Dalqona (kor. 달고나) və ya ppopqi (kor. 뽑기) – Cənubi Koreya mətbəxinə aid şirniyyat növü. Əridilmiş şəkər və çörək sodası ilə hazırlanır.[1][2] 1960-cı illərdən etibarən Cənubi Koreyada populyar küçə yeməyidir və retro qida kimi istehlak olunur.[3]
"Dalqona" sözü əslində qlükoza ilə hazırlanan bahalı şirniyyatı, "ppopqi" isə ulduz və dairə kimi formalarda hazırlanan və şəkərdən hazırlanan şirniyyatı bildirən termindir. Lakin daha sonra "dalqona" sözü ppopqi ilə eyni şirniyyatı bildirmək üçün istifadə olunmağa başlamışdır.[4][5] Cənubi Koreyanın bəzi regionlarında şirniyyat fərqli adlarla tanınır. Məsələn, Tequ şəhərində şirniyyat "kukça" kimi tanınır.[6]
Dalqona Cənubi Koreya mənşəli şirniyyatdır. Hazırlanması üçün şəkərdən və çörək sodasından istifadə olunur. Çörək sodasının termal parçalanması karbon dioksidin ayrılmasına səbəb olur. Karbon dioksidin təsiri ilə qabaran maye şəkərin soyumasından sonra yüngül və xırtıldayan şirniyyat hazır olur.[7]
Dalqona hazırlanarkən üzərinə kremli maye əlavə olunur, preslenir və üzərində ulduz və ya ürək formasında olan qəlib izi buraxılır. İstehlakçılar bu formanı şirniyyatın geri qalan hissəsindən kəsməyə və formanı sındırmadan şirniyyatı yeməyə çalışırlar.[7] Ənənəvi olaraq istehlakçı şirniyyatı sındırmadan verilmiş formanı uğurla kəsə bilsə, o, satıcıdan pulsuz bir dalqona daha əldə edir.[8]
Cənubi Koreyada müasir kafelər dalqona əsasında kofe içkiləri servis edir. Belə ki, dalqona təamlı kofe kremi buzlu çayın və ya kofenin üzərinə əlavə olunur.[9] Bəzi kafelər dalqonadan binsu kimi şirniyyatların hazırlanmasında istifadə edir.[10][11]
Dalqona "Netflix" tərəfindən istehsal olunmuş "Kalmar oyunu" serialının bir epizodunda yer almışdır. Serialdakı ikinci oyunda iştirakçılar dalqona oyununun ölümcül versiyasını oynayırlar. Serialın uğuru və beynəlxalq populyarlığı şirniyyatın Cənubi Koreyada populyarlığının artmasına səbəb olmuşdur.[12][13] Küçə şirniyyatı kimi satılan dalqonanın istehlakı 2 dəfə artmış və xaricilər şirniyyata daha çox maraq göstərmişdir.[14][15] "TikTok" və "YouTube" kimi sosial media istifadəçiləri şirniyyatı evdə bişirmə videoları çəkmişdirlər.[16]