. Love.az

Suleyman Bey Zulqeder - Wikipedia - Love.az

Ana Səhifə - Suleyman Bey Zulqeder
Vikipediyada bu təxəllüslü müxtəlif şəxslər haqqında məqalələr var, bax: Zülqədər.

Süleyman bəy Zülqədər (türk. Süleyman Bey; v. 1454) — 1442-ci ildən vəfatına qədər Anadolunun cənubunda yerləşən Zülqədəroğulları bəyliyinin hökmdarı. O, atası Nasirəddin Məhəmməd bəyin (hökmdarlığı: 1399–1442) dövründə Kayseri valisi kimi xidmət etmişdir. Süleyman bəyin hakimiyyəti nisbətən sakit keçmişdir. Onun hakimiyyəti dövründə əldə etdiyi ən böyük nailiyyəti öz qızlarının Zülqədəroğulları bəyliyinin aralarında bufer zona kimi rol oynadığı iki böyük gücün hökmdarları – Osmanlı sultanı II Mehmed (hökmdarlığı: 1444–1446, 1451–1481) və Məmlük sultanı Seyfəddin Çaxmaq (hökmdarlığı: 1438–1453) ilə siyasi evliliklərini təşkil etməsi olmuşdur. Hakimiyyətinin sonlarına yaxın Süleyman bəy Ağqoyunluların daxili mübarizəsinə qarışmış, bu münaqişədən sonra Bayandurlar sülaləsinin bəzi üzvləri onun himayəsinə sığınmışdır. Münaqişənin bitməsindən sonra Süleyman bəy Çəmişgəzəyin uğursuz mühasirəsinə rəhbərlik etmişdir. Onun çoxsaylı övladları olmuş, onlardan dördü ardıcıl olaraq dövləti idarə etmişdir. Süleyman bəydən sonra taxta Məlik Arslan bəy (hökmdarlığı: 1454–1466) keçmişdir.

Süleyman bəy Zülqədər
Zülqədəroğulları bəyi
oktyabr 1442 – 28 avqust 1454
ƏvvəlkiNasirəddin Məhəmməd bəy
SonrakıMəlik Arslan bəy
Kayseri valisi
? – iyul 1435
Əvvəlkinaməlum
Sonrakıbirbaşa Məmlük nəzarəti[a]
1436/1437 – oktyabr 1442
Əvvəlkibirbaşa Məmlük nəzarəti
Sonrakınaməlum
Şəxsi məlumatlar
Vəfat tarixi 1454
Atası Nasirəddin Məhəmməd bəy Zülqədər
Anası Xədicə xatun
Uşaqları Məlik Arslan
Şahbudaq
Məlikmüzəffər Şahsuvar
Əlaüddövlə Bozqurd
Əbdülrəzzaq
İsa
Xüdadad
Moğolbəy
Yunus
Salman
Ərdivanə
Yəhya
Misir Xatun
Sitti-Mükrimə Xatun
Seyfəddin Çaxmağın yoldaşı
Digər naməlum iki qız

Mündəricat

  • 1 Zəmin
  • 2 Erkən həyatı
  • 3 Hakimiyyəti
  • 4 Ailəsi
  • 5 Qeydlər
  • 6 Mənbə
    • 6.1 İstinadlar
    • 6.2 Ədəbiyyat

Zəmin

redaktə

Zülqədəroğulları bəyliyi Anadolunun cənubi və Suriyanın şimalında yerli türkman ağası Zeynəddin Qaraca bəy (hökmdarlığı: 1337–1353) tərəfindən Məmlük sultanlığının vassalı kimi qurulmuşdur. Qaraca bəy sonda Məmlüklərə qarşı üsyan qaldırmış və 1353-cü ildə edam edilmişdir. Zülqədəroğulları ilə Məmlüklər arasında münaqişə onun oğulları Qarsəddin Xəlil bəy (hökmdarlığı: 1353–1386) və Şaban Sülü Sevdi bəyin (hökmdarlığı: 1386–1398) dövründə davam etmiş, hər ikisi Məmlük sultanı Bərkukun (hökmdarlığı: 1382–1389, 1390–1399) əmri ilə sui-qəsd nəticəsində öldürülmüşdür.[1]

