyin ölümü Osmanlıların Zülqədəroğlu bəyliyinin ərazisini ələ keçirməsinə və onun sülaləsinin hakimiyyətinin sonlanmasına yol açmışdır.
Zülqədəroğulları bəyliyi Anadolunun cənubi və Suriyanın şimalında yerli türkman ağası Zeynəddin Qaraca bəy (hökmdarlığı: 1337–1353) tərəfindən Məmlük sultanlığının vassalı kimi qurulmuşdur. Qaraca bəy sonda Məmlüklərə qarşı üsyan qaldırmış və 1353-cü ildə edam edilmişdir. Zülqədəroğulları ilə Məmlüklər arasında münaqişə onun oğulları Qarsəddin Xəlil bəy (hökmdarlığı: 1353–1386) və Şaban Sülü Sevdi bəyin (hökmdarlığı: 1386–1398) dövründə davam etmiş, hər ikisi Məmlük sultanı Bərkukun (hökmdarlığı: 1382–1389, 1390–1399) əmri ilə sui-qəsd nəticəsində öldürülmüşdür. Əli bəyin ulu babası Nasirəddin Məhəmməd bəy (hökmdarlığı: 1399–1442) və babası Süleyman bəy (hökmdarlığı: 1442–1454) dövründə Zülqədəroğulları bəyliyi həm Osmanlı dövləti, həm də Məmlük sultanlığı ilə dostluq münasibətləri qurmağa çalışmışdılar.[1]
Məlik Arslan bəyin (hökmdarlığı: 1454–1465) ölümü qardaşlar arasında mübarizə dövrünün başlanğıcı olmuşdur. Şahbudaq bəy (hökmdarlığı: 1465–1466, 1472–1480) Məmlüklərin dəstəyi ilə taxtı ələ keçirmişdir. Qısa müddət sonra Osmanlıların dəstəklədiyi Məlikmüzəffər Şahsuvar bəy (hökmdarlığı: 1466–1473) tərəfindən taxtdan uzaqlaşdırılmışdır. Şahsuvar bəyin hakimiyyəti boyunca Məmlüklərlə davamlı münaqişədə olmuşdur, lakin Osmanlılara sədaqətsizliyi səbəbindən onların dəstəyini itirmişdir. Məmlüklər Şahsuvar bəyi ələ keçirmiş onu edam etmişdilər. Onlar Şahbudaq bəyi yenidən dövlət başçısı təyin etmişdilər. 1480-ci ildə Şahbudaq bəyin hakimiyyəti yenidən süqut etmişdir, çünki qardaşı Əlaüddövlə Bozqurd bəy (hökmdarlığı: 1480–1515) Osmanlının güclü dəstəyi ilə onu devirmişdi. Əlaüddövlənin hakimiyyəti Səfəvilər dövləti, Osmanlı imperiyası və Məmlük sultanlığı arasında bir neçə münaqişəni əhatə etmişdi.[1]
Atası Məlikmüzəffər Şahsuvar bəyin edam edilməsindən sonra Əli Osmanlı sultanı II Bəyazidin (hökmdarlığı: 1481–1512) himayəsinə sığınmışdı. I Səlim (hökmdarlığı: 1512–1520) taxta çıxdıqdan sonra Əlini Çirmən sancaqbəyi təyin etmişdir. Əli Səlimin Səfəvilər dövlətinə qarşı səfərində iştirak etmişdir. Ərzincanda yerləşən zaman I Səlim Əlini Səfəvi qüvvələrini üzərində kəşfiyyat aparması üçün göndərmişdi. Əli bir neçə qızılbaş kəşfiyyatçı dəstəsini ələ keçirmişdi. Onun əmisioğlu Pirbəndə 18 avqust 1514-cü ildə Ələşgird yaxınlığında yerləşən Saqqallıda onların başlarını Səlimə təqdim etdikdən sonra Əli 3 min florin və Herseqli Əhməd Paşanın qılıncı ilə mükafatlandırılmışdır. Beş gün sonra, 23 avqustda Əli Çaldıran döyüşündə iştirak edərək qaçan Səfəvi qüvvələrini təqib etmişdir.[2]
