Əhməd Şmide (alm. Hanspeter Achmed Schmiede / Hulusi Achmed Schmiede; 7 dekabr 1935, Berlin – 10 oktyabr 2010, Berlin) – ədəbiyyatşünas, türkoloq, Türkiyə və Azərbaycan ədəbiyyatının araşdırıcısı, tərcüməçi.
Əhməd Şmide | |
---|---|
![]() Soldan: Bəxtiyar Vahabzadə, Şahmar Əkbərzadə, Əhməd Şmide və Ağəddin Mənsurzadə | |
Doğum tarixi | 7 dekabr 1935(1935-12-07) |
Doğum yeri | |
Vəfat tarixi | 10 oktyabr 2010(2010-10-10) (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | tərcüməçi |
Əhməd Şmide 1935-ci ilin 7 dekabrında Almaniyanın Berlin şəhərində dünyaya gəlmişdir. 1957-ci ildə islam dinini qəbul etmiş Əhməd Şmide milliyyətcə Prussiya əsilli almandır. Əhməd Şmide Avropada islam missioneri kimi fəaliyyət göstərmiş, Münhendə müsəlman icmasına rəhbərlik etmiş, humanitar islam təşkilatları qurmuş, "Quran"ı alman dilinə çevirmişdir. Lakin onu islama bağlayan səbəb hər şeydən əvvəl türklərin müsəlman olmaları ilə bağlıdır.[1] O, gənc yaşlarından türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin tarixinə, mədəniyyətinə böyük maraq göstərmiş, ömrü boyu bu xalqın ədəbi abidələrini tədqiq etmişdir. Əhməd Şmide Azərbaycan və Almaniya ədəbi-mədəni əlaqələrinin inkişafında müstəsna rol oynamışdır. 28 dekabr 1996-cı ildə Azərbaycan ədəbiyyatı sahəsindəki səmərəli fəaliyyətinə görə o, Bakı Dövlət Universitetinin fəxri doktoru seçilmişdir. Əhməd Şmide 10 oktyabr 2010-cu ildə Berlində vəfat etmiş, Köln şəhərinin Vestfriedhof məzarlığında dəfn olunmuşdur.[2]
Əhməd Şmide uzun illər Azərbaycan ədəbiyyatının incilərini, şifahi xalq ədəbiyyatı nümunələrini alman dilinə tərcümə etmiş, həmçinin bu ölkənin mədəniyyətini Almaniyada təbliğ etmişdir. O, 1975-ci ildə Qərbi Berlində Azərbaycan nağıllarından ibarət "Der Hahn und der Padischah" ("Xoruz və Padşah"), yenə də Azərbaycan-türk nağılları toplusu olan "Die Versteinerte Stadt" ("Daşa dönmüş şəhər"), 2010-cu ildə "Unser Hodscha Nasreddin" ("Bizim Xoca Nəsrəddin") adlı kitabları almancaya çevirərək nəşr etdirmişdir. Bu tərcümələr arasında ən mühümü təbii ki, "Kitabi-Dədə Qorqud"dur və Əhməd Şmidenin Bakı Dövlət Universitenin fəxri doktoru seçilməsi də əsasən, Dədə Qorqudun kitabı ilə ilgili olmuşdur.
"Kitabi-Dədə Qorqud"un tərcüməsini 1995-ci ildə Almaniyada "Dede Korkud's Buch" adı ilə nəşr etdirən Əhməd Şmideyə görə "Dədə Qorqud real bir varlıqdır". Dədə Qorqudun epos qəhrəmanı kimi yalnız təxəyyül məhsulu deyil, real varlıq olduğunu irəli sürməklə, Avropada bu fikri yayğınlaşdırmaqla Əhməd Şmide Oğuz türklərinə, Azərbaycan ədəbiyyatına dərin sevgisini ifadə etmişdir.[3]
O, həmçinin Molla Pənah Vaqif barədə geniş araşdırmanın müəllifidir. Çağdaş Azərbaycan ədəbiyyatına da biganə qalmamışdır. Bəxtiyar Vahabzadənin Almaniya və Türkiyədə daha geniş ölçüdə tanınmasının səbəbkarı Şmide olmuşdur. 1975-ci ildə Vahabzadənin Almaniyada "Ich bin ein Sohn Aserbaidschans…" ("Azərbaycan oğluyam"), yenə Berlində, bu dəfə türk dilində "Açılan sabahlara selam!", 1990-cı ildə "Aus Karabag die Melodie…" ("Musiqim Qarabağdır"), 1993-cü ildə "Ürəkdədir sözün kökü" kitablarını alman və türk oxucularına təqdim etmişdir. Əhməd Şmidenin "Açılan sabahlara selam" kitabına yazdığı ön söz, Bəxtiyar Vahabzadə barədə bu günə qədər yazılmış məqalələr içərisində önəmli yer tutur.
"Zülmətdə vətən duyğuları" adlı müasir Azərbaycan şeiri antologiyası onun tərtibi, tərcüməsi ilə nəşr olunmuşdur. Hələ 1985-ci ildə Sabir Azərinin "Duman çəkilir" povestini alman dilinə tərcümə edərək Berlində çap etdirmiş, həmçinin Türkiyədə nəşr olunan "İslam Ansiklopedisi" üçün Azərbaycanla bağlı bir çox maddələri qələmə almışdır.[4]
"Kitabi-Dədə Qorqud"un ön sözündə Əhməd Şmide tərcümə etdiyi abidənin dəyərini bu sözlərlə səciyyələndirirdi: "İstər Türkiyədə, istərsə də Oğuzların əsas yaşayış və fəaliyyət sahəsi olan Azərbaycandan, hətta Orta Asyadan gələn türklərin qalabalıq sayda aramızda yaşadıqları bir zamanda, bu gün də türk təməl fikir və davranış örnəklərini açması dolayısıyla türk düşüncə aləminin açarını təşkil etməsi səbəbilə "Dədə Qorqud" kitabı çox böyük əhəmiyyət kəsb edir… Dədə Qorqud real bir varlıqdır: İslamlaşma mərhələsində oğuzların həyat tərzı, türklərin bir millət olaraq xarakterini elə əsaslı olaraq biçimləndirmişdir ki, Dədə Qorqud və Qalın Oğuz Bəyləri aramızda yaşayan türklərin çağdaşı kimi qarşımıza çıxmaqdadırlar". Əhməd Şmide etiraf edirdi: "Mənə elə gəlir ki, "Dədə Qorqud" kitabının bu tərcüməsi, indiyə qədər çevirmiş olduğum ədəbi əsərlər arasındakı əhəmiyyəti baxımından, mütərcim olaraq məslək həyatımın zirvəsini təşkil edir. Buna cəsarət etməkdəki qayəm, türk dostlarıma qarşı bəsləməkdə olduğum minnət borcumun kiçik bir qismini ödəməkdir".
Əhməd Şmide dəmir pərdənin mövcud olduğy dönəmdə Türkiyədə də Azərbaycan ədəbiyyatını təbliğ etmiş, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin şeirlərini Türkiyə türkcəsində çapa hazırlamışdır. Onun bəzi araşdırmaları Azərbaycan mətbuatında yayınlanmışdır.
Əhməd Şmide ömrünün son illərində Qarabağ həqiqətlərinin alman ictimaiyyətinə çatdırılmasında böyük işlər görmüş, Ermənistanın torpaq iddialarına, işğalçılıq siyasətinə qarşı kəsərli cavablar vermişdir. Görkəmli alim Şərq əlyazmaları kitabxanalarından birində tapdığı "Oğuznamə" adlı yazılı abidənin surətini əldə edərək Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna göndərmiş, əsər Bakıda nəşr edilmişdir.