Frieren: Beyond Journey's End,[a] Yaponiyada tanınan adı ilə Sousou no Frieren[b] – Kanehito Yamada tərəfindən yazılan və Tsukasa Abe tərəfindən illüstrasiya olunan manqa seriyası. 2020-ci ilin aprelindən "Shogakukan" nəşriyyatının "Weekly Shōnen Sunday" jurnalında nəşr olunur. 2025-ci ilin aprelinə qədər 14 tankobon cildi buraxılmışdır. Manqa seriyasında hadisələr Friren adlı güclü elf sehrbazın yaşadığı fentezi dünyasında baş verir. O, İblis kralı məğlub edən Qəhrəmanlar komandasındakı yoldaşı Himmeli yenidən görmək üçün ruhların dincəldiyi yerə doğru səyahətə çıxır.
Frieren: Beyond Journey's End | |
![]() | |
葬送のフリーレン (Sousou no Frieren) | |
---|---|
Janr | macəra,[1] dram,[1] fentezi[1] |
Manqa | |
Yazıçı | Kanehito Yamada |
Rəssam | Tsukasa Abe |
Nəşriyyat | Shogakukan |
İmprint | Shōnen Sunday Comics |
Jurnal | Weekly Shōnen Sunday |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 28 aprel 2020 – hazırda |
Cildlər | 14 (cild siyahısı) |
Anime serialı | |
Rejissor | Keyiçiro Sato |
Ssenarist | Tomohiro Suzuki |
Bəstəkar | Evan Koll |
Studiya | Madhouse |
Lisenziya | Crunchyroll |
Kanal | NNS (Nippon TV) |
Yayım tarixi | 29 sentyabr 2023 – hazırda |
Seriyalar | 28 (seriya siyahısı) |
![]() |
Seriya əsasında "Madhouse" studiyası tərəfindən çəkilən anime serialı adaptasiya 29 sentyabr 2023-cü ildə yayımlanmağa başlamışdır. 28 seriya davam edən birinci mövsüm 2024-cü ilin martına başa çatmışdır. Animenin ikinci mövsümü anons edilmişdir. İkinci mövsüm 2026-cı ilin yanvarında yayımlanacaq.
Elf sehrbaz Friren 10 illik səyahətdən sonra İblis kralı məğlub edən və dünyada sülhü bərqərar edən Qəhrəmanlar komandasının keçmiş üzvüdür. Bu komandaya insan qəhrəman Himmel, cırtdan döyüşçü Ayzen və insan keşiş Hayter də daxildir. Onlar ayrılmazdan öncə hər 50 ildən bir baş verən Era meteorit yağışını seyr edirlər. Friren 50 il sonra yenidən görüşməyi və meteorit yağışını daha mənzərəli bir yerdən izləməyi təklif edir. Daha sonra Friren yeni sehrlər axtarmaq üçün səyahətə çıxır. Friren elf olduğu üçün həddən çox uzunömürlüdür. Bu səbəbdən onun üçün illər və ya onilliklər çox qısa müddət kimi gəlir. Zaman qavrayışı fərqli olduğundan Frirenin Himmelin komandası ilə 10 illik səyahəti onun üçün qısa təcrübə kimi gəlir.
50 il sonra Friren paytaxta qayıdır və keçmiş yoldaşlarlarının qocaldıqlarını görür. Yoldaşları ilə sonuncu dəfə meteorit yağışını izlədikdən sonra Himmel yaşlılıqdan ölür. Dəfn mərasimi zamanı Friren onu daha yaxşı tanımağa cəhd etmədiyi üçün peşmançılığını ifadə edir. O, digər yoldaşlarını da ziyarət edir. Hayterin xahişi ilə yetim qalmış uşaq olan Ferni şagirdi kimi qəbul etməyə razı olur. Daha sonra Ayzenin dəvəti ilə şimala səyahət etməyə və ruhların dincəldiyi yerə çataraq Himmeli yenidən görməyə, beləliklə, öz hislərini ona ötürməyə qərar verir. O, Fernlə birlikdə səyahət edərkən Ayzenin şagirdi olan gənc döyüşçü Ştark da onların komandasında qoşulur.
