İshaq Məmmədrza oğlu Cəfərzadə (14 avqust 1895, Yelizavetpol – 5 yanvar 1982, Bakı) — Azərbaycan arxeoloqu və etnoqrafı, tarix elmləri namizədi, Azərbaycan SSR əməkdar elm xadimi (1965).
İshaq Cəfərzadə | |
---|---|
Doğum tarixi | 14 avqust 1895(1895-08-14) |
Doğum yeri | |
Vəfat tarixi | 5 yanvar 1982(1982-01-05) (86 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | arxeologiya, etnoqrafiya |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
![]() ![]() ![]() ![]() |
İshaq Məmmədrza oğlu Cəfərzadə 14 avqust 1895-ci ildə hazırkı Gəncə şəhərində anadan olmuşdur. Altı yaşında mədrəsədə təhsil almağa başlamış və burada ərəb və fars dillərini öyrənmişdir.[1] 1910–1916-cı illərdə altıillik şəhər məktəbində təhsilini başa vurduqdan sonra, 1924-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə daxil olmuş və 1927-ci ildə bu təhsilini uğurla tamamlamışdır. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq şöbəsinin etnologiya fakültəsinə daxil olmuş və 1929–1930-cu təhsil illərində təhsilini başa vurmuşdur.
İshaq Cəfərzadə elmi fəaliyyətinə 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin tarix-etnoqrafiya bölməsinin və Azərbaycan Arxeoloji Komitəsinin üzvü olaraq başlamışdır. 1926-cı ildə Azərbaycan Dövlət Muzeyində elmi əməkdaş kimi fəaliyyətə başlamış və ömrünün sonuna qədər burada çalışmışdır. O, ilk elmi araşdırmalarını Gəncə şəhərində həyata keçirmişdir. Mütəfəkkir-şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar təşkil olunan qazıntı işlərinə rəhbərlik etmişdir. Bu tədqiqatlar nəticəsində Gəncənin yeri dəqiq müəyyənləşdirilmiş, qala divarları, sənətkar məhəllələri, müxtəlif məişət tikililəri aşkar edilmiş və çoxlu sayda maddi mədəniyyət nümunələri üzə çıxarılmışdır. Şairin məzarını açmaq və nəşini gün işığına çıxarmaq şərəfinə nail olan İshaq Cəfərzadə Nizami Gəncəvinin nəşini yubiley günlərində yeni türbədə qara mərmər sənduqəyə yerləşdirmişdir. O, bu araşdırmalarının nəticələrini ümumiləşdirərək 1944-cü ildə "Gəncə tədqiqatlarına dair" əsərini namizədlik dissertasiyası kimi müdafiə etmişdir.
İshaq Cəfərzadə Azərbaycan ərazisində 70-dən çox maddi mədəniyyət abidəsinin üzə çıxarılmasına rəhbərlik etmişdir. O, Xocalı, Qızılvəng, Çovdar, Yaloylutəpə, Örənqala kimi mühüm arxeoloji ekspedisiyalarda və onlarla etnoqrafik səfərlərdə iştirak etmişdir. 1938–1940-cı illərdə Gəncə, 1939–1950-ci illərdə isə Abşeron, Səbayıl, Qobustan və digər bölgələrdə təşkil edilən arxeoloji ekspedisiyaların təşkilatçısı və rəhbəri olmuşdur. Xüsusilə, Qobustan qaya təsvirlərinin tədqiqi sahəsində ilk dəfə 1939-cu ildə dünya elminə məlumat verən şəxs olmuşdur.[1]
1945-ci ildə SSRİ EA Azərbaycan Filialının Azərbaycan Elmlər Akademiyasına çevrilməsindən sonra İshaq Cəfərzadə bu elm ocağında Tarix İnstitutunun Arxeologiya şöbəsinə rəhbərlik etmişdir. O, 5 yanvar 1982-ci ildə Bakıda vəfat etmişdir.[2][3][4]