Noyabrda Səlim Əlini Çirməndəkindən daha dəyərli bir vəzifə olan Kayseri sancaqbəyi təyin etmişdir.[3] vəzifə Zülqədəroğulları bəyliyi ilə sərhəddə yerləşirdi və Əlaüddövlə Bozqurd bəyi aradan qaldırmaq üçün hazırlıq məqsədi daşıyırdı. Səlimin əmri ilə Əli qışda Zülqədəroğulları bəyliyinin nəzarətində olan Bozok sancağını ələ keçirmiş və Bozqurdun oğlu Süleymanın başını kəsmişdir. Səlim yeni ələ keçirilmiş Bozok sancağını Əliyə vermişdir. Bozqurdun şikayəti üzərinə Məmlük sultanı Qansu Qavri 1515-ci ilin mayında I Səlimdən Əlini vəzifələrindən azad etməyi tələb etmişdir. Səlim bunun əksinə, Məmlüklərdən Əlini Zülqədəroğulları bəyliyinin taxtına oturtmağı tələb etmişdir. Qansu Qavri I Səlimə Əlinin atası Şahsuvarın Məmlüklərə qarşı keçmiş əməllərini xatırladaraq Əlinin taxta çıxmasını rədd etmişdir. Qansu tezliklə Zülqədəroğulları bəyliyi ərazisinin Məmlüklər üçün itirildiyini başa düşmüş və Səlimə ərazini Osmanlılarla bölüşməyi təklif etmişdir. Səlim buna kəskin etiraz edərək bütün Məmlük sultanlığını fəth etməyə cəhd edəcəyini bildirmişdir. İki dövlət arasında diplomatik danışıqlar zamanı Zülqədəroğulları Osmanlı ordusunun yerləşdiyi yerləri dağıtmışdılar. Bu, Osmanlı tərəfinin hərbi gücünü xeyli zəiflətmişdir.[4]
Rumeli bəylərbəyi Sənan Paşanın komandanlığı altında 30 min nəfərlik ordu 5 iyun 1515-ci ildə Əlbistana doğru hərəkət etmişdir. Bozqurd öz hərəmini və xəzinəsini Durna dağına köçürmüşdü. Zülqədəroğulları bəyliyinin tabeliyində 30 min nəfərlik ordu 13 iyun 1515-ci ildə Andırın və Göysun arasında yerləşən Ördəkli yaxınlığında Osmanlı ordusu ilə qarşılaşmışdır. Əlinin dəvəti ilə bir vaxtlar atası Şahsuvar bəyə sadiq olan türkman ağaları tərəf dəyişmişdir. Baş tutan toqquşma zamanı Osmanlı əsgərlərindən biri Bozqurdu onun dəbdəbəli geyimindən tanıyaraq hücum etmiş və onu öldürmüş, Bozqurdun kəsdiyi kəlləsini isə Sənan Paşaya təqdim etmişdir. Bozqurdun dörd oğlu və qardaşı Əbdülrəzzaq daxil olmaqla Zülqədəroğulları bəyliyinin tabeliyində olan qoşunların çoxu rəhbərlərinin öldüyünü anlayaraq dağlara qaçmışdır. Çoxsaylı itkilər arasında Bozqurdun bir oğlu və 30 ağa döyüşdə həlak olmuş, onun qalan qohumları, o cümlədən hərəm üzvləri ələ keçirilmişdir. Bozqurdun kəlləsi Göysunda Səlimə təqdim edilmişdir. Səlim Bozqurdun, onun vəzirinin və bir oğlunun kəllələrini Qahirə şəhərinə göndərmişdir. Qansunun Bozqurdun övladlarına ərazinin bir hissəsini buraxmaq tələbinə zidd olaraq, Əli Zülqədəroğulları bəyliyinin yeni hökmdarı təyin edilmişdir. Xütbə Səlimin adına oxunmuşdur və beləliklə, Osmanlıların Zülqədəroğulları bəyliyi üzərində hakimiyyəti elan edilmişdir.[5] Əliyə Bozkurtdan miras qalan Hələb sancağında Məmlük tipli iqta verilmişdir.[6]
Əlinin taxta çıxması, xüsusilə əmisioğlu Şahrux Məhəmməd bəyin oğulları tərəfindən qaldırılan bir neçə üsyana səbəb olmuşdur. Əli üsyançılar arasında ən nüfuzlu şəxs olan Əhmədi Zamantu qəsrində ələ keçirərək üsyanı yatırmışdır. O, 1516-cı ilin fevralında Əli Qansuya çoxsaylı hədiyyələr göndərmişdir, lakin Məmlüklər Əlinin dostluq münasibətləri qurmaq təklifinə cavab verməmişdilər. Əlinin əmisi Əbdülrəzzaq və əmisioğulları Misirə qaçmış, Məmlüklərdən səkkiz min dinar aldıqdan sonra 18 martda Əlini devirmək üçün ordu toplamaq məqsədilə Qahirəni tərk etmişdilər. Digər tərəfdən, Əli Osmanlılara sədaqətini sübut etməyə səy göstərirdi. O, Diyarbəkirin mühasirəsini qırmaq üçün yola çıxan Bığlı Mehmed Paşaya iki min nəfərlik dəstək qüvvəsi göndərmişdi. Bu mühasirə Səfəvilərin təyin etdiyi vali Qara xan Ustaclının şəhər sakinləri tərəfindən idarəetməyə icazə verilməməsi səbəbindən başlanmışdı. 1516-cı ilin aprelində Əlinin qüvvələri Qoçhisar döyüşündə iştirak etmiş, burada Qara xan həlak olmuş və Osmanlı hakimiyyəti bərpa edilmişdir.[7]