Kanehito Yamada "Frieren" üzərində işləməzdən öncə 2017-ci ildə "Bocchi Hakase to Robot Shōjo no Zetsubō Teki Utopia" manqasını tamamlamışdır. Bu manqanı bəyənən məsul redaktor Katsuma Oqura serializasiya başa çatdıqdan sonra Yamadaya yaxınlaşaraq vanşot manqa hazırlamasını istəmişdir.[2] Bir neçə qaralama versiya hazırlansa da, ortaya çıxan işdən məmnun qalmamışdırlar. Yamadanın mükafat qazanan ilk işi qəhrəman və iblis kral haqqında olan komediya manqası olduğu üçün Oqura oyun və fentezi biliklərindən istifadə edərək bu mövzuda komediya manqası hazırlamağı təklif etmişdir.[3] Nəticədə, Yamada "Frieren" manqasının birinci fəsilinin qaralama versiyasını hazırlamışdır. Oqura qaralama versiyanı görəndə gülməyə başlamış və bunun komediya olmadığını bildirmişdir, lakin ideyanı bəyənmişdir. Yamada ilk hekayə lövhəsini tamamladıqdan sonra Oqura illüstrator Tsukasa Abe ilə əlaqə saxlayaraq personajları çəkməsini istəmişdir.[2] O, əvvəlcə Frirenin A4 vərəqdə eskizini çəkmişdir. Yamada personajların dizaynını bəyəndikdən sonra ilk hekayə lövhəsi layihə kimi redaksiya şöbəsinə göndərilmişdir. Baş redaktorun müsbət reaksiyasından sonra onlar ikinci fəsili hazırlamışdırlar. İkinci fəsil tamamladıqdan sonra vanşot yerinə "Weekly Shōnen Sunday" jurnalı üçün manqa seriyası kimi çıxarmağa qərar vermişdirlər.[3]
Oqura və Yamada manqanın adı üçün müzakirələr aparsalar da, ortaq məxrəcə gələ bilməmişdirlər. Oqura redaksiya görüşlərinin birində redaktorlara müraciət edərək manqaya uyğun bir ad tapacaq şəxsə öz cibindən 10.000 yen mükafat verəcəyini bildirmişdir. Təkliflərdən biri baş redaktor tərəfindən irəli sürülən "Sousou no Frieren" (葬送のフリーレン?) adı idi. Yamada və Abe bu addan istifadə etməyə qərar vermişdirlər.[2]
"Frieren: Beyond Journey's End" manqası Kanehito Yamada tərəfindən yazılır və Tsukasa Abe tərəfindən illüstrasiya olunur. Manqa 28 aprel 2020-ci ildə "Shogakukan" nəşriyyatının "Weekly Shōnen Sunday" jurnalında serializasiya olunmağa başlamışdır.[4] İlk tankobon cildi 18 avqust 2020-ci ildə buraxılmışdır.[5] 18 mart 2025-ci ilə qədər 14 tankobon cildi buraxılmışdır.[6]
Manqa əsasında fərqli müəlliflər tərəfindən hazırlanmış 5 vanşot spin-off manqası "Shogakukan" nəşriyyatının "Sunday Webry" manqa vebsaytında 22–26 may 2023-cü ildə yayımlanmışdır: Kassan tərəfindən "Chūbō no Frieren"[c], Ren Miura tərəfindən "Yūsha Himmel no Bōkentan"[d], Jona tərəfindən "Frieren wa Ningen wo Shiritai"[e], Kazumi Yamaquçi tərəfindən "Himmel Tabi Nikki"[f] və Soiçi İqaraşi tərəfindən "Yorimichi no Frieren".[7][g] Bu manqaların fəsilləri "Shogakukan" nəşriyyatı tərəfindən 18 dekabr 2023-cü ildə "Frieren: The Anthology – Journeys off the Beaten Path"[h] adlı tək cild formatında buraxılmışdır.[8]