Erkən həyatı

redaktə

Süleyman bəy Anadolu hökmdarı Qazi Bürhanəddinin qızı Xədicə xatun və beşinci Zülqədəroğulları bəyi Nasirəddin Məhəmməd bəyin (hökmdarlığı: 1399–1442) oğlu olaraq anadan olmuşdur. Məhəmməd bəy öz hakimiyyəti dövründə Osmanlı dövləti və Məmlük sultanlığı ilə dostluq münasibətləri qurmağa çalışmışdı.[1] Nasirəddin Məhəmməd bəyin Osmanlı şahzadəsi Mehmed Çələbiyə Osmanlıda taxt-tac mübarizəsi (1402–1413) dövründə dəstək verməsi nəticəsində Süleyman bəy 1413-cü ilin yazında Rumelidə Mehmed Çələbinin rəqibi qardaşı Musa Çələbiyə qarşı döyüşündə iştirak etmişdir. Atasının 1419-cu ilin aprelində Məmlüklərin Qaramanoğulları bəyliyinə qarşı səfərində Zülqədəroğullarının iştirak etməsinə görə mükafat olaraq Kayseri üzərində nəzarəti əldə etməsindən sonra Süleyman bəy bu şəhəri idarə etmişdir. 1435-ci ildə Qaramanoğulları bəyliyi Məmlüklərlə şəhərin nəzarətini geri qaytarmaq üçün danışıqlar aparmağa çalışmışdılar. Süleyman bəyin anası Xədicə xatunun Qahirədə fəaliyyət göstərən diplomatik missiyası Kayseri şəhərinin itirilməsinin qarşısını almaqda uğurlu olmuşdur, lakin Qaramanoğulları və Ramazanoğulları bəylikləri birləşərək 1435-ci ilin iyulunda şəhəri ələ keçirmişdilər. Atasının xahişi ilə Süleyman Çanaqqala şəhərinə getmiş, burada qısa müddətə iqamət edən Osmanlı sultanı II Murad (hökmdarlığı: 1421–1444, 1446–1451) daxili çəkişmələrdə olan Qaramanoğulları bəyliyindən Kayseri şəhərini geri almaq üçün hərbi dəstək vermişdir.[2] Odur ki, II Murad özü Zülqədəroğulları bəyliyinin şahzadəsi və Süleyman bəyin bacısı Əminə Xatunun övladı idi.[3] Süleyman bəy 1436-cı ilin sonu və ya 1437-ci ilin əvvəlində şəhəri geri almağa nail olmuşdur.[1]

Hakimiyyəti

redaktə

Süleyman bəy atasının 1442-ci ilin oktyabrında vəfat etməsindən sonra taxta çıxmışdır.[4][5] O, bu dövrdə idarəçilik baxımından artıq kifayət qədər təcrübəli idi[6] və onun hakimiyyəti böyük təhdidlərdən azad olmuşdu.[1] Süleyman bəy atasının Osmanlı dövləti və Məmlük sultanlığı ilə əlaqələri möhkəmləndirmək siyasətini evlilik və digər vasitələrlə davam etdirmişdir.[6] Qaramanoğulları bəyliyi və Osmanlı dövlətinin şərq sərhədlərinə təhdid yaradan Qaraqoyunlular dövlətinə qarşı müttəfiq qazanmaq məqsədilə[7] II Murad öz vəziri Xəlil Paşa ilə məsləhətləşmiş və Süleyman bəyin beş qızından birini öz varisi, sonradan onun yerinə keçəcək Mehmed (hökmdarlığı: 1444–1446, 1451–1481) ilə evləndirmək üçün Əlbistana elçi göndərmişdir.[5][8] Sitti-Mükrimə Xatunun Mehmed ilə toyu 1450-ci ilin noyabr-dekabr aylarında iki ay davam etmişdir. Cəhiz ödənişi Osmanlı valiləri və onların həyat yoldaşlarından ibarət kortej tərəfindən Əlbistana gətirilmişdir. II Murad öz ərazisindəki qazıları, üləmanı, şairləri və başqalarını toya dəvət etmişdir.[6] Süleyman bəyin bacısı, Məmlük sultanı Seyfəddin Çaxmağın (hökmdarlığı: 1438–1453) həyat yoldaşı 1449-cu ilin aprelində taun xəstəliyinə yoluxaraq vəfat etmişdi, buna görə Süleyman bəy öz qızını Çaxmaq ilə evləndirmişdir. İki qızını o dövrdə sülh içində olan qonşu böyük güclərin hökmdarları ilə evləndirmiş olan Süleyman bəy nəticədə bəyliyin qərb sərhədində yerləşən Qaramanoğulları bəyliyi, həmçinin şərq sərhədində yerləşən Qaraqoyunlular və Ağqoyunlular dövlətlərinə qarşı qorunma təmin etmişdir.[7]