Qansu 11 iyulda Hələb gəlmişdir. O, I Səlimin şərqdə Səfəvilərlə mübarizə ilə məşğul olacağını gözləyirdi və bu səbəbdən Zülqədəroğulları bəyliyinin ərazilərinə hücum etməyə hazırlaşmışdı. Əslində, I Səlim Məmlük ərazisinə hücum planlaşdırırdı. Məmlük sultanı Qansuya göndərdiyi məktubda I Səlim Əli bəyin qohumlarına qarşı dəstək istmiş və Məmlüklərin Səfəvi–Osmanlı münaqişəsində bitərəf qalması halında Zülqədiroğulları bəyliyini Məmlük hakimiyyətinə qaytarmağı təklif etmişdir. I Səlim Məmlüklərə qarşı səfər niyyətini gizlədərək Əlbistana getmişdir. Əli bəy Osmanlı ordusunu cənubdanAntepə qədər aparmışdı. Qansu Osmanlı ordusunun Suriyaya gəldiyini öyrənəndə birtərəfli qaydada Əbdülrəzzaqı Zülqədəroğulları hökmdarı kimi tanımış və onun komandanlığı altında beş min nəfərlik ordunu şimala göndərmişdir. Qansu və Məmlük ordusu onu izləyirdi. Osmanlı və Məmlük orduları 24 avqust 1516-cı ildə Mərcidabık yaxınlığında vuruşdular. Əli bəy Anadolu bəylərbəyi Zeynəl Paşa ilə birlikdə Osmanlı ordusunun sağ cinahında yerləşmişdir. Əbdülrəzzaq və onun qardaşıoğlu Şahrux Məhəmməd bəyin oğlu Məlik Arslan bəy Məmlük ordusunun qarşı tərəfində, yəni sol cinahda idi. Döyüş başlayandan az sonra Əli bəy Məlik Arslan bəyi öldürmüşdü.[8] Osmanlı qələbəsi ilə nəticələnən toqquşma zamanı Qansu insultdan ölmüş,[9] Əbdülrəzzaq isə əsir götürülmüşdür.[8]
Əli bəy ön cəbhədə yerləşən qüvvələrə rəhbərlik etməyə davam etmiş və I Səlimi Qahirə şəhərinə hücum etməyə çağırmışdır. Qəzzənin ələ keçirilməsindən sonra Əli bəy və onun komandanlığı altında səkkiz min süvari 20 yanvar 1517-ci ildə Misirdə yerləşən Bilbeysə çatmışdır. Vəzirlərinin birbaşa hücum tövsiyəsinə zidd olaraq, Səlim Əli bəyin məsləhətinə əməl edərək Müqəddəm təpəsindən Ridaniyəyə doğru irəliləmişdir. Həmin il 24 yanvar tarixində Ridaniyə döyüşündə Əli bəy yenidən ordunun sağ cinahında yerləşmişdir. Toqquşma zamanı Əli bəyin bir oğlu da daxil olmaqla bir neçə Osmanlı komandiri həlak olmuşdur, lakin Əli bəy Qahirə şəhərinə sızmağı bacarmış və şəhər küçələrində baş tutan döyüşlərdə iştirak etmişdir. 13 aprel tarixində Əli bəy, atasının əvvəllər eyni yerdə edam edilməsinə qisas olaraq, Məmlük sultanı II Tumanbəyi (hökmdarlığı: 1516–1517) Bab Züvəylədə asmışdır.[10]
Bozoxlu Şeyx Cəlal Turhal yaxınlığında timar sahibi olan bir türkman idi və 1519-cu ildə Əli bəyin qohumları da daxil olmaqla çoxsaylı qızılbaşları toplayaraq böyük bir üsyan qaldırmışdır. Bozox sancağında Şeyx Cəlal Əli bəyin oğlu Üveysin evini talan etmiş və üsyançılara qarşı müqavimət hazırlayan yerli bəylərbəyi Şadi Paşanı Zilədə məğlubiyyətə uğratmışdır. Şeyx Cəlalın Osmanlılara qarşı müvəqqəti qələbəsi onun şöhrətini və tərəfdarlarının sayını artırmışdı. I Səlim Əli bəyi və bir neçə Osmanlı valisini Şeyx Cəlalı ram etmək üçün vəzifələndirmişdir. 