"Madhouse" studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası 29 sentyabr 2023-cü ildə iki saatlıq epizodla yayımlanmağa başlamışdır. Anime bədii filmlər üçün nəzərdə tutulmuş "Kinyō Roadshow" (NTV) veriliş blokunda yayımlanan ilk anime serialı olmuşdur. 28 seriyadan ibarət ilk mövsüm iki hissə şəklində yayımlanmış və 2024-cü ilin martında bitmişdir. Birinci açılış mahnısı "Yoasobi" tərəfindən ifa olunan "Yūsha"[i] mahnısı, birinci bağlanış mahnısı Milet tərəfindən ifa olunan "Anytime Anywhere" mahnısıdır. İkinci açılış mahnısı "Yorushika" tərəfindən ifa olunan "Sunny"[j] mahnısıdır.[9] İkinci bağlanış mahnısı kimi "Anytime Anywhere" mahnısının fərqli hissəsindən istifadə olunmuşdur.[10] "Toho" animenin seriyalarını 24 yanvar–17 iyul 2024-cü il tarixləri arasında 7 cilddən ibarət DVD/Blu-ray seti şəklində buraxmışdır.[11] Evan Koll tərəfindən bəstələnmiş orijinal saundtrek albomu 17 aprel 2024-cü ildə buraxılmışdır.[12]
2024-cü ilin sentyabrında ikinci mövsüm anons edilmişdir.[13] İkinci mövsüm 2026-cı ilin yanvarında yayımlanacaq.[14]
"Shogakukan" nəşriyyatı 12 yanvar 2024-cü ildə seriyanın rəsmi fanat kitabını buraxmışdır. Kitabda seriya haqqında, illüstrasiyalar, xülasələr, ilkin personaj dizaynları yer alır.[15] Mey Haçimoku tərəfindən yazılmış "Shousetsu Sousou no Frieren: Zensu"[k] prikvel romanı 17 aprel 2024-cü ildə buraxılmışdır. Romana Friren, Fern, Stark, Kanne, Lavine və Aura haqqında olan 5 hekayə daxildir.[16]
"Anime News Network" saytının tənqidçisi Rebekka Silverman manqanın ilk cildinə "A-" reytinqi vermişdir. O, Frirenin digərlərindən daha çox yaşaması konsepsiyasını və digər insanların emosiyalarını anlamağa çalışması ideyasını bəyənmiş, manqanın fentezi janrına olan yanaşmasını maraqlı hesab etmişdir.[17] Eyni saytın tənqidçisi Riçard Aysenbeys manqanın ikinci cildini tərifləmiş, emosional hekayələri və insan təbiətinin tematik mövzularını yaxşı çatdırdığını qeyd etmişdir.[18] "UK Anime Network" saytının tənqidçisi Ross Loksli manqanı "To Your Eternity" manqası ilə oxşarlıq təşkil etdiyini demişdir.[19] "Otaku USA" saytının tənqidçisi manqanı "Üzüklərin hökmdarı" seriyası ilə müqayisə etmişdir.[20]
"Frieren" bir sıra manqa mükafatlarına layiq görülmüşdür. 2021-ci ildə Manqa Tayşo Mükafatını[21] və "Yeni müəllif" nominasiyası üzrə Osamu Tezuka Mədəniyyət Mükafatını qazanmışdır.[22] 2023-cü ildə Shogakukan Manqa Mükafatına,[23] 2024-cü ildə "Ən yaxşı şonen manqası" nominasiyası üzrə Kodansha Manqa Mükafatına layiq görülmüşdür.[24]
Anime adaptasiyası tənqidi uğur əldə etmişdir. "Digital Spy" saytının tənqidçisi Ali Qriffits animeni 2023-cü ilin ən yaxşı fentezi animelərindən biri adlandırmışdır.[25] "Anime News Network" saytının tənqidçisi Riçard Aysenbeys əsas personajlar arasındakı dinamikanı, eləcə də, Firenin hekayəsini və xarakterini tərifləmişdir.[26] "Anime Feminist" saytının tənqidçisi Si Ketvell animenin saundtrekini bəyənmiş və "The Legend of Zelda: Breath of the Wild" videooyununun musiqisi ilə müqayisə etmişdir.[27]
Anime 2024-cü ildə "Ən yaxşı anime" və "Ən yaxşı həyat dilimi animesi" nominasiyaları üzrə Yaponiya Ekspo Mükafatının qalibi olmuşdur.[28] Həmin il "Ən yaxşı anime" kateqoriyası üzrə IGN Mükafatına layiq görülmüşdür.[29] 2025-ci ildə "İlin ən yaxşı animasiyası" və "Ən yaxşı musiqi" kateqoriyaları üzrə Tokio Anime Mükafatı Festivalının qalibi olmuşdur.[30]