. Love.az

Ramin Deko - Wikipedia - Love.az

Ana Səhifə - Ramin Deko

Ramin Deko (tam adı: Ramin Cəbrayılzadə; 18 fevral 1987, Liman) — azərbaycanlı müstəqil jurnalist və siyasi məhbus.

Ramin Deko
Doğum tarixi 18 fevral 1987 (38 yaş)
Doğum yeri Liman, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan
Fəaliyyəti jurnalist, siyasi məhbus
Fəaliyyət illəri 2008—

2025-ci il dekabrın 6-da "Meydan TV işi" ilə bağlı saxlanılıb və dekabrın 8-də Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun və "Meydan TV işi" üzrə həbs edilənlərin hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib. Özü ittihamları rədd edib, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.

Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır.

Mündəricat

  • 1 Həyatı
  • 2 Jurnalist fəaliyyəti
  • 3 Həbs edilməsi
  • 4 İstinadlar

Həyatı

redaktə

Ramin Cəbrayılzadə 1987-ci il fevralın 18-də Liman şəhərində anadan olub. 2004-2008-ci illərdə Azərbaycan İctimai-Siyasi Universitetində təhsil alıb.

Jurnalist fəaliyyəti

redaktə

Ramin Deko 2008-2016-cı illərdə “Azadlıq” qəzetinin müxbiri, 2016-2023-cü illərdə Azad Avropa/Azadlıq Radiosu (RFE/RL) Azərbaycan xidmətinin jurnalisti olub. 2023-cü ildən isə o, Meydan TV-də jurnalist olaraq fəaliyyətinə davam edib. Jurnalist fəaliyyəti boyu onlarla mitinq, aкsiya və nümayişləri hadisə yerindən ictimaiyyətə çatdırıb, prezident, parlament və bələdiyyə seçimləri, həmçinin referendumda qanun pozuntularını işıqlandırıb. İnsan hüquqları, sosial hüquqlarla bağlı bir çox materiallar hazırlayıb.

Jurnalist fəaliyyəti ərzində bir neçə dəfə təyziq və təhdidlərlə üzləşib. 2011-ci il aprelin 3-də naməlum şəxslər onu zorla maşına mindiriblər, telefonunu əlindən alıblar və ona “Azadlıq” qəzetində yazdığı yazılara son qoymağı məsləhət görüblər və həmin yazıların "azərbaycançılığa və dövlətçiliyə ziyan" olduğunu bildiriblər. Ramin Dekonun sözlərinə görə üç nəfər naməlum şəxs ona iqtidaryönlü “Xalq” və ya “Yeni Azərbaycan” qəzetində işləməsini məsləhət görüblər və iqtidarı tənqid edən yazılarına son qoyacağı təqdirdə ona yeni avtomobil vəd ediblər.[1] Bundan sonra o, Maştağa ərazisində sərbəst buraxılıb. Bu hadisəni ictimailəşdirməsindən bir gün sonra, aprelin 4-də axşam saat 21:00 radələrində Elmlər Akademiyası metrostansiyasının yaxınlığında 2 nəfər naməlum şəxs onu tutaraq döyməyə başlayıb, üzünə və bədəninə zərbələr endirib.

Həbs edilməsi

redaktə

Ramin Deko və daha altı nəfər 2024-cü il dekabrın 6-da Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Meydan TV-yə qarşı açılmış cinayət işi çərçivəsində həbs edilib. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ittihamları rədd edib, həbslərini peşə fəaliyyətləri ilə əlaqəndirib. Dekabrın 8-də Ramin Deko barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb. Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə ayrı-ayrılıqda qətimkanla bağlı təqdimatlara baxılıb. Təqdimatlar təmin edilib və Ramin Deko da daxil olmaqla saxlanılan şəxslərin hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Meydan TV jurnalistlərinin həbsi Amnesty International,[2] Jurnalistləri Müdafiə Komitəsi (CPJ),[3] Sərhədsiz Reportyorlar,[4] Freedom Now,[5] həmçinin yerli və beynəlxalq ictimaiyyət tərəfindən sərt tənqid edilib, jurnalistlərin azadlığa buraxılması üçün Azərbaycana çağırışlar edilib.

İstinadlar

redaktə
  1. ↑ Фаик Меджид. "В Баку избит сотрудник оппозиционной газеты "Азадлыг"". Кавказский узел (rus). 10 мая 2025. İstifadə tarixi: 10 мая 2025.
  2. ↑ Turan İnformasiya Agentliyi. "Amnesty International осудила аресты журналистов Meydan TV". www.turan.az (rus). 2024-12-04. 2024-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.12.2024.
  3. ↑ Turan İnformasiya Agentliyi. "КЗЖ осудил задержание журналистов Meydan TV". www.turan.az (rus). 2024-12-04. 2024-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.12.2024.
  4. ↑ Turan İnformasiya Agentliyi. "«Репортеры без границ» призвали освободить журналистов Meydan TV". www.turan.az (rus). 2024-12-04. 2024-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.12.2024.
  5. ↑ Turan İnformasiya Agentliyi. "Freedom Now призвала освободить сотрудников Meydan TV". www.turan.az (rus). 2024-12-04. 2024-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.12.2024.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ramin_Deko&oldid=8140109"
LOVE.AZ