Şinko şiki (yap. 神幸式),[1] şinko sai (yap. 神幸祭)[2][3] və ya o-vatari (yap. お渡り)[4] — Şintoizmdə festival (yap. 祭り; matsuri) zamanı, adətən, balaca səcdəgəh formasında olan və kaminin cəhətini (ruhunu) ehtiva edən xüsusi ritual obyekt (yap. 神体; şintai) ilə təşkil olunan parad.[1] Parad üçün şintai əsas səcdəgahından mikoşi (yap. 神輿) adlı portativ səcdəgaha köçürülür.[4][2] Mikoşi, kəcavə formasında olan və parad üçün xüsusi şəkildə bəzədilən bir obyektdir.[5] Paradın sonunda isə şintai yenidən əsas səcdəgahdakı əvvəlki yerinə qaytarılır.[6]
Bu cür paradlar kontekstlərinə, davranış qaydalarına, formallıq dərəcələrinə, və iştirakçıların tərkibinə görə fərqlənə bilər. Məsələn, Tokioda iştirakçıların sayı nisbətən böyük ola bilər. Oradakı paradlar daha canlı olur və daha çox spirtli içki içilir. Yudzavadakı paradlar isə daha sakit xarakter daşıyır.[1] Şinko şiki həm quruda, həm də suda təşkil oluna bilər.[4] Paradın suda təşkil olunan hissəsi funatoqyo (yap. 船渡御) adlanır.[7] Adətən, iştirakçılar xüsusi geyimlər geyinir, xüsusi ritualları tətbiq edir,[4] musiqi alətləri (məsələn, baraban) çalır,[3] mikoşi daşıyanlar onu ritmik şəkildə ləngərləyir və müəyyən sözləri tələffüz edir.[8] Bundan əlavə, iştirakçılar rəqs edə, bayraqlar və fənərlər daşıya bilər.[9]
Şintoizm ritualları bir-biri ilə qarışıq şəkildə tətbiq olunur. Buna baxmayaraq, şinko şiki üç kateqoriyaya geniş şəkildə təsnif oluna bilər:[9]
Edo dövründə (1603-1868) Sanno festivalı (yap. 山王祭; Sannō Matsuri) zamanı mikoşi ölkəni idarə edən Tokuqava şoqunlarının müşahidəsi üçün aparılırdı.[10]
İkinci Dünya müharibəsindən öncə, bu paradlarda, adətən, böyüklər iştirak edirdi. Müharibə zamanı və müharibədən sonrakı dövrdə isə paradlar icra olunmurdu. Bunun səbəbləri Yaponiyanın çətin iqtisadi vəziyyəti və əvvəl paradları təşkil edən qonşu assosiasiyaların (yap. 町内会; chōnaikai) müharibə zamanı fəaliyyətlərinə görə nüfuzlarının korlanması idi.
Bu gün isə məsələn, Niiqata prefekturasının Yudzava şəhərində böyüklər, adətən, təşkilatçı rolunu oynayır, paradları icra edənlər isə uşaqlardır. Orada müşahidə olunan 11 paraddan ancaq birində icraçılar böyüklər olub.[1]