Məmmədhəsən Şixəli oğlu Qafarov (10 dekabr 1932, Kəsəmən, Basarkeçər rayonu – 3 iyun 1998, Bakı) — biologiya elmləri doktoru, professor.
Məhəmmədhəsən Qafarov | |
---|---|
![]() | |
Doğum tarixi | 10 dekabr 1932(1932-12-10) |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyun 1998(1998-06-03) (65 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | |
Elmi adı |
Məmmədhəsən Qafarov 10 dekabr 1932-ci ildə Qərbi Azərbaycanda Göyçə mahalının Kəsəmən kəndində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) baytarlıq fakültəsinə daxil olmuş və 1956-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1960-cı ildə Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun fiziologiya şöbəsinin aspiranturasına qəbul olunmuş, 1963-cü ildə aspiranturanı bitirmişdir. Prof. Qafarov Lomonosov adına Moskva Dövlət Universitetinin biokimya kafedrasında “Amin turşularının kağız üzərində xromotoqrafiyası” üsulunu, Ümumittifaq Fiziologiya İnstitutunda “Yüksəkmolekullu yağ turşularının qaz-maye xromotoqrafiyası” üsulunu mənimsəmiş, daha sonra bu üsulları Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun fiziologiya şöbəsində tətbiq etmiş, elm və islahat üçün vacib nəticələr almışdır. Prof. Qafarov 1964-cü ildə İrəvan Dövlət Universitetinin Biologiya fakultəsində “Camış və qırmızı malların mədə önlüklərində karbomidin zülallara çevrilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya elmləri namizədi adına layiq görülmüşdür. Namizədlik dissertasiyasında əldə etdiyi nəticələri istehsalatda tətbiq etmişdir. O, Abşeron, Qusar və Şəki rayonlarındakı təsərrüfatlarda mal-qaranın yemləndirilməsində tətbiq etdiyi yem əlavələrinin hesabına ət və süd məhsuldarlığının artırılmasına nail olmuş və yüksək iqtisadi səmərə əldə etmişdir.
1977-ci ildə Moskva şəhərində Skryabin adına Baytarlıq Akademiyasında “İribuynuzlu qaramal və camışların həzm traktında mədə önlüklərində lipidlərin metobolizmi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və biologiya elmləri doktoru adını almışdır.
Onun elmi nəticələrini laboratoriyada tətbiq etmək üçün Prof. Qafarov Moskvadakı K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına, Ümumittifaq Elmi Tədqiqat Fiziologiya və Heyvandarlıq İnstitutlarına dəvət olunmuşdur. O, dəfələrlə keçmiş SSRİ-nin Alma-Ata, Bişkək, Borovsk, Daşkənd, Moskva, Lvov, Kiyev, Kişinyov, Riqa, Sankt-Peterburq, Sofiya, Vilnüs şəhərində elmi ezamiyyətlərdə olmuş, simpozium, qurultay və konfranslarda iştirak etmişdir. Elmi məqalələri dəfələrlə “Kənd Təsərrüfatı”, “Elm və həyat”, “Kənd həyatı” və “Heyvandarlıq” jurnallarında çap olunmuşdur.
Prof. Qafarov eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Əvvəlcə iki il Azərbaycan Tibb İnstitutunda fiziologiyadan mühazirələr oxumuş, daha sonra isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun Fiziologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Prof. Qafarov 1992-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun professoru seçilmişdir. Bu müddətdə idman fiziologiyası sahəsində “Maddələr mübadiləsi və əzələ işinin təsiri”, “Gənc idmançıların əzələ işinin bərpasında üzüm, nar şirəsinin tətbiqi”, “Daxili sekresiya vəzilərinin fiziologiyası” və s. kimi dərs vəsaitlərinin və metodiki tövsiyələrin müəllifi olmuşdur. Prof. Qafarovun rəhbərliyi altında 1978-1984-cü illərdə Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin 5 diplom işi işlənmiş və müdafiə olunmuşdur.
Prof. Qafarov Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun Elmi Şurasının və A.İ.Qarayev adına Azərbaycan Fizioloqlar Cəmiyyətinin üzvü olmuşdur. 1983-cü ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak etmişdir.
Prof. Qafarov 150-dən artıq elmi məqalənin, monoqrafiyanın, bir neçə kitab və bir ixtiranın müəllifi olmuşdur. O, “Qələbə Əmək Veteranı” medallarına, Beynəlxalq “Bilik” Cəmiyyətinin fəxri diplom və mükafatlarına layiq görülmüşdür. Prof. Qafarov uzun sürən xəstəlikdən sonra 3 iyun 1998-ci ildə vəfat etmişdir.
Prof. Qafarovun iki oğlu, bir qızı və səkkiz nəvəsi var.