Aprel döyüşləri, Aprel müharibəsi və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi.[23] Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.[2]
Azərbaycan-Ermənistan atışması | |||
---|---|---|---|
Dağlıq Qarabağ münaqişəsi | |||
![]() | |||
Tarix | 1 aprel 2016 — 5 aprel 2016 | ||
Yeri | Qarabağ Azərbaycan | ||
Səbəbi | Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpağları və Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları | ||
Nəticəsi |
Azərbaycanın qələbəsi[1]
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
![]() |
5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edir.[24]
Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla təxminən 350 nəfərin həyatını itirdiyini açıqlamışdır.[25]
Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi.[26] Aprel döyüşlərinin başlanması barədə müxtəlif fikirlər vardır. Bəzi siyasi şərhçilərə görə, döyüşlərin əsl təşəbbüskarı Rusiya və ya Türkiyə idi.[27][28][29][30] Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2019-cu ildə verdiyi açıqlamada Aprel döyüşlərinə hazırlıqla bağlı məlumatı hərbi birləşmənin kəşfiyyatı verdiyini, lakin konkret hansı günlər hücum ediləcəyi barədə məlumatın olmasını bilmədiyini bildirib.[31]
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan aprelin 2-də erkən saatlarda Birləşmiş Ştatlarda Nüvə Təhlükəsizliyi Sammitindən evə qayıdırdılar, bu zaman təmas xəttinin şimal-şərq, şərq və cənub-şərq sahələrində genişmiqyaslı döyüşlər baş verdi. Döyüşlər əsasən 257 km uzunluğunda olan təmas xətti üzərində yönəldilmişdir.[1] Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb.[32] Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirdi.[33] Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 127 dəfə pozub.[34] Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub. Habelə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki yüksəkliklər vurulub.[34] Azərbaycanın müdafiə naziri Zakir Həsənov 2019-cu ildə verdiyi açıqlamada Azərbaycan ordusunun ermənilərin qurduğu Ohanyan səddini 18 dəqiqəyə yardığını bildirib[35]. Talış kəndində olmuş "Kommersant" qəzetinin müxbirinin sözlərinə görə, Azərbaycan hərbçilərinin qrupu Talışa girsə də, orada möhkəmlənə bilmədilər.[36]
Döyüşlər başlamazdan qabaq Azərbaycan Ordusunun diversiya qrupları cəbhənin dərinliyinə sızaraq bəzi əməliyyatlar həyata keçirmişdi. Belə əməliyyatların biri Aprel döyüşlərindən iki həftə öncə baş vermişdi, bu əməliyyat zamanı Azərbaycanın diversiya qrupu arxa cəbhənin olduqca dərinliyinə sızaraq, Əsgəran bölgəsindəki HHM kompleksinin RLS-ni məhv etmişdi.[37]
Aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi azad olunub, Füzuli istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı vurulub.[38] Lakin tərəflərin Seysulan kəndindəki vəziyyət haqqında xəbərləri ziddiyyətli olaraq qalırdı. Hər iki tərəf Seysulan kəndinin öz nəzarətində olmasını iddia edir.[39][40]
Aprelin 4-ü Ermənistan itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub.[41]
Aprelin 5-də Ağdərə şəhərinə aparan əsas yol üzərindəki strateji baxımdan əhəmiyyətli Madaqiz məntəqəsindəki hərbi bazanın qərargahını və "Yerkrapa" erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirib.[42][43] Erməni tərəfi bu zərbə nəticəsində 7 nəfərin öldüyünü təsdiq edib.[43] Aprelin 5-də Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb.[44]
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib.[45] Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirib.[46]
Aprelin 5-də saat 12.00-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələri cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.[47]
Aprel döyüşlərindən sonra may ayında Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkə XİN rəhbərlərinin iştirakı ilə Vyanada görüşüb, iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçiriblər.[23] Görüşlər əsnasında münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edilib.[23]
Aprelin 7-də Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus "X-55" tipli pilotsuz uçuş aparatı xüsusi üsulla endirilib.[48] Aprelin 7-də Ağdərə-Goranboy istiqamətində Azərbaycana məxsus sanitar tibb maşını atəşə tutulub. Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.[49]
Bəzi xarici KİV-lərin verdiyi məlumata görə, döyüşlərdə Azərbaycan qüvvələri İsrailin istehsal etdiyi IAI Harop "Kamikadze" PUA, ThunderB nəzarət dronları və Spike TƏİR-ləri, Rusiya istehsalı olan TOS-1A 24-barrel termobarik (uzun məsafədə alovsaçan) raket sistemləri tətbiq olunub.[50][51] Rusiyalı hərbi analitik Aleksandr Xramçixinin iddiasına görə, Ermənistanın tank itkilərinin əsas səbəbi Harop PUA-ları olub.[52] Lakin hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusunun məhv edilən ağır texnikalarının 80 faizinin "Spayk" raketləri vasitəsilə vurulduğunu yazıb.[53]
2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.[54]
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının verdiyi məlumata görə, Aprel döyüşlərində Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü məhv edilmiş və 500-dən artıq döyüşçüsü yaralanıb.[55][56][57]
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2016-cı ilin aprel ayının 6-sında yayımladığı məlumata əsasən aprelin 2-dən etibarən intensivləşən Azərbaycan-Ermənistan silahlı münaqişəsi kontekstində Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulmasının davam etdirilməsinə dair məlumat yayıb. Nazirliyin məlumatında bildirilir ki, "2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törədib. Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub".[58][59]
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin 2016-cı ilin mayın 2-sində vurğuladığı məlumatda deyilir ki, "Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulmuş, bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəymiş, evlər dağıdılmış, hərbçilər və mülki əhalidən olan sakinlər isə həlak olmuşlar; Belə ki, məcburi köçkünlərdən 16 nəfər həlak olmuş, 40 nəfər yaralanmış, məcburi köçkünlərin məskunlaşdığı 228 mənzilə ziyan dəymiş, onlardan 43 ev tamamilə dağıdılmış, 185 ev qismən dağıdılmış və 235-ə yaxın mal-qara tələf olmuşdur."[60]
Ermənistan tərəfin məlumatlarına əsasən döyüşlərdə 91 hərbçi həlak olmuşdur.[18] Azərbaycan tərəfin məlumatlarına əsasən isə 560 nəfər ölmüşdür.[17]
Ermənistan KİV-lərində yayılan məlumatlara əsasən, 2016-cı ilin aprel ayının 11-ində sıravi Qarnik Qamletoviç Avetisyan bədbəxt hadisə nəticəsində ölüb.[61][62][63] Növbəti gün, aprelin 12-sində sıravi Sevak Norayroviç Xaçatryanın[64][65][66][67], 25-ində isə sıravi Ovannes Vaçikoviç Petrosyanın[68][69][70] başında güllə yarası izi olan meyidləri tapılıb. Ermənistan KİV-lərinə əsasən, 2016-cı ilin may ayının 4-ündə rəsmi olaraq yayımlanmış qısa məlumatlarda qeyd edilir ki, mayın 3-ündə sıravi əsgərlər İqor Akopyan və 19 yaşlı Koryun Arutyunyan ölü tapılıblar, meyidlərin üzərində işgəncə və odlu silah yarası izləri aşkarlanmamışdır.[71][72]
Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş[1], Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.[2] Azərbaycan prezidenti İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, Aprel döyüşləri zamanı 2 min hektar ərazi işğaldan azad edilib.[73]
Aprel döyüşləri vaxtı, hər iki ölkədə iqtidar və müxalifət eyni mövqeyi nümayiş etdirdi.[74] Aprelin 29-da Ermənistanda üç yüksək rütbəli hərbi və müdafiə rəsmiləri Aprel döyüşlərində uğursuzluğa görə işdən qovulmuşdur.[75]
5 aprel atəşkəsi Ermənistanda ehtiyatlı optimistliklə qarşılandı. Erməni rəsmiləri əvvəlcə erməni qüvvələrinin effektiv fəaliyyətini vurğulamışlarsa da, ictimaiyyətin xəyal qırıqlığı ordunun korrupsiyaya və könüllülüyünə yönəldildi. Hərbi əməliyyatların ilk bir neçə saatı zamanı çoxlu erməni tələfatından ötrü məsuliyyət cəbhə xəttləri boyunca köhnəlmiş avadanlıq və kommunikasiya xətlərinin olmasına yönəldildi.[1] 2020-ci ilə qədər Ermənistan tərəfi cəbhə xəttinə ABŞ-dən alınan 225 müasir videomüşahidə avadanlıqları quraşdırmaqla bu çatışmazlığı qismən aradan qaldırmağa çalışıb.[76] Bu sistem kilometrlərlə aralıdan istənilən hərəkəti qeydə alırdı və xüsusi komanda mərkəzinə ötürürdü. Habelə Ermənistan təmas xətti boyu öz müdafiə istehkamlarını möhkəmləndirmişdi, xüsusən şimal istiqamətində beton bunkerlər şəbəkəsi qurmuşdu. Həmin bunkerləri 44 günlük müharibədə 1 tonluq aviabombalar belə dağıda bilmirdi.[77]
Aprel döyüşləri zamanı 2000-dən artıq insan Qarabağı tərk edib Ermənistana köçüb. Məcburi köçkünlərin əsas hissəsini qadınlar, uşaqlar və qocalar təşkil edirdi, kişilər isə Qarabağda hərbi əməliyyatlarda iştirak etmək üçün qaldılar. 2016-cı ilin sonuna olan məlumata görə 573 nəfər (172 ailə) məcburi köçkün olaraq qalırdı, onlar əsasən döyüşlər zamanı dağıdılmış Talış kəndinin sakinləri idi.[78]
Aprel döyüşləri zamanı tanınmış siyasi-ictimai şəxslərdən Azərbaycan tərəfini Türkiyə milli futbol komandasının futbolçusu Arda Turan, basketbolçu Hidayət Türkoğlu, televiziya aparıcısı Acun Ilıcalı, müğənnilər Mustafa Sandal və Demet Akalın, Ermənistan tərəfini isə prodüser Timur Vaynşteyn, maneken Kim Kardaşyan, siyasətçi Səlahəddin Dəmirtaş dəstəkləyib.[92][93][94][95]
Aprel döyüşləri zamanı Azərbaycan tərəfli istifadəçiləri Facebook, Instagram və Twitter sosial şəbəkələrində əsgərləri #KarabakhNow, #GüpləGetsin, #Əsgərlərimizləyik, Ermənistan tərəfli istifadəçiləri isə #KarabakhPeace heşteqlərilə dəstəkləyiblər.[96]
Azərbaycanda bəzi idmançılar Aprel döyüşləri şəhidlərini əsgər salamı və sayğı duruşu ilə yad ediblər.[97][98]
Aprel döyüşləri zamanı Azərbaycanın və dünyanın bir sıra şəhərlərində şəhidlərin xatirəsini, orduya dəstək, Azərbaycan torpaqlarının suverenliyini, Ermənistana qarşı protestlərlə, yürüşlərlə və digər tədbirlərlə qeyd ediblər.[99][100]
2017-ci il aprelin 6-da Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı qələbə münasibətilə Horadiz şəhərində Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə zəfər yürüşü keçirilib, "Aprel şəhidlərinə xatirə" abidəsinin açılışı olub.[130]
Aprel döyüşləri zamanı bəzi Ermənistan, İran və Rusiya KİV-ləri Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsinə başlayıb.[131][132] 2016-cı il aprelin 5-də Rusiyanın LifeNews telekanalının jurnalistləri Azərbaycan ərazisində akkreditasiya olunmadan işlədiyinə görə ölkədən deportasiya olunub.[133]
Vikianbarda Aprel döyüşləri ilə əlaqəli mediafayllar var. |