24 aprel 1519-cu ildə Əli bəy səhərdən axşama qədər davam edən döyüşdə iştirak etmişdir. Bu döyüşdə qızılbaş qüvvələrinin çoxu öldürülmüş və ailələri əsir alınmışdır. Üsyanın lideri Şeyx Cəlal qaçmağı bacarmışdı, Üveys tərəfindən təqib edildi və nəhayət, cunqar yörükləri tərəfindən tutulmuşdur. Şeyx Cəlal Şadi Paşaya təqdim edilmək üçün aparılan zaman Üveys onu oğurlamış və atası Əli bəyə gətirmişdir. Əli bəy Şeyx Cəlalın kəlləsini kəsmiş və onu I Səlimə göndərmişdir. Bu, Osmanlı valiləri, xüsusilə Rumeli bəylərbəyi Fərhad Paşa arasında qısqanclığa səbəb olmuşdu.[11]
I Səlimin 1520-ci ildə vəfatından qısa müddət sonra, əvvəllər Dəməşq bəylərbəyi olan Canbərdi Qəzai hakimiyyət dəyişikliyindən istifadə edərək üsyan qaldırmışdır. Fərhad Paşa və Əli bəy bu üsyanı yatırmaq ilə vəzifələndirilmişdilər. Bu zaman Qəzai 20 min nəfərlik qüvvə ilə Hələb şəhərini mühasirəyə almışdı. Əli bəy Fərhad Paşanın gəlişindən əvvəl Hələb yaxınlığında Qəzaini məğlub etmişdi. Qəzai Dəməşq şəhərinə geri çəkilmiş, Əli bəy və Fərhad Paşa tərəfindən təqib olunmuşdur. 27 yanvar 1521-ci ildə Osmanlı qüvvələri Dəməşq yaxınlığındakı Məstəbədə Qəzaini öldürmüşdür. Əli bəyin başqa bir üsyanı yatırmaqda uğuru onun şöhrətini artırmış və Fərhad Paşa ilə aralarındakı düşmənçiliyi gücləndirmişdir. Həmin il Əli bəy I Süleymanın (hökmdarlığı: 1520–1566) Belqradın mühasirəsi zamanı Osmanlı imperiyasının şərq sərhədlərini qorumuşdur.[12]
Əli bəyin öz təbəələrinə qarşı qəddar və ədalətsiz şəkildə idarəçilik etdiyi haqqında şayiələrin araşdırılması üçün Osmanlı hakimiyyəti Zülqədəroğulları bəyliyinin ərazisinə müfəttişlər göndərmişdi, Əli bəy isə həmin Osmanlı məmurlarını öldürmüşdür. Fərhad Paşa bu fürsətdən istifadə edərək Əli bəyi ləkələmək və aradan götürmək qərarına gəlmişdir. Fərhad Paşa Sultan Süleymandan fərman alaraq Tokata getmişdir. Orada Əli bəy və oğullarını Səfəvilərə qarşı gələcək səfər məqsədilə görüşə dəvət etmiş, lakin görüşün məqsədini gizlətmişdir. Əli bəy yaxın çevrəsindən gələn, bütün ailəsinin dəvət olunduğu bu görüşün şübhəli xarakterinə dair xəbərdarlıqlara məhəl qoymamışdı. Əli bəy və oğulları Artukovada Fərhad Paşa ilə görüşmüşdülər. Fərhad Paşa onları böyük maraqla qarşılamış və onlar üçün dəbdəbəli ziyafət təşkil etmişdir. Ziyafət zamanı Əli bəy, onun dörd oğlu[9][a] və bütün yaxın ətrafı öldürülmüşdür. Sultan Süleyman 1522-ci ilin iyulunda Rodosun mühasirəsi üçün hazırlıqlar zamanı Çinedə Əli bəyin kəlləsini götürmüşdür. Əli bəy ölümünə qədər Osmanlılara sadiq qalmışdı. Onun qətli müstəqil və ya muxtar Zülqədəroğulları dövlətinin Osmanlı ərazisinə birləşdirilməsinə gətirib çıxarmışdı. Əlinə bəyin ölümündən sonra ölkənin böyük hissəsi Dulqədir əyalətinin bir hissəsi olmuş, Bozok bölgəsi isə sancaq kimi idarə olunmuşdur.[14]
Əli bəyin oğulları arasında Sarı Arslan, Üveys, Divanə Vələd, Pir Əhməd, İsgəndər və Xüdabəndə (1515-ci il təvəllüdlü) var idi.[1] Sarı Arslan, Üveys, Divanə Vələd və Pir Əhməd ataları ilə birlikdə öldürülmüşdür.[13]