 
Sitti-Mükrimə Xatunun Bizans üslubunda portreti. Yuxarıda yerləşən yunanca "ἡ μεγάλη Χατώ mətni "böyük xatun" mənasını verir.

1450-ci ilə qədər Ağqoyunlu tayfa başçısı Müizəddin Cahangir bəy (hökmdarlığı: 1444–1454) öz əmiləri və digər Ağqoyunlu ağaları tərəfindən hakimiyyətinə qarşı müxalifətlə üzləşirdi. Qaraqoyunlular dövlətinin sultanı Müzəffərəddin Cahanşahın əmilərindən biri olan Qasım bəy Süleyman bəyin sarayına sığınmışdı. Cahanşahın digər əmiləri Qaraqoyunluların tayfa başçısı Cahanşahdan (hökmdarlığı: 1438–1467) kömək istəmişdilər. Cahanşahın Cahangiri təqib etdiyi bir vaxtda Məmlük sultanı Çaxmaq 1451-ci ilin oktyabrında Süleyman bəydən Cahanşahın Suriyaya qaçmasının qarşısını almağı tələb etmişdir. Məmlüklərin tələbinə baxmayaraq, Süleyman bəy və onların sərhəd valiləri gizli şəkildə Cahanşahı və onun qardaşı, gələcək Ağqoyunlu hökmdarı Uzun Həsəni (hökmdarlığı: 1452–1478) dəstəkləyirdi. Cahanşah Xarputa çatmış, Qaraqoyunlu qüvvələrinin qalanı isə Zülqədəroğulları bəyliyinin Ağqoyunlulara olan dəstəyini əngəlləmək məqsədilə Fərat çayını keçərək Məmlük sərhədləri daxilindəki Malatyaya doğru irəliləmişdilər. Buna görə də Çaxmaq öz qayınatası Süleyman bəyə kömək etmək üçün Suriyada xidmət edən hər Məmlük valisinə fərman verməli olmuşdur. Məmlük–Qaraqoyunlu münasibətlərinin pisləşəcəyindən narahat olan Cahanşah Zülqədəroğulları bəyliyinə hücum etməkdən imtina etmiş və Teymurilər dövlətinin hökmdarı Əbülqasım Babur Mirzənin yaxınlaşan təhlükəsi səbəbindən növbəti il Cahangir ilə sülh bağlamağa məcbur olmuşdur.[9]

 
Qəhrəmanmaraş şəhərində yerləşən Ulu məscid Süleyman bəyin miras qoyduğu mədəni irs abidələrindən biridir.

Ağqoyunlu–Qaraqoyunlu münaqişəsinin bitməsindən sonra Süleyman bəy otuz min nəfərlik ordu ilə Çəmişgəzəyə yürüş etmişdir. Onun məqsədi Qobrak və Vibrak qalalarının nəzarətini ələ keçirmək üçün yarışan kürd ağası Şeyx Həsəni ram etmək və beləliklə, Zülqədəroğulları bəyliyinin şərq sərhədlərini möhkəmləndirmək idi. Süleyman bəy şəhəri mühasirəyə almışdır, lakin nəticədə uğursuz olmuşdur və o, Xarputa geri çəkilməyə məcbur qalmışdır. Son illərində Süleyman bəy kökəlmişdi və artıq at belinə minə bilmirdi. O, 28 avqust 1454-cü ildə vəfat etmişdir. Onun geniş hərəmindən olan bir çox övladı var idi, lakin nəticədə taxt-tac onun oğlu Məlik Arslan bəyə (hökmdarlığı: 1454–1466) keçmişdir.[10] Süleyman bəy Maraş şəhərində yerləşən ən böyük məscid olan Ulu məscid də daxil olmaqla bəzi memarlıq irsi qoymuşdur.[1]

Ailəsi

redaktə

Süleyman bəyin geniş hərəmi və çoxlu övladı var idi.[10][11] Onun oğulları arasında Məlik Arslan, Şahbudaq, Məlikmüzəffər Şahsuvar, Əlaüddövlə Bozqurd, Əbdülrəzzaq, İsa, Xüdasad, Moğolbəy, Yunus, Salman, Ərdivanə, Yəhya var idi.[1]

Onun ən azı beş qızı var idi.[6] Onlardan Misir Xatun, Osmanlı imperiyasının sultanı II Mehmedin yoldaşı Sitti-Mükrimə Xatun və Məmlük sultanı Seyfəddin Çaxmağın yoldaşı məlumdur.[1]

Sitti-Mükrimə Xatunun taxta çıxdığı zaman onu sonradan vəfat etdiyi Ədirnədə tərk edən II Mehmed ilə evliliyindən uşaq dünyaya gətirmədiyi güman edilir.[12]

Qeydlər

redaktə
  1. ↑ Qaramanoğulları bəyliyi, Ramazanoğulları bəyliyi və başqaları birlikdə hücuma keçərək Kayseridə birbaşa Məmlük nəzarətini bərpa etmişdilər.[1]

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 Venzke, 2017
  2. ↑ Yinanç, 1989. səh. 53–54
  3. ↑ Alderson, 1956, table XXV
  4. ↑ Yinanç, 1994
  5. ↑ 1 2 Mordtmann-Ménage, 1991
  6. ↑ 1 2 3 4 Yinanç, 1989. səh. 55
  7. ↑ 1 2 Yinanç, 1989. səh. 56
  8. ↑ Alderson, 1956, table XXVII
  9. ↑ Yinanç, 1989. səh. 56–57
  10. ↑ 1 2 Yinanç, 1989. səh. 57–58
  11. ↑ Stavrides, 2001. səh. 432—433
  12. ↑ Venzke, 2000. səh. 423

Ədəbiyyat

redaktə
  • Venzke, Margaret L. "The Case of a Dulgadir-Mamluk Iqṭāʿ: A Re-Assessment of the Dulgadir Principality and Its Position within the Ottoman-Mamluk Rivalry". Journal of the Economic and Social History of the Orient. 43 (3). 2000: 399–474. ISSN 0022-4995. İstifadə tarixi: 22 March 2023.
  • Venzke, Margaret L. Dulkadir // Encyclopaedia of Islam (III). 2017. doi:10.1163/1573-3912_ei3_COM_27743. ISSN 1873-9830.
  • Yinanç, Refet. Dulkadir Beyliği [Dulkadir Principality] (türk). Ankara: Turkish Historical Society Press. 1989. ISBN 9751601711. OCLC 21676736.
  • Yinanç, Refet. Dulkadiroğulları. TDV İslam Ansiklopedisi (türk). 9. 1994. 553–557.
  • Stavrides T. The Sultan of vezirs: the life and times of the Ottoman Grand Vezir Mahmud Pasha Angelović (1453—1474). Leiden: BRILL. 2001. ISBN 90-04-12106-4.
  • Alderson Anthony Dolphin. The Structure of the Ottoman Dynasty (PDF). Oxf.: Clarendon Press. 1956.
  • Johannes Heinrich Mordtmann-V. L. Ménage. Ḏh̲u 'l-Ḳadr // Encyclopaedia of Islam, Second Edition. II. Leiden: E.J. Brill. edited by B. Lewis; J. Schacht & Ch. Pellat. Assisted by J. Burton-Page, C. Dumont and V. L. Ménage. 1991. 239–240.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Süleyman_bəy_Zülqədər&oldid=8165781"
LOVE.AZ