Süleyman peyğəmbərlə qoca əkinçinin hekayəti və ya bilinən qısa adı ilə Süleyman və qoca Əkinçi — 1174-1175-ci illərdə böyük Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının üçüncü hekayəsidir . Hekayənin poetik tərcüməsi Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən olunmuşdur.[1]
Süleyman peyğəmbərlə qoca əkinçinin hekayəti | |
---|---|
Janr | Hekayə |
Müəllif | Nizami Gəncəvi |
Orijinal dili | Fars dili |
Yazılma ili | 1174-1175 |
Tərcümə | Süleyman Rüstəm |
Əvvəlki | Adil Nuşirəvan ilə vəzirin hekayəti |
Sonrakı | Qarı ilə Sultan Səncərin hekayəti |
Şair hekayədə maddiyyatın insan mənəviyyatından heç də yüksəkdə durmadığını bütün yaradıcılığı boyu qeyd etmiş və parlaq nümunələr əsasında bunları ümumiləşdirmişdir. Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində bu mövzuya toxunaraq bir-birindən maraqlı və ibrətamiz hekayələr əsasında bunların açıqlamasını vermişdir.[2]
Bir gün Süleyman şah səhraya gəzintiyə çıxır. Bir damcı suyun belə tapılmadığı isti və yanan səhrada əkinçiliklə məşğul olan zəif bir qoca gördü. Süleyman bu yanan və susuz səhrada necə işləyib əkinçiliklə məşğul ola biləcəyini düşünürdü. Qoca sahib olduğu kiçik tarlada buğda səpirdi ki, sonra bar verəndə onu biçsin. Süleyman bu böyük iztirabı görəndə ürəyi onun üçün yanaraq dedi: Ay qoca, bu səhrada buğdanı əkib məhv etməkdənsə, ondan bir az çörək hazırlayıb yeməliydin. Biz bol sulu əkinimizindən belə istədiyimiz məhsulu əldə etmirik. Həyatın çətinliyindən üzündə təbəssüm yaranmamış qoca gülümsəyərək Süleymana dedi: Mənə su və torpağı becərməyə ehtiyacım yoxdur. Kürəyimin təri tarlanın suyu, becərmək üçün dəmir dırnağımdır, xış is belimdir. Sadəcə öz işimi görürəm və bərəkət Allahdandır. Allaha təvəkkül edirəm, işimi tamamlayanda o, mənə hər toxum üçün yeddi yüz dən mükafat verir.[3]
"Süleyman və qoca əkinçi" hekayəsində mütərəqqi ideyaların tərənnümçüsü olan Nizami yaranmış problemi onun həlli yolu ilə birgə oxucuya təqdim edir[3]. Nizami Gəncəvinin bu hekayəsində iqtisadi motivlər digər bəşəri mövzular kimi daim diqqətdə olmuşdur. Hekayənin əsas ideyası dünyanın keşməkeşi və bəşərin iztirablarıdır. Zəhmətlə çəkilən əməyin qədri bilinər.[4]
Hekayənin əsas personajları Süleyman və qoca əkinçi hesab olunur, lakin şahın köməkçiləri kimi köməkçi obrazlar da yer alır.[5]