Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Mirzə Ələkbər Sabir (doğum adı: Ələkbər Zeynalabdin oğlu Tahirzadə; 30 may 1862, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 12 (25) iyul 1911, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası) — Azərbaycan şairi, inqilabçı-satirik, mütəfəkkir, ictimai xadim və müəllim.[1]
Mirzə Ələkbər Sabir | |
---|---|
Ələkbər Zeynalabdin oğlu Tahirzadə | |
![]() | |
Təxəllüsü | Sabir |
Doğum tarixi | 30 may 1862(1862-05-30) |
Doğum yeri | |
Vəfat tarixi | 12 (25) iyul 1911 (49 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() |
Həyat yoldaşı | Büllurnisə xanım Tahirzadə |
Fəaliyyəti | şair, müəllim, maarifçi |
Fəaliyyət illəri | 1903-cü ildən |
Janrlar | ədəbi realizm, lirika, satira |
İlk əsəri | Tutdum orucu İrəmazanda |
Tanınmış əsəri | |
![]() | |
![]() |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Mirzə Ələkbər Sabir Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
30 may 1862-ci ildə Azərbaycanın Şirvan bölgəsinə daxil olan Şamaxı şəhərində anadan olan Sabirin əsl adı Ələkbər Tahirzadədir. "Sabir" sözü "səbr edən" mənasını verir, "Mirzə" isə oxuyub-yazmağı bacaran, təhsil almış şəxslərə hörmət və ehtiram məqsədilə istifadə olunan müraciət formasıdır. Mirzə Ələkbər Sabirin valideynləri Hacı Məşədi Zeynalabdin və Səltənət xanımdır.[2]
Atası Hacı Məşədi Zeynalabdin gənclik illərində ona miras qalan əmlakı və pulu bir müddət qeyri-səmərəli şəkildə xərcləmiş, sonradan isə ailəsini dolandırmaq məqsədilə Şamaxıda kiçik bir baqqal dükanı açmışdı.[3]
Hacı Zeynalabdin oğlunun dini təhsil almasını arzulayırdı. Bu səbəbdən Sabiri 7–8 yaşlarında yaşadıqları məhəllədə yerləşən dini təhsil müəssisəsi olan "Mollaxana"ya yazdırmışdır. Burada dörd il təhsil alan Sabir, şeir oxumaq və yazmaq imkanının olmaması səbəbilə təhsildən narazı qalırdı. Çünki Mollaxanada Qurani-Kərimi öyrənmədən başqa mətnlərin oxunmasına icazə verilmirdi. Bu narazılıq onun dərslərdə intizamsız davranmasına səbəb olurdu və bu səbəbdən bir neçə dəfə müəllimi tərəfindən cəzalandırılmışdır.[4][5]
12 yaşına çatdıqda, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən olan Seyid Əzim Şirvani tərəfindən açılmış "Üsuli-Cədid" məktəbində təhsil almağa başlamışdır. Bu məktəbdə Sabir yalnız dini təhsil deyil, eyni zamanda dünyəvi elmlərlə də tanış olmuşdur. Burada Azərbaycan türkcəsi, fars dili, ərəb dili, rus dili, təbiət elmləri, tarix, coğrafiya, hesab, şəriət və klassik ədəbiyyat üzrə dərslər almışdır.[6]
Sabirin ədəbi istedadı məhz bu məktəbdə üzə çıxmış, müəllimi Seyid Əzim Şirvani onun şeirlərinə maraq göstərərək, ədəbiyyata olan marağını artırmaq üçün əlavə tapşırıqlar vermişdir. Sabir ilk dəfə fars dilindən Sədi Şirazinin "Gülüstan" əsərindən manzum hekayələri tərcümə etməklə yaradıcılıq fəaliyyətinə başlamışdır. Şeirlərinə görə Seyid Əzim onun bacarığını yüksək qiymətləndirmiş və ona Nizaminin "Xəmsə"toplusunu hədiyyə etmişdir. Sabir bu əsərə xüsusi önəm vermiş və sonralar ondan tərcümələr etmişdir.[7][8]
Təxminən iki il bu məktəbdə təhsil aldıqdan sonra atası Hacı Məşədi Zeynalabdin onun ticarətlə məşğul olmasını istəyərək Sabiri məktəbdən çıxarmış və öz baqqal dükanında çalışmağa məcbur etmişdir.[5] Lakin Sabir boş vaxtlarında oxumaqdan və şeir yazmaqdan vaz keçməmişdir. Bu səbəbdən atasının narazılığı və təzyiqləri ilə qarşılaşmış, hətta bir dəfə yazdığı şeirlərin dəftəri atasının əli ilə cırılmışdır. Bu hadisə Sabiri çox sarsıtmış, evi tərk edib başqa bölgələrə getmək istəmiş, lakin sonradan bu fikrindən daşınmışdır.[9]
Bütün bu çətinliklərə baxmayaraq, Sabir ədəbiyyata olan marağını davam etdirmiş və Seyid Əzim Şirvaninin rəhbərlik etdiyi "Beytüs-səfa" ədəbi məclisinin iştirakçısı olmuşdur. Burada klassik ədəbiyyatla yaxından tanış olmuş, ilk şeirlərində müəlliminin təsiri aydın şəkildə hiss olunmuşdur. Bu dövrdə özünə "Sabir" təxəllüsünü seçmiş və 21 yaşına qədər atasının dükanında işləməyə davam etmişdir.[7]
"Məclis Məktəbi"ndə oxuduğu illərdə müəlliminin səyahət etdiyi ölkələrlə bağlı təəssüratları onu olduqca maraqlandırır. Buna görə də 1884-cü ildə müqəddəs yerləri və müxtəlif Türk-İslam mədəniyyətlərini görmək məqsədilə Şamaxıdan yola çıxır. Bu səyahət əsnasında Nişapur, Səbzivar, Xorasan, Buxara və Səmərqənd kimi mühüm mədəniyyət mərkəzlərinə səhayət edir. 1885-ci ildə Şamaxıda vəba epidemiyası olduğunu eşidən Sabir, səyahətini yarımçıq qoyaraq Şamaxıya geri qayıtmalı olur. Lakin 1885–1886-cı illərdə yarımçıq qalan səyahətini davam etdirən Sabir, ikinci səyahətində Orta Asiyanın önəmli mərkəzlərindən Aşqabad və Mərv şəhərlərini ziyarət edir.[10] Həmədan vilayəti üzərindən Kərbəlaya keçmək istəyən Sabir, atasının vəfat xəbərini alaraq vətəninə qayıdır.
Sabir 1887-ci ildə Billurnisə xanımla evlənir. Bu evlilikdən beş il ərzində səkkiz uşaq dünyaya gəlir. 1908-ci ildə bir oğlu olur və adını Məhəmməd Səlim qoyur. Məhəmməd Səlim ailənin yeganə oğlan övladıdır. Ailəsi böyüdükcə şairin problemləri də artır. 8 qız və 1 oğul ilə geniş bir ailəyə sahib olan Sabir, sabunçuluqla məşğul olur. Lakin yenə də dolanışıq çətinlikləri yaşayır və həyatını maddi çətinliklərlə mübarizə apararaq keçir.[11]
Sabirin Türk-İslam coğrafyasına etdiyi səfərlər onun daha sonra yazacağı şeirlər üçün zəmin yaratmışdır. Bu səyahətlərində Türk və İslam ölkələrinin içində olduğu vəziyyəti, oradakı insanların yaşam tərzini müşahidə edir. Atasının ölümündən sonra gənc yaşda ailəsinin dolanışıq yükünü çiyinlərinə götürən Sabir, atasının dükanını işlətməyə çalışsa da bu işdə çox uğurlu ola bilmir. Buna görə dükanı bağlayır və sabun istehsal edib satan qardaşının yanına gedir.[12][13]
Salman Mümtaz bir yazısında, Sabirin sabunçuluq ticarəti ilə bağlı bir xatirəsinə toxunur. Şairin, 1893 (Hicri təqvimə görə 1311)-ci ildə Aşqabada səfər etdiyini və burada Şamaxılı Teymur Səmədovun karvansarayında qaldığını yazır. Sabirin bu ziyarətində ticarətlə məşğul olduğunu qeyd edən Salman Mümtaz, şamaxılı ortağı oldunu bildirir.[14] Lakin çox keçmədən şəriki tərəfindən aldadılır. Saatını və yeganə varlığı olan xalçasını sataraq Aşqabaddan Xorasana gedir.[15]
1900-cü ildə ailənin dolanışığı daha da çətinləşir. Şair və qardaşı Şamaxıdan Məşhədə köçməyə qərar verirlər. Xorasan bölgəsində olan şamaxılı tacir Hacı Məcid onlara Məşhədə köçmələrini və oradan şam gətirmələrini tövsiyə edir. Nəticədə onlar hər şeylərini satıb şam alırlar və Məşhədə gedirlər. Orada kiçik bir dükan açırlar. İki il burada qalırlar, lakin burada da dolanışıq çətinlikləri bitmir. 1902-ci ildə Şamaxıya qayıdırlar. Elə həmin il Şamaxıda baş verən zəlzələdə Sabirin də evi dağılır. Bütün bu maddi sıxıntılar içərisində Sabir yenə də şeirdən və sənətdən uzaqlaşmır.[16][17]
İranda tibb təhsilini tamamlayaraq 1901-ci ildə Şamaxıya qayıdan həmşəhərlisi Abbas Səhhət, Şamaxı ziyalılarından olan Ağalıbəy Nəsih və Məhəmməd Tərrahla görüşərək yazdıqları şeirlər barədə söhbətlər edirlər.[18][8]
1908-ci il aprelin 11-də Bakı valiliyi tərəfindən təşkil edilən müəllimlik imtahanında iştirak edən Mirzə Ələkbər Sabir uğurlu nəticə əldə edir. O, Tiflisdə yerləşən Mavərayi-Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən verilən rəsmi şəhadətnamə ilə müəllimlik hüququ qazanır. Bununla da Sabir bir müddət dolanışığını müəllimliklə təmin edir və maarifçilik ideyalarını tədris yolu ilə həyata keçirməyə başlayır.[19][20]
Sabir müəllimlik şəhadətnaməsini əldə etdikdən sonra qısa müddət Şamaxıdakı “Üxuvvət” məktəbində dərs deyir. Daha sonra yaxın dostu Abbas Səhhətlə birlikdə yeni bir təhsil müəssisəsi yaratmaq təşəbbüsü ilə çıxış edirlər. Lakin bu təşəbbüs hökumət tərəfindən rədd edilir.[21]
1908-ci ilin sentyabr ayında Sabir hökumət icazəsi ilə Şamaxıda “Ümid məktəbi” adlı yeni bir məktəb açmağa müvəffəq olur. Məktəb qısa müddətdə təxminən 60 şagird toplayır. Burada Sabir daxil olmaqla üç müəllim dərs deyirdi. Məktəbdə Azərbaycan türkcəsi, fars dili, riyaziyyat, coğrafiya, təbiət bilikləri, habelə Quran və şəriət dərsləri tədris olunurdu. Sabir bu məktəbi şagirdlərə təkcə bilik vermək deyil, həm də maarifçilik ideyalarını yaymaq üçün bir vasitə kimi görürdü.[22]
Məktəbin tədris proqramı klassik təhsil modellərindən fərqlənir, Sabirin müəllimi S.Ə.Şirvaninin maarifçi baxışlarına əsaslanırdı. O, gələcək nəslin elmi dünyagörüşlü və cəmiyyətə faydalı şəkildə yetişdirilməsini qarşıya məqsəd qoymuşdu. Lakin məktəbin proqramında yer alan çağdaş yanaşmalar və sosial tənqidlər cəmiyyətin müəyyən dairələrində narazılığa səbəb olmuşdur.[23]
Xüsusilə, Sabirin şeirlərində toxunduğu sosial mövzular – din xadimləri, kəndli və fəhlə sinfinin problemləri kimi məsələlər — dövrün bəzi təbəqələri tərəfindən birmənalı qarşılanmamışdır. Nəticədə Sabir "Müsəlman deyil" kimi ittihamlarla üzləşmiş, bu səbəbdən məktəbə davam edən şagirdlərin sayı azalmış və tədris prosesi dayanmışdır. 1909-cu ildə "Ümid məktəbi" fəaliyyətini dayandırmağa məcbur olmuşdur.[24]
Sabir məktəb və təhsil yanaşmasına yönəlmiş tənqidlərə cavab olaraq bir sıra satirik şeirlər yazmışdır. Onlardan biri – “Şirvanlılar” – dövrün cəmiyyətində ona qarşı yönəlmiş ittihamlara cavab xarakteri daşıyır. O, bu əsərləri ilə çağdaş və bərabər əsaslı təhsilin tərəfdarı olduğunu ifadə etmişdir.[25]
“Ümid məktəbi” fəaliyyətini dayandırdıqdan sonra Mirzə Ələkbər Sabir maarifçilik fəaliyyətini davam etdirmək məqsədilə 1910-cu ilin əvvəllərində Şamaxıdan Bakıya köçür. Burada dövrünün nüfuzlu maarif təşkilatlarından biri olan “Nəşri-Maarif” cəmiyyətinin dəstəklədiyi “Səadət” məktəbində dərs deməyə başlayır.[20] Fars dilini və onun qrammatikasını yaxşı bilən Sabir bu məktəbdə dil fənni üzrə tədrislə məşğul olur.[26]Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur.[27]
Bakıda yaşadığı dövrdə Sabir həm də “Molla Nəsrəddin” jurnalında satirik şeirlər yazmağa davam edir. O, müəllimlik və ədəbi fəaliyyətini xalqı maarifləndirmək, sosial problemləri gündəmə gətirmək məqsədilə bir vasitə kimi istifadə edirdi.[28]
Sabir uzun illər davam edən çətin həyat şəraiti səbəbindən ağır dolanışıq keçirir. On bir övladından yalnız iki qızı və bir oğlu sağ qalır. Maddi sıxıntılarla və dövrün geridəqalmış düşüncə tərzi ilə mübarizə aparan şair, eyni zamanda “Həqiqət” və “Günəş” qəzetlərində çalışırdı.[24]
1910-cu ildə Sabir qaraciyər xəstəliyinə tutulur. Buna baxmayaraq, yaradıcılığına davam edir və xəstəliyinə dair şeirlər yazırdı.[21] Bu dövrdə onun yaxın dostu Abbas Səhhət həm maddi, həm də mənəvi dəstək göstərmişdir. Sabirin xəstəliyini eşidən “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadə onu müalicə məqsədilə Tiflisə dəvət edir. Sabir bu dəvəti qəbul edir və bir müddət Cəlil Məmmədquluzadənin evində qalır. Həkimlər əməliyyata ehtiyac olduğunu bildirsələr də, Sabir maddi səbəblərdən bu təklifi qəbul etmir və yenidən Şamaxıya qayıdır.[29][30]
Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Məmmədquluzadə xatirələrində Sabirin Tiflis səfərindən danışmışdır. O şairin xəstə olmağına baxmayaraq, ünsiyyətcil və şən xarakterini qoruduğunu bildirmişdir. Həmidə xanım yazır ki, Sabir söhbət zamanı tez-tez şeir deyir, ətrafındakılarla gülərüz davranırmış.[31]
Çox keçmədən “Molla Nəsrəddin” jurnalı Sabirin müalicəsi üçün yardım kampaniyası təşkil edir. Kampaniya nəticəsində toplanan vəsait Sabirə göndərilir. Beləliklə Sabir əməliyyata razılıq verir və bu səbəbdən Bakıya yola düşür. Lakin həkimlər əməliyyat üçün artıq gec olduğunu və müalicənin mümkünsüzlüyünü bildirirlər. Bununla da Sabir, doğulub boya-başa çatdığı, həyatının ağır illərini keçirdiyi Şamaxıya qayıtmalı olur.[32]
Son aylarında Sabir haqqında yeni yardım kampaniyaları təşkil olunsa da, o bu təklifləri qəbul etmir. Bildirir ki, ömrünü xalqı maarifləndirməyə həsr edib, amma şeirlərini kitab halında görmək qismət olmayacağından narahatdır. Sabirin ən böyük arzusu yazdıqlarının toplanaraq nəşr olunması idi. Seyid Hüseynin yazır ki, Sabir bir gün onunla söhbət zamanı müəllimi Seyid Əzimlə olan bir xatirəni danışır. Seyid Əzim öz ömrünün sonunda yazdığı əsərlərin aqibətindən narahat olduğunu söyləyir. Sabir də bu narahatlığı bölüşür və eyni qorxunu yaşadığını bildirir. O, maddi imkansızlıqlar səbəbilə şeirlərini kitab halına gətirə bilmir və bu səbəbdən dərin narahatlıq keçirirdi.[18]
Mirzə Ələkbər Sabir 1911-ci il iyulun 25-də vəfat etmişdir. O, Şamaxı şəhərində Yeddi Günbəz məzarlığında dəfn edilmişdir. Sabir ölümündən üç gün əvvəl Hacı İbrahim Qasımovdan qəzetində “Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömrüm vəfa etsəydi, sümüklərimi də xalqımın yoluna qoyardım” deyə yazmasını xahiş etmişdir.[33]
Mirzə Ələkbər Sabir, ədəbiyyat tarixində əsasən satirik şair kimi tanınmasına baxmayaraq, yaradıcılığının ilk mərhələsində klassik şeir ənənələri çərçivəsində qəzəllər qələmə almışdır.[34] Bu səbəbdən professor, ədəbiyyatşünas Cəfər Xəndan Sabirin bədii irsini tematik və üslubi xüsusiyyətlərinə əsaslanaraq iki əsas dövrə bölmüşdür:
Şairin erkən dövrə aid bir sıra qəzəlləri günümüzə gəlib çatmamışdır. Bu halın başlıca səbəbi həmin qəzəllərin nəşr olunmaması ilə bağlıdır. Məzmun və dil üslubu baxımından bu qəzəllər Sabirin sonrakı satirik şeirlərindən xeyli fərqlənir. Bununla belə, həmin klassik üslublu qəzəllərdə belə ictimai motivlərin üstünlük təşkil etməsi, feodal-patriarxal mühitin mənfi cəhətlərinə yönəlmiş tənqidi yanaşmanın müşahidə olunması, Sabirin gələcəkdə realist-satirik poetik istiqamətə yönələcəyinin ilkin əlamətləri kimi dəyərləndirilə bilər.[35]
Satirik poeziya ilə məşğul olduğu dövrdə belə, Mirzə Ələkbər Sabir qəzəl formasından tamamilə fərqli və innovativ şəkildə istifadə etmişdir. O, xüsusilə “Dilbər” adlı şeirində klassik epiqon qəzəl şairlərinin bədii-estetik zövqlərini sərt tənqid obyektinə çevirmişdir. Sabirin qəzəllərində eşq anlayışı klassik şərq poeziyasındakı kimi mistik deyil, əksinə, real və adi insan hisslərinə əsaslanır. Məhz bu səbəbdən onun eşq təsvirləri daha gerçək və həyatidir.
Şairin yaradıcılığının sonrakı mərhələlərində xalq ədəbiyyatına xas olan üslub xüsusiyyətləri—zərb-məsəllər, atalar sözləri və tapmacalar—geniş şəkildə poetik struktura daxil edilmişdir. Sabir bu elementlərdən yalnız satirik şeirlərində deyil, bəzi qəzəllərində də məqsədyönlü şəkildə istifadə etmişdir. Lakin bütün bunlara baxmayaraq, qəzəl janrı Sabirin yaradıcılığında davamlı deyil, təcrübə xarakterli bir mərhələ kimi qiymətləndirilməlidir.
Ədəbiyyat mübahisələrinin və yenilənmə meyillərinin gücləndiyi bir dövrdə Sabir yalnız şəxsi poetik baxışları ilə kifayətlənməmiş, eyni zamanda İran və Avropa şeir ənənələrini də yaradıcılığına daxil etməyə başlamışdır. Beləliklə, fərqli poetik üslubları və bədii təsvir vasitələrini bir araya gətirərək yeni poetik forma və məzmun axtarışlarına yönəlmişdir. Abbas Səhhət vasitəsilə Firidun bəy Köçərli və Məhəmməd Tərrah ilə tanış olan Sabirin bu ziyalılarla apardığı ədəbi müzakirələr və məktublaşmalar onun estetik görüşlərinin formalaşmasında mühüm rol oynamışdır. Bu şəxslər ilə qurduğu ədəbi əlaqələr Sabirin həm ədəbi-estetik düşüncəsində, həm də ictimai dünyagörüşündə mühüm dəyişikliklərə səbəb olmuşdur. Forma və məzmun baxımından yeni yollar axtaran Sabir üçün bu qarşılıqlı münasibətlər onun poeziya anlayışının zənginləşməsinə və inkişafına ciddi təsir göstərmişdir. Xüsusilə Firidun bəy Köçərlinin tövsiyəsi ilə klassik şeir ənənələrindən tədricən uzaqlaşan Sabir realist və ictimai yönümlü yeni bir poetik üsluba meyl etmişdir.
Türkcəyə xüsusi önəm verən Mirzə Ələkbər Sabir, “Şərqi-Rus” qəzetinin türkcə nəşrlərini böyük məmnunluqla qarşılamışdır. XIX əsrdə klassik ənənələrə uyğun şəkildə ədəbi fəaliyyətə başlayan Sabirin köhnə ədəbiyyata münasibəti XX əsrin əvvəllərində dəyişməyə başlamışdır. Bu dövrdə Azərbaycan ədəbi mühitində yenilikçi ideyalarla çıxış edən bir sıra tanınmış ziyalılar və ədiblər meydana çıxmışdır. Abbas Səhhət, Məhəmməd Tərrah, Feiridun bəy Köçərli və Mirzə Fətəli Axundzadə kimi maarifçi və yenilikçi aydınlar yeni poeziyanın mahiyyəti və funksiyası ilə bağlı konkret fikirlər irəli sürmüşlər. Bu fikir və təşəbbüslər Sabirin həm poeziyaya, həm də cəmiyyətə baxış bucağını əhəmiyyətli dərəcədə dəyişmişdir. Artıq bu mərhələdə Sabir poetik yaradıcılığının mərkəzinə yenilik ideyasını yerləşdirməyə başlamışdır.
XX əsrin əvvəllərində türkcə ilə bağlı mübahisələrin və diskursların aktuallaşdığı bir dövrdə, 1903-cü ildə Azərbaycan ədəbi mühitində ilk türkcə qəzet olan “Şərqi-Rus” nəşr olunmağa başlamışdır. Bu qəzet Sabirin dil məsələsindəki həssas yanaşmasının daha geniş auditoriyaya çatmasına və xalq yönümlü mövqeyinin güclənməsinə imkan yaratmışdır. Şairin dilə göstərdiyi diqqət tədricən onun poetik yaradıcılığına da sirayət etmişdir. Qəzetin ilk nömrələrində Sabirin şeirlərindən birinə yer verilməsi onun yenilikçi düşüncə tərzi ilə yazdığı ilk ictimai məzmunlu şeiri kimi dəyərləndirilə bilər. Bu baxımından “Afitabı-sühən” şeiri Sabirin poetikasında yeni bir mərhələnin başlanğıcı kimi qəbul olunur.
Eyni il “Həyat” qəzetində “Beynəlmiləl” şeiri yayımlanır. Bu şeir ilə şairin mövzu dairəsi genişlənir, ictimai problematikaya müraciət edir. Şeir "Müsəlman və erməni vətəndaşlarımıza" misraları ilə başlayır.
1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı Azərbaycan satirik ədəbiyyatında yeni bir mərhələnin əsasını qoydu. Cəlil Məmmədquluzadənin “Sizi deyib gəlmişəm” çağırışına ilk qoşulanlardan biri də Mirzə Ələkbər Sabir oldu. Bu çağırışa qoşulması təsadüfi deyildi, çünki Sabirin cəmiyyətin sosial-siyasi problemlərini tənqid edən kəskin satirik yaradıcılığını ifadə edə biləcəyi məhz belə bir tribunaya ehtiyacı var idi.[36]
“Molla Nəsrəddin” jurnalında Sabirin dərc olunan satirik şeirləri əsasən ictimai quruluşun yaratdığı ədalətsizliklərin, sosial bərabərsizliyin, gerilik və mövhumatın tənqidinə həsr olunmuşdur. Bu jurnal Sabirin poetikasında dönüş nöqtəsi rolunu oynamış, onun şeir formasını və üslubunu dəyişərək realist mövqeyini daha da gücləndirmişdir. Xüsusilə 1906–1911-ci illər arasında yazdığı satiralar jurnalın məzmun və ideya yükünü daşıyan əsas ədəbi nümunələrdən olmuşdur.[37]
“Molla Nəsrəddin” jurnalı yalnız dini fanatizmi, mövhumat və şəriətə əsaslanan düşüncə tərzini deyil, həmçinin bu anlayışlara tənqidsiz və kor-koranə itaət edən, savadsızlıq və cəhalət içində yaşayan xalq kütləsini də tənqid obyektinə çevirmişdir. Jurnalın bu yanaşması, ictimai tənqidin əsas vasitələrindən biri kimi satirik ifadə formalarının inkişafına şərait yaratmışdır. Bu kontekstdə Mirzə Ələkbər Sabirin satirik yaradıcılığı “Molla Nəsrəddin” vasitəsilə geniş auditoriyaya çatmış, onun üslubu tənqidi realizmin Azərbaycan ədəbiyyatındakı formalaşmasına və inkişafına mühüm təsir göstərmişdir.[38]
Mirzə Ələkbər Sabir “Molla Nəsrəddin” jurnalında yalnız öz adı ilə deyil, müxtəlif gizli imzalarla da çıxış etmişdir. Bu imzalardan ən çox tanınanı və müəlliflə assosiasiya olunanı "Hop-hop" təxəllüsüdür. 1910-cu ilin iyun ayında Səlman Mümtazın Sabirlə apardığı müsahibəsində şair "Hophop" təxəllüsünü niyə seçdiyini və bu adın mənasını belə izah etmişdir:
“Bu təxəllüsü mənə əziz dostum Məşədi Həbib vermişdir. ‘Hophop’ bir quşun adıdır. Bu quşun bu addan başqa xalq arasında bir neçə adı da vardır: Fatmabacı, Bubbu, Öp-öp və Şanəpipik (Taraqlıquş) onlardandır.”[39][40]
Ümumilikdə Sabirin jurnal səhifələrində 36 müxtəlif gizli imzadan istifadə etdiyi məlumdur. Onlardan 28-i yalnız bir şeirin altında qeyd edilmişdir. Bu müxtəlif imzalar, xüsusilə də satiraların nitqi quruluşu və üslubunun analizi baxımından mühüm əhəmiyyət kəsb edir.[41]
Sabirin istifadə etdiyi təxəllüslər təkcə forma və üslub fərqliliyi yaratmaq məqsədi daşımırdı; onlar eyni zamanda şairin tənqidi mövqeyini konkretləşdirir, satiranın hədəfini və məzmununu dərinləşdirirdi. Məsələn:
Bu imzalar və satiralar arasında mənalı bir əlaqə mövcuddur. Təxəllüslərin əksəriyyəti birbaşa satiranın məzmunundan çıxarılaraq seçilmiş, poetik obrazla müəllif mövqeyini birləşdirməyə xidmət etmişdir.[42]
“Molla Nəsrəddin” jurnalında yer alan və “Sağdan sola, soldan sağa sal boynuna heykəl” misrası ilə başlayan şeir Sabirin jurnalda çap olunmuş ilk şeiri hesab olunur. Lakin bu şeirin jurnala çatdırılması bir uşaq vasitəsilə baş tutmuşdur. Jurnal növbəti say üçün hazırlanarkən, həmin uşaq şeiri jurnalın inzibati işçisi Ömər Faiq bəyə təqdim edir və o da əsəri redaksiyaya təhvil verir. Jurnalın səkkizinci sayında imzasız şəkildə çap olunan bu şeirə “Hop-hop” imzası jurnal rəhbərliyi tərəfindən əlavə olunur. Daha sonra eyni uşaq bu dəfə “Bilməm nə görübdür bizim oğlan oxumaqdan” misrası ilə başlayan başqa bir şeiri də “Molla Nəsrəddin” redaksiyasına gətirir və onu da Ömər Faiq bəyə verir. Sözügedən şeir jurnalın on birinci sayında dərc olunur. Daha sonra bu şeirlərin müəllifinin Mirzə Ələkbər Sabir olduğu müəyyənləşdirilir və şairə müəllif qonorarı ödənilir. Hər iki şeiri jurnala çatdıran və Sabirə qonorarı təqdim edən şəxs isə Şamaxı əsilli tacir Əbdürrəhim Səmədov olmuşdur. Jurnalda yayımlanan bu şeirlər Sabirin ciddi maliyyə çətinliyi yaşadığı dövrdə ona maddi dəstək olmuşdur. Cəlil Məmmədquluzadə, Sabirin hər ay jurnala təqdim etdiyi şeirlərə görə ona təxminən 25–30 manat müəllif haqqı vermişdir. Bu məbləğ də yenə Əbdürrəhim Səmədov vasitəsilə şairə çatdırılmışdır.
Mirzə Ələkbər Sabir ədəbi yaradıcılığında geniş mövzu müxtəlifliyinə malik olan şairlərdən biri hesab olunur. O, satirik şeirlərində müxtəlif ictimai, siyasi və sosial məsələlərə toxunmuş, bu mövzuları müxtəlif üslublarla ifadə etmişdir. Sabirin poeziyasında aşağıdakı mövzu istiqamətləri diqqət çəkir:
Sabir şeirlərində təhsil və öyrətmək anlayışlarını ələ alır. Bu anlayışlar çərçivəsində gələcək nəslin necə formalaşacağından, xalqın maarifləndirilməsindən bəhs edir və valideynlərin uşaqlarının təhsilindəki rolunu şeirlərində sorğulayır.[43] Sabir təhsilin ailədən başladığını, uşağın formalaşmasına və inkişafına təsir edən əxlaqi əsasların məhz ailədə qoyulacağını bildirir. Yaxşı əxlaqi tərbiyə almayan bir uşağın bu tərbiyəni sonrakı mərhələdə qazana bilməyəcəyini, dolayısıyla nə cəmiyyətə, nə də özünə faydalı ola bilməyəcəyini “Məktəb uşaqlarına töhfə” adlı şeirində yumoristik anlayışı ilə vurğulayır.[44]
Şair, müasir səviyyədə təhsil verən məktəblərin maarifçilik fəaliyyəti göstərməsinin vacibliyini qeyd edir. Müasir təhsil verən qurumlara qarşı çıxanları, xüsusilə mollaları və uşaqlarını yeni üsullu məktəblərə göndərməyən valideynləri tənqid etməyi özünə borc bilir. Bu məktəbləri dinə qarşı çıxmaqda ittiham edənlərin mövqeyini də müxtəlif şeirlərində tənqid edir. “Tərpənmə, amandır, bala, qəflətdən ayılma” misrası ilə başlayan şeirində isə şair nadanlıq anlayışı üzərində dayanır, uşaqların təhsilinə önəm verməyən, başda atalar olmaqla, valideynləri sərt bir üslubla tənqid edir. Uşaq təhsilinə ailələrin baxış bucağını bir çox şeirində işıqlandıran şair, məktəbi “kafirlik” olaraq görən düşüncə tərzini yumoristik bir yanaşma ilə ələ alır.[45]
Milli kimlik. M.Ə.Sabirin satirik poeziyasında xalqın maddi və mənəvi iztirabları, keçdiyi ictimai və tarixi sarsıntılar bədii-poetik dillə dərindən və çoxşaxəli şəkildə ifadə olunur. Bu iztirab və ağrılar, ümumilikdə xalqın yaşadığı problemlərin fərqli təzahür formaları kimi şairin satirik yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edir. Sabir bu ağrıları sadəcə poetik obraz səviyyəsində deyil, həm də fərdi təcrübənin bir hissəsi kimi hiss etmiş, yaşamış və poeziyasına köçürmüşdür. Onun poeziyasında xalqın keçmişi və bugünkü durumu, milli kimlik məsələləri dərindən təhlil olunur.[46][47]
Sabirin “Fəxriyyə” şeiri onun satirik poeziyasında yeni mərhələ kimi çıxış edir. Burada romantik ədəbiyyatın idealizə etdiyi tarixi simalara – Xarəzmlər, Çingiz, Teymur, Şah İsmayıl, Nadir şah və digərlərinə istinad olunur. Lakin Sabir bu istinadı xalqın bugünkü vəziyyəti ilə müqayisə edərək, milli passivliyi və süstlüyü tənqid edir: “Zənn etmə ki, bu əsrdə avareyi-nanız, Əvvəl nə idiksə, yenə biz simdi-həmanız...”.[46]
“Kim nə deyər bizdə olan qeyrətə?” şeirində isə xalqın zahiri qəhrəmanlığının içi boş olduğu ironik tərzdə təqdim olunur. Sabir “iş görəcək yerdə söz əzbərləmək”, “boş söhbətə aşiq olmaq”, “yay gəlməmiş qızmaq” kimi davranış nümunələri ilə milli xarakteri satirik şəkildə təsvir edir. O, bu şeirdə xalqı yaxşı tanıdığını və ona layiq olduğu qiyməti verdiyini göstərir.[48]
“Millət şərqisi”ndə şair bu dəfə “oyanmış” milləti yatmağa çağırmaqla ironiyanı daha da gücləndirir. Xalqın guya tərəqqi etdiyi illər ərzində məzhəbləri ayırdığı, minlərlə söz dediyi, lakin nəticədə heç bir real dəyişiklik yaratmadığı fikrini vurğulayır: “Hər gündə bir cəmaət atdın qırağa, millət! İndi bir az da dincəl, baş qoy yatağa, millət!”[49][46]
Nəticə etibarilə, Sabirin satirik poeziyası xalqı təkcə güldürmək deyil, eyni zamanda düşünməyə, özünü tanımağa və dəyişməyə sövq edir. Onun əsərləri milli şüurun formalaşmasına, cəmiyyətin öz durumunu dərk etməsinə xidmət edən mühüm poetik mənbədir.[50]
Ana dilinin qorunması və ana dili məsələləri. Mirzə Ələkbər Sabirin yaradıcılığında dil məsələsi mühüm yer tutur. Şair ana dilin qorunmasına, düzgün istifadəsinə və təhsildə tətbiqinə xüsusi diqqət yetirmişdir. O, ana dilində təhsili milli şüurun formalaşması baxımından vacib hesab etmiş, ictimai məzmunlu şeirlərini sadə və anlaşıqlı dillə qələmə almışdır.[51]
“Ürəfa marşı” adlı şeirində Sabir, xalqdan uzaq düşən, özlərini seçkin zümrə kimi təqdim edən və Qərb ilə Rusiya mədəniyyətinə meyilli olan yazıçı və şairləri tənqid edir. Şair bu cür yanaşmanın türk dilinə laqeyd münasibət doğurduğunu və bəzi şəxslərin rus dilində yazmağı üstünlük kimi göstərməsini qəbul etmədiyini bildirir. Bu tənqidlərini isə satirik üslubda təqdim edir.
XX əsrin əvvəllərində rus idarəçiliyi altında olan ərazilərdə, o cümlədən Azərbaycanda dil sahəsində ciddi dəyişikliklər baş verdi. Kiril əlifbasının tətbiqi və rus dilinin tədris dili kimi önə çəkilməsi milli şüurun zəifləməsinə, gənclərin öz ana dillərində təhsil alma imkanlarının məhdudlaşmasına səbəb oldu. Bu şəraitdə bəzi ziyalılar türk dilindən istifadə etməkdə çətinlik çəkir və ya rus dilinə üstünlük verirdi. Bu hallar Sabirin əsərlərində tənqidi yanaşma ilə əks olunur.[52]
Sabir 1906-cı ildə keçirilən müəllimlər toplantısında qızların təhsili, oğlanların peşə öyrənməsi və tədris dilinin türkcə olması kimi məsələləri qabartmışdır. Bu mövzular onun bir çox şeirlərində, o cümlədən “Müəllimlərin iclası siyəzdi” misrası ilə başlanan şeirində öz əksini tapır. Həmin əsərdə Sabir təhsil, peşə, milli birlik və dil məsələlərinə toxunur.[53]
“Osmanlıcadan tərcümə türkcəyə” adlı əsərində Sabir, Osmanlı türkcəsinin türk dilinin bir qolu olduğunu vurğulayaraq, bu iki dil arasında tərcümənin zəruriliyini şübhə altına alır. O, hər iki dilin eyni əsaslara söykəndiyini bildirir və bu fikrini tənqidi, satirik üslubla izah edir.[54]
Dil mövzusu Sabirin yaradıcılığında əsas istiqamətlərdən biridir. Şair, istisna hallardan başqa, bütün əsərlərini türkcə yazmış, bu dilə və ümumilikdə ədəbiyyata verdiyi önəmi ilk şeirlərindən etibarən nümayiş etdirmişdir.[52] Onun “Bu boyda, bu boyda” adlı şeiri dilə dair baxışlarının ifadə olunduğu nümunələrdəndir.[53]
M. Ə. Sabirin ədəbi-bədii irsi əsasən 1903–1911-ci illər arasında qəzet, jurnal, məcmuə və dərsliklərdə çap olunmuşdur. Onun satirik əsərləri dövrün mətbuatında müxtəlif ləqəb və imzalarla dərc edildiyi üçün geniş oxucu kütləsi tərəfindən tanınmamışdır. Onun şeirləri yerli mətbuatda, o cümlədən müxtəlif bölgələrdə çap olunan qəzet və jurnallarda yayılmış, oxucular tərəfindən maraqla qarşılanmışdır.
Şairin əsərləri ictimai fikirdə yüksək dəyərləndirilmiş və ədəbi-ictimai fəaliyyəti tezliklə diqqət mərkəzinə düşmüşdür. Bu səbəbdən 1907-ci ildə Peterburqda nəşr olunan "Ülfət" (1905–1907) qəzeti Sabirin bəzi şeirlərini dərc etmişdir. Qəzetin redaksiyası "Ədəbiyyat aləmi" adlı xüsusi bir rubrikada Sabirin şeiri ilə rubrikaya start verərək onun haqqında belə qeyd etmişdi:
“Qafqaz zatən şair yatağıdır. Orada pək böyük şairlər yetişmişdir. Hazırda bir çox təbiəti-şeiriyyə sahibləri bulunduğu məhəlli cəridələrdə dərc edilmiş şeirlərdən görülür. Biz gərək Qafqaz, gərək Qazanda zühur edən yeni şairlərimizin əsərlərini qeyri qəzetlərdə gördükcə nəql edib “Ülfət” oxucularını dəxi ləzzətyab edək. Bu dəfə “İrşad” rəfiqimizdən “Təhəssür” isimli şeiri nəql etdik. Qazan şivəsində intixab etdiyimiz bəzi şeirləri dəxi, inşallah, iləri nüsxələrimizin “Ədəbiyyat aləmi” qismində həp nəql və dərc etmək niyyətimiz vardır.”
Sabirin bəzi şeirləri daha sonra Təbrizdə nəşr olunan "Bürhani-Tərəqqi" qəzetində (1906–1911) də çap olunmuş və onun ümumi şöhrətinin artmasına səbəb olmuşdur (21 yanvar 1911, №131).
1962-ci ildə Muxtar Dadaşov tərəfindən Mirzə Ələkbər Sabirin anadan olmasının 100 illiyinə Sabir adlı qısametrajlı sənədli film həsr edilmişdir.