. Love.az

Ibn El Cezeri - Wikipedia - Love.az

Ana Səhifə - Ibn El Cezeri
Polimat olan Cəzəri ilə səhv salmayın.

Əbül-Xeyr Şəmsəddin Məhəmməd ibn Məhəmməd ibn Məhəmməd ibn Əli ibn Yusif əl-Cəzəri (ərəb. ابن الجزري‎; 1350[1][2][…], Dəməşq – 1429[1][2][…], Şiraz) — qiraət və hədis alimi.[3] İbn əl-Cəzəri adlandırılmasının səbəbi Cəzirəti-İbn Ömər (bugünkü Cizrə) məntəqəsinə nisbətlədir.[4]

İbn əl-Cəzəri
ərəb. ابن الجزري‎
Doğum tarixi 1350[1][2][…]
Doğum yeri
  • Dəməşq
Vəfat tarixi 1429[1][2][…]
Vəfat yeri
  • Şiraz, Mərkəzi bəxşi[d], Şiraz şəhristanı, Fars ostanı, İran
Elm sahəsi qiraət
Tanınmış yetirmələri Sidi Bushaqi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Bioqrafiyası
  • 2 Qiraət elimdəki yeri
  • 3 Əsərləri
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Bioqrafiyası

redaktə

Hicri 751-ci (noyabr1350) ildə Dəməşqdə anadan olub. Quranı əzbərlədikdən sonra İbn əl-Buxarinin tələbələrindən hədis dinləyib, qiraət təhsili aldı. İbnüs-Səllar Əbdülvəhhab ibn Yusifdən Əbu Amr ibn Əlanın qiraəti ilə Quranı xətm etdi. Daha sonra Həmzə ibn Həbib əz-Zəyyatın qiraəti ilə də Quranı xətm edib, ardınca Nafi ibn Əbdürrəhman və Abdullah ibn Kəsirin qiraətlərini cəmləyərək Rad surəsinin sonlarına qədər oxudu. İfrad metodu ilə Əhməd ibn İbrahim ət-Təhhan və Əhməd ibn Rəcəbdən qiraət öyrənməyə davam etmiş, ancaq bu metod uzun vaxt tələb etdiyindən bu metodu yarımçıq qoyaraq İbrahim əl-Həməvidən cəm metodu ilə yeddi qiraət təhsili almışdır. Bunlardan başqa Əbül-Məali İbnül-Ləbbandan qiraət təhsili alır. Atası ilə birlikdə həccə gedir. Sonrakı illərdə də cəm metodu ilə qiraət təhsili almağa davam edir. Əbu Abdullah Məhəmməd ibn Salrh, Əbu Bəkr İbnül-Cündi, İbnüs-Səiğ Məhəmməd ibn Əbdürrəhman ibn Əli və Əbu Məhəmməd Əbdürrəhman ibn Bağdadi, Əbu Yusif Əhməd ibn Hüseyn əl-Kəfri və başqaları onun qiraət dərsləri aldığı müəllimləridir. Şafii fəqihi Əbdürrəhman ibn Həsən əl-İsnəvidən fiqh təhsili, (1372–73) İbn Kəsirdən, (1376) Ziyəddin Sadullah əl-Qəzvinidən, (1383) Şeyxül-islam Ömər ibn Rəslan əl-Bulqinidən fətva icazəsi aldı. Təhsil almaq məqsədilə Misirə 3 dəfə səfər etdi:[5] Ziyəddin Sadullah əl-Qəzvini kimi alimlərdən üsul, məani, bəyan dərsləri aldı. İskəndəriyyədə bəzi alimlərdən hədis dinlədi. Təhsilini başa vurduqdan sonra müxtəlif yerlərdə və vəzifələrdə çalışıb, Əndəlüs, Yəmən, Hindistan və dünyanın başqa yerlərindən olan tələbələrə müəllimlik etdi. Məmlük dövlət adamları ilə arasında mübasihələr səbəbi ilə məhkəməyə verildi. Məhkəmə qərarı ilə əmlakı müsadirə olundu. Həm mühakiməni, həm də qərarı zülm adlandıran İbn əl-Cəzəri, hicri 798-ci (mart 1396) ildə əvvəl İskəndəriyyəyə, oradan da Antakiyaya qaçdı. O, burada bir müddət qalaraq qiraət dərsləri verdi. Buradan Bursaya getdi. Burada Sultan İldirım Bəyaziddən böyük rəğbət gördü. Ona maaş verildi və dərs deməsinə şərait yaradıldı. Sultanın təklifi ilə (1396) Konstantinopol yürüşündə iştirak etdi. Bu yürüşdən sonra baş tutan Niqbolu döyüşündə Sultanla birlikdə iştirak etdi. Döyüşdən sonra Bursaya gedərək "ən-Nəşr fil-qiraətil-əşr" adlı əsərini yazdı, dərs dedi. Sultanın oğlanları Mehmed, Mustafa və Musa da ona tələbəlik etdilər. İbn əl-Cəzəri 7 il sonra baş verən Ankara döyüşündə Sultanla birlikdə əsir düşdü. Əmir Teymur onun şöhrətinə bələd olduğundan onunla xoş rəftar etdi.[6] Ona Keşdəki mədrəsədə vəzifə verdi. Teymurun sağlığında Mavəraünnəhir çıxıb gedə bilməyin İbn əl-Cəzəri, onun ölümündən sonra fürsətdən istifadə edərək nəvəsi Sultan Xəlildən icazə alaraq Buxaraya gedi. Burada bir müddət dərs dedi. Buxaradan Herata, oradan Yezdə, Yezddən də İsfahana getdi. Getdiyi şəhərlərdə hədis və qiraət dərsləri verməyə davam etdi. Hicri 808-ci (mart 1406) ildə Şiraza çatdı. Burada Sultan Pir Məhəmməddən tərəfindən zorla saxlanıldı. Burada çoxlu tələbə yetişdirdi. Daha sonra sultan tərəfindən qazı təyin edildi. İbn əl-Cəzəri, ilk vaxtlar Şirazda qalmaq istəməsə də sonradan buranı mənimsədi; Dəməşqdəki kimi bir darül-quran tikdirdi.

Üçüncü dəfə həccə yollandı, lakin yolda soyğunçuların hücumuna məruz qalıb, Uneyzə məntəqəsinə sığındı. Burada "əd-Dürrə fi qiraətis-səlasətil-mütəmmimə lil-əşərə" adlı əsərini yazdı. O ildi həccə çata bilmədi. Bir müddət Yənbuda qaldıqdan sonra əvvəlcə Mədinəyə, sonra isə Məkkə getdi. Orada bir müddət yaşayıb, növbəti həcc mövsümündə həcc ziyarətini edərək Şiraza qayıtdı. Burada bir müddət dərs dedikdən sonra yedindən Mədinə, Dəməşq və Qahirə şəhərlərinə gedərək qiraət və hədis dərsləri dedi. Məkkəyə gedərək dördüncü dəfə həcc ziyarəti etdi. Ticarət üçün Yəmənə getdi. Yemen əmiri Mənsur Abdullah ibn Əhməd ər-Rəsuli onadan hədis dinlədi. Daha sonra Məkkəyə qayıdaraq hicri 828-ci (1425) ildə beşinci həcc ziyarətini etdi. Hicri 829-cu (1426) ilin əvvəllərində Qahirəyə getdi; buradan da Dəməşq və Bəsrə vasitəsilə Şiraza qayıtdı. 5 Rəbiül-əvvəl 833-cü (dekabr 1429) ildə Şirazda, Sükul-iskafiyyindəki evində vəfat etdi və özünün dikdirdiyi darül-quranda dəfn olundu.[3]

Qiraət elimdəki yeri

redaktə

Qiraət sahəsi İbn əl-Cəzərinin ən qabaqcıl olduğu sahədir. İlk vaxtlar müxtəlif sahələrdə özünü inkişaf etdirməyə çalışsa da bu sahə ilə əlaqəsini kəsməmiş, Dəməşq, Misir və Mədinədə yeddi və on qiraət ilə Əməş, Həsən əl-Bəsri və İbn Muheysin kimi alimlərin qiraətlərini fərqli müəllimlərdən təkrar-təkrar öyrənərək öz biliyini möhkəmlətmiş, qiraət vəchlərini mələkə halına salacaq miqdarda əzbərləmişdir. Qiraət öyrəndiyi müəllimlərinin sayısının 40-dan artıq olması, onun bu elmə olan həvəsinin sübutudur.[7] Müəllimlik etdiyi dövrlərdə də tədris etdiyi müxtəlif dərslər arasında qiraəti həmişə ön planda tutmuşdur. Bir neçə günlüyünə qonaq kimi getdiyi yerlərdə belə bu mövzuda onun elmindən faydalanmaq istəyən izdiham və növbələr yaranmışdır. Hətta uzaq səfərlərdə də boş vaxtlar onun elmindən istifadə edilərək dəyərləndilmişdir.[8]

Onu əvəzolunmaz edən amil, onun qiraət elminin müxtəlif sahələrində yetkin olması və çoxsaylı əsərlər yazmasıdır. Bu sahələr isnadlar, səhih qiraətlər, qiraəti-əşərə, vəqf-ibtida, qiraətlərin mütəvatirliyi, qiraət tarixi, təbəqatül-qurra, əsarül-qiraət və b. sahələrdir. Bu sahələrdə araşdırma aparmaq istəyən bir tədqiqatçı onun əsərlərindən kənarda qala bilməz. Onun özü qədər əsərlərinin də bu qədər önəmli olması, onun qiraət biliklərini müəyyən mənbələrlə məhdudlaşdırmaması, özündən əvvəlki dövrlərdə yazılmış qiraət ədəbiyyatının böyük bir hissəsinə çatması və bunları dərin elmi ilə süzərək, bir növ ələyib təhlil edərək zamanının fövqündə təqdim etməsi ilə əlaqələndirilə bilər. O, yalnız bu elmin mühüm təməl daşlarından birini formalaşdırmaqla kifayətlənməmiş, həm ölkəmizdə, həm də dünyada bu gün Qurani-Kərimin vəhy sahibi olan Allaha qədər uzanan qiraət silsilələrinin bəlkə də ən mühüm halqası olmuşdur.[9]

İsnad mövzusu yalnız hədis sahəsində deyil, həmçinin qiraət sahəsində də önəmli olduğundan, İbn əl-Cəzəri digər mövzularla yanaşı isnad mövzusunu da işləyərək "Cəmiül-əsanid" adlı bir əsər yazmışdır. Onun isnadı dini bir zərurət kimi görməsi bu mövzuda diqqətli olmasına səbəb olsa da, yalnız bununla kifayətlənməyərək, isnadını verdiyi qiraətləri ustadlarından həm yol (təriq), həm də mətn olaraq düzgün şəkildə alaraq nəql etməyi üstün tutmuşdur. Bu sayədə onun əsərləri sonrakı dövr qiraət araşdırmalarına böyük təsir göstərmişdir.[9]

İbn əl-Cəzərinin əsərlərinin qiraət sahəsinə təsirləri olduqca böyük olmuşdur. Bunlardan bəziləri "çox istifadə edilən", "əvəzolunmaz", "bu günə qədər də son dərəcə dəyərli qəbul edilən", "üzərlərində həm mənbələr, həm də məzmun baxımından araşdırmalar aparılan", "xüsusi sahə işlərinə mövzu olan" və "təhirat" adlanan və nizam-intizam mənbəyi sayılan əsərlər kimi sadalana bilər. Sonrakı dövrdə İbn əl-Cəzərinin əsərləri üzərində ciddi bir məcmuənin formalaşması və bu məcmuənin ətrafında müxtəlif məktəblərin yaranması onun bu əsərlərini daha da önəmli etmişdir.[9]

Əsərləri

redaktə

Məhəmməd Muti əl-Hafiz onun 87 əsərindən ibarət bir siyahı hazırlamışdır.[10] Əli Osman Yüksəl isə 100 kitab və risalədən ibarət başqa bir siyahı hazırlamışdır.[11] Həmin əsərlərdən bəziləri bunlardır:

  • Qiraətlə bağlı: ən-Nəşr fil-qiraətil-əşr, Tayyibətün-Nəşr fil-qiraətil-əşr, Təqribün-Nəşr fil-qiraətil-əşr (ət-Təqrib fi muxtəsərin-Nəşr) və s.
  • Hədislə bağlı: el-Hisnül-həsin min kəlami seyyidil-mürsəlin, Miftəhul-Hisnil-həsin, Uddətül-Hisnil-həsin min kəlami Seyyidil-mürsəlin və s.
  • Siyərlə bağlı: Qitə min məvlidiş-şərif, Məvlidün-nəbi və s.
  • Tarix, təbəqat və tərcümə ilə bağlı: Qayətün-Nihayə fi təbəqatil-qurru, Nihayətüd-dirəyət fi əsmai-ricalil-qiraət (Təbəqatül-qurrail-kəbir) və s.
  • Digər sahələrlə bağlı: Mənzumə fil-fələk (Berlin, Staatsbibliothek, 8159/3), Təbəqatüş-şuəra (Qahirə 1352), əl-İsabə fi ləvazimil-kitabə (Berlin) və s.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 3 4 Muḥammad ibn Muḥammad Ibn al-Jazarī // Faceted Application of Subject Terminology.
  3. ↑ 1 2 "İbnül-Cezeri". TDV İslam Ansiklopedisi. 11.06.2025 tarixində arxivləşdirilib.
  4. ↑ Prof. Dr. Qara, Ömər. İbn əl-Cəzəri: Həyatı və Əsərləri (PDF) (türk).
  5. ↑ İbn əl-Cəzəri. Cəmiul-əsanid əlyazması (ərəb). 69b.
  6. ↑ İbn Həcər. İnbəül-qumr (ərəb). V. Heydərabad → Beyrut; Məkkə. 1967-76 → 1967; 1986. 64.
  7. ↑ İbn əl-Furat. Tarix (ərəb). IX. Beyrut. 1936. 260–261.
  8. ↑ Qayətün-Nihayə (ərəb). II. Qahirə. hicri 1351. 250.
  9. ↑ 1 2 3 Özbək, Ömər. İBN ƏL-CƏZƏRİNİN QİRAƏTLƏRİN MÜTƏVATİRLİYİ MƏSƏLƏSİNƏ BAXIŞI (türk). 2018.
  10. ↑ əl-İmam Şəmsəddin İbnül-Cəzəri (ərəb). Dubay. 1994. 7–51.
  11. ↑ İbn Cəzəri və Tayyibətün-Nəşr (türk). İstanbul. 1996. 201–203.

Həmçinin bax

redaktə
  • Qiraət
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İbn_əl-Cəzəri&oldid=8174283"
LOVE.AZ