Fəthi Xoşginabi və ya Həmzə Fəthi Xoşginabi (22 mart 1922, Xoşginab, Şərqi Azərbaycan ostanı – 1989, Moskva) — yazıçı, siyasətçi, alim. Azərbaycan Demokrat Firqəsinin üzvü olub. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra rəsmi mətbuat orqanı olan "Azərbaycan qəzeti"nin baş redaktoru olub. Milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib.
Fəthi Xoşginabi | |
---|---|
![]() | |
Doğum tarixi | 22 mart 1922(1922-03-22) |
Doğum yeri |
|
Vəfat tarixi | 1989 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Həmzə Əli Xoşginabi |
Fəaliyyəti | yazıçı |
Janr | realist üslub |
Mükafatları |
![]() |
Müxtəlif mövzulu satirik şeirlər, hekayələr, povestlər yazıb. "Siyavuş", "Bijen və Menijə" adlı pyesləri Tacikistanda Düşənbə teatrlarının səhnələrində səhnələşdirilib.
Həmzə Fəthi Əli oğlu Xoşginabi 1922-ci il martın 22-də Xoşginab kəndində anadan olub.[1][2][3] İlk təhsilini doğulduğu kənddəki mədrəsədə alıb.[4] O, ailəsinin ehtiyaclarını qarşılamaq üçün təhsilini yarımçıq qoyub, işləməyə başlayıb.[1][3] İranın bəzi şəhər və kəndlərinə gedərək orada fəhləlik edib.[5][6] 1942–1945-ci illərdə Tehran dəmiryol zavodunda işləyib. Burada işlədiyi dövrdə Azərbaycan Ziddi Faşist Cəmiyyətinə üzv olub.[1]
Azərbaycan Demokrat Firqəsinə üzv olub və 21 Azər hərəkatına qoşulub.[4][7] Partiyanın yeni bölgə təşkilatlarının yaradılması, ora yeni üzvlərin cəlb olunması məqsədilə Cənubi Azərbaycanda bir çox bölgələri gəzib, təbliğat aparıb.[1][7] Bu illərdə Azərbaycan Demokrat Partiyasının Təbriz şəhər komitəsində təbliğat komissiyasının sədri kimi fəaliyyət göstərib.[8][9] 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub.[10] 1946-cı ildə Azərbaycan Milli Hökumətinin rəsmi mətbuat orqanı olan "Azərbaycan qəzeti"nin baş redaktoru olub.[9][5] Onun dövründə qəzetin 152–246-cı sayları çap edilib.[11][12][13] Milli Hökumət dövründə "Suvarılmış poladlar", "Eşq və müharibə" povestlərini yazaraq Təbrizdə çap etdirib.[14] 1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib.[15]
1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı.[16][17] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[18] Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[19][20] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu.[18][21][22] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[20][23] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[18][24] Lakin bu istəyi cavabsız qaldı.[25]
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi.[26][27][28] Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[29][30] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[30] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[29][30] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[29][31] Azərbaycan Milli Hökuməti süqut etdi.[32][33] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[34][35] Bundan sonra da qırğınlar və talan davam etdi.[31][34] Minlərlə insan həbs olundu, sürgün edildi.[36][37] Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[38][39][40]
Milli Hökumət dağıldıqdan sonra siyasi mühacir kimi Şimali Azərbaycana gəlib.[4] Mir Cəfər Bağırovun göstərişi ilə o və digər firqə rəhbərləri əvvəlcə Mərdəkanda yerləşdiriliblər.[41] Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb.[42] Fəthi Xoşginabi də bu cəmiyyətin üzvü olub.[42] 1958-ci il oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib.[43]
1946–1956-cı illərdə "Azərbaycan" qəzeti redaksiyasında ədəbi işçi, məsul redaktor kimi fəaliyyət göstərib.[5][6] 1953-cü ilin iyun ayında Azərbaycan Demokrat Firqəsinin 5 nəfərdən ibarət olan Təftiş Komissiyasına üzv seçilib.[44] 1956–1958-ci illərdə Moskvada Ali Ədəbiyyat Kursunu bitirib.[6][9] 1961–1964-cü illərdə Bolqarıstanın Sofiya şəhərində ideoloji təbliğat sahəsində fəaliyyət göstərib.[5][9] 1964–1967-ci illərdə İctimai Elmlər Akademiyasının aspiranturasını bitirib.[5] 1967–1969-cu illərdə Tacikistan Maarif Nazirliyində məmur kimi fəaliyyət göstərib.[7] 1969-cu ildə Moskavaya qayıdaraq, SSRİ EA Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifəsində işləməyə başlayıb.[45][13]
1979-cu il İran İslam İnqilabından sonra Təbrizə köçərək, orada Azərbaycann Şairlər və Yazıçılar Cəmiyyətini yaradıb və 1979–1980-ci illərdə onun sədri kimi fəaliyyət göstərib.[13][6] Bundan başqa cəmiyyətin mətbuat orqanı kimi "Ülkər" jurnalını təsis edib.[5][13] 1980-ci ildə yenidən Moskvaya qayıdıb.[45]
1989-cu ildə Moskvada vəfat edib və Bakıda dəfn olunub.[9][45]
Bakı şəhərinin, Səbail rayonunda yerləşən küçələrdən birinə Fəthi Xoşginabinin adı verilib.[7]
Fəthi Xoşginabi ədəbi fəaliyyətə orta məktəb illərində, on beş yaşında ikən fars dilində yazdığı miniatür şeirlər və nəsr əsərləri ilə başlayıb.[3][6] 1941-ci ildən etibarən şeir, hekayə və məqalələri mütəmadi olaraq mətbuat orqanlarında işıq üzü görüb.[13] 1945-ci ildən sonra Azərbaycan türkcəsində yazmağa başlayıb.[3][4][46] Eyni zamanda, tərcümə fəaliyyəti ilə də məşğul olub.[5][6]
Azərbaycan Milli Hökuməti dövründə 1945–1946-cı illərdə kəskin siyasi, ictimai mövzulu məqalələr, satirik şeirlər və yazılar yazıb. Yazılarında bəzən "Əlioğlu" ləqəbindən istifadə edib.[47] "Zeynəb", "Züleyxa", "Məsum və Məsumə",[48] "Mehri", "İbrahim" kimi hekayələri və ilk irihəcmli "Eşq və müharibə" povesti bu illərdə yazılıb.[6] "Eşq və müharibə" və "Suvarılmış poladlar" povestləri Təbrizdə çap olunub. [46] Milli Hökumət dağıldıqdan sonra Şimali Azərbaycana köçüb.[6] Bu dövrdə "Ata" (1959), "İki qardaş" (1959), romanları və "İki dost" (1951), "Son bayraqdar" (1956), "Hekayələr" (1956), "Məhəbbət və nifrət" (1965) adlı hekayələrdən ibarət kitabları Bakıda nəşr olunub.[6] Bundan başqa dram əsərlərinin müəllifi kimi də tanınıb. Farsca yazdığı "Siyavuş", "Bijen və Menijə" adlı pyesləri Tacikistanda Düşənbə teatrlarının səhnələrində səhnələşdirilib.[5][6]