Musok (kor. 무속; 巫俗) və ya Muqyo (kor. 무교; 巫敎) — Koreyada xalq dini. Xarici mənbələrdə bəzən Koreya şamanizmi (ing. Korean shamanism) adlanır.
Mu (kor. 무; 巫) adlanan rəhiblər (və ya şamanlar) ruhlar və insanlar arasında vasitəçiliklə məşğuldur. Onlar təbiət ruhlarına, yerli ruhlarına, əcdadların ruhlarına və s. ibadət edirlər.[1] Mu üçün fərqli sözlər işlənilə bilər (mudan, paksu və s.).
Koreya dilində bu din musok, muqyo və ya mu adlanır. Musok sözünü ilk dəfə işlədən Buddist folklorist İ Nın Hua (kor. 이능화;李能和) idi.[2] Baxmayaraq ki, Yapon işğalı dövründə bu söz təhqiredici idi,[3] hazırda o həm ümumiyyətlə Koreyalılar, həm də araşdırmaçılar arasında çox işlənilir.[4]
Bu dinin rəhibləri mu (kor. 무; 巫) adlanır. XIX əsrdən başlayaraq onlar ingilisdilli mənbələrində şaman, Musok dini isə Koreya şamanizmi adlanır.[5]
Musok politeist dindir.[6][7] Fövqəltəbii varlıqlar kuişin (kor. 귀신) adlanır.[8][9] Onlardan formalaşan vahid bir panteon mövcud deyil. Hər bir rəhibin (şamanın) özünəməxsus ayrı panteonu ola bilər.[10]
Bu varlıqlar arasında kaşin (kor. 가신;家神 - ev tanrıları) var. Onlar evin müxtəlif yerlərində yaşayıb, onun sakinlərinin sülhü, rifahı və uzunömürlüyü üçün məsuldur.[11] Bundan başqa, kəndlərin ənənəvi olaraq, çansın (kor. 장승) adlı taxta (bəzən isə daş) sütunları olur. Onlar kəndi şər ruhlardan qoruyan iki generalı təcəssüm edirlər.[12][13]
Musok dininin mənşələrini müəyyən etmək çətindir.[14] Bunun səbəblərindən biri odur ki, onun ənənələri şifahi şəkildə ötürülürdü.[15]
Bəzi tarixçilər iddia edir ki, Musok dininin mənşəyi Şimali Asiyanın "şamanist" ənənələrindən gəlir.[16] O, Konfutsiçiliyin (e.ə. I əsr) və Buddizmin (b.e. IV əsri) Koreyaya gəlməsindən, və Daosizmin Koreyaya təsirindən (gec Koquryo dövrü) əvvəl mövcud idi.[17] Vaxt keçdikcə, Konfutsiçiliyin, Buddizmin, Daosizmin və Xristianlığın cəhətləri Musok dininə təsir etmişdi.[18][19]
Çoson dövründə Neokonfutsiçilik dövlətin baş ideologiyası olmuşdu. O zaman Musok rəhibləri (şamanları) onların müalicəvi gücləri üçün tanınırdı. Həstəlikləri müalicə etmək bacarmadıqları zamanı isə, onlar bəzən cəzalandırılırdı. Yapon işğalı dövründə də Musok həmçinin təzyiq altında idi.[20] 1945-ci ilin avqustun 15-də Koreya yarımadası azad olub. Şimali Koreyada dövlətin təyziqi altında Musok az qala yox olub. Cənubi Koreyada da Pak Çon Hi[21][22] və ondan əvvəl Li Sın Man Musok dininə qarşı idilər. 1979-cu ildə baş verən Pak Çon Hinin qətli açıq təqibə son qoymuşdu.[23]
1970-ci illərdən başlayaraq, Musok dininin Koreyanın qədim ənənəsi olduğu haqqında fikir bir sıra təhsilli Cənubi Koreyalı tərəfindən qəbul olunmuşdu. 1962-ci ildə qəbul olunmuş Mədəni Sərvət Müdafiəsi haqqında qanun bəzi folklorşünaslar tərəfindən mudan ənənələrini qorumaq üçün işlənilirdi.[24]
Mudan sözü həm qadınlar, həm də kişilər üçün işlənilir.[25] Lakin, onların çoxu qadın olur.[26] Kişi "şamanlar" üçün paksu (kor. 박수) anlayışı var.[27]
1983-cü ildə mudan birliklərinin 43000 üzvü var idi.[28] XXI əsrin başlanğıcında Srafatinin saydığına görə, mudan sayı 200000-dən çox idi. Lakin, o həmçinin yazırdı ki, dəqiq rəqəmi müəyyən etmək çətindir.[7] 2007-ci ildə 300000 iddiası yayımlanmışdı, amma o həmçinin şübhələr yaradır.[29] Özəlliklə Seulda[30] və Cecu adasında[31] onların sayı böyük olduğu qeyd olunur.
Qeyri-koreyalı da mudan ola bilər, amma onların sayı çox azdır. Məsələn, 2007-ci ildə alman olan bir mudan haqqında sənədli film buraxılmışdı.[32]