az.-əski. قارایاز | |
![]() | |
Daxil olan dövrlər |
|
Keçirilən mərasimlər |
|
Əvvəlki dövr | Boz ay |
Sonrakı dövr | Tərçıx dövrü |
Müddəti | 21 mart-30 aprel |
Digər adları | Keçiqıran, Oğlaqqıran, Yatar-durmaz, Gedər-gəlməz, Davardoymaz |
Qeydiyyat nömrəsi | DB0204020007[1] |
Qarayaz (az.-əski. قارایاز) — Azərbaycan təqvim inanclarında yazın ilk qırx gününü əhatə edən dövr.
Yaz girdikdən sonra keçən 40 gün, yəni aprel ayının sonlarına kimi olan dövr Azərbaycan təqvim inanclarında "Qarayaz" adlandırılır. Qarayaz Boz aydan sonra gəlir və Tərçıx dövrünün başlaması ilə bitir.[2]
Qarayaz zamanı o biri ildən qalmış ərzaqlar bitir və əkin işlərinə çətin başlanılır. Qarayazın əvvəli maldarlar üçün diqqət tələb edən dövrdür. Belə bir el məsəli var: "taxçada saxla, boxçada saxla, qarayaza bir pencə saxla". Havanın dəyişkən keçməsi, günəşsiz günlərin çoxluğu, boran, tutqun hava, isti yel bu dövrün çətinliklərinə daxildir. Kəndlilər, xüsüsilə yarımköçəri maldarlıqla məşğul olan əhali üçün bu dövr asan keçmir. "Novruz günü yaz olar, 40 kötük də az olar", "Bayramdan sonra 40 kötük yanar" məsəllərinin bu dövrlə əlaqədar deyildiyi fikirləşilir. Soyuqların azalmaması, qışın geri qayıtması ehtimalı nəzərə alınaraq Qarayaz dövründə sobalar yığışdırılmır. Xüsusilə çobanlar bu dövr üçün ot ehtiyatı saxlamalıdır. Qarı və keçiləri haqqında rəvayət də otun azlığı haqqındadır.[2]
Qarayaz bir sıra Azərbaycan ellərində "keçiqıran", "oğlaqqıran", yarımköçəri maldarlar tərəfindən isə "yatar-durmaz", "gedər-gəlməz", "davardoymaz" adlanır. "Davardoymaz" adı otun az olması ilə əlaqədar olaraq mal-qaranın doya bilməməsi ilə əlaqədardır. "Yatar-durmaz" adının mənası isə kökəlməmiş mal-qaranın halsız olması, yatdığı yerdən dura bilməməsi ilə bağlıdır. Kəndlilər bu dövrdə ehtiyatlı olmalı, yaz əkini ilə, toxumların saf-çürük olmasının yoxlanması ilə məşğul olmalıdır.[2]
Qarayaz dövrü milli səviyədə qeyri-maddi mədəni irs olaraq "Mövsüm mərasimləri" kateqoriyasında qeydiyyata alınmışdır